Hantavirusla bağlı qorxulu proqnoz: İllərlə evdən çıxa bilməyəcəyik?


Hantavirusla bağlı yaşanan narahatlıqlar dünyanı əməlli-başlı təşvişə salıb.

Təşvinin artmasına səbəb olan amillərdən biri də Türkiyəli professor Dr. Oytun Erbaş virusun Covid-19-dan daha ağır nəticələrə səbəb ola biləcəyilə bağlı səsləndirdiyi iddiadır.

Erbaş hantavirusun bəşəriyyət tarixinin gedişatını dəyişdirə biləcəyini deyib. Onun fikrincə, bu, bütün dünyaya təsir edə biləcək ciddi bir virusdur.

Hətta türkiyəli professor düşünür ki, “Covid”in ölümcüllüyünü hantavirusla müqayisə etmək belə mümkün deyil:

“Bütün fond bazarları dağılacaq. Hər kəs illərlə evindən çıxa bilməyəcək. Bir çox şey bitə bilər. Bir gündə rəqəmsal dünyaya keçə bilərik”.

Tibb elmləri doktoru Adil Qeybulla Bakupost.az-a bildirib ki, indilikdə sözügedən təhlükə yoxdur, amma nə vaxtasa proqnozlaşdırılır:

“Hantavirus əsasən heyvanlarda parazitlik edən və təbii rezervuar kimi gəmiricilər, xüsusən də siçanların hüceyrələrində kök salan bir virusdur. Amma kruiz gəmisində baş verən sonuncu hadisə göstərdi ki, bu ştam insandan insana da transfer edir. Yaxın təmaslarda insandan insana keçməsi realdır. Bu isə daha təhlükəli haldır. Dünya səhiyyə təşkilatının həyəcan təbili də məhz bununla bağlıdır”.

Həkim hesab edir ki, gələcəkdə hantavirusun hava damçısı ilə yayılan ştamları da meydana çıxa bilər:

“Bu ştamlar insanda ağır xəstəliklər, böyrək çatışmazlığı, qızdırma yaradır. Hantavirusun 70 faizə qədər ölüm göstəricisi var. Alimlər də bunu nəzərə alaraq hesab edirlər ki, virus yeni xassə əldə edərsə, tezliklə böyük epidemiya və kütləvi qırğınlara gətirib çıxaracaq”.


MANŞET XƏBƏRLƏRİ