Ermənistanla sərhəd necə delimitasiya olunacaq? - Təfərrüat ortaya çıxdı


Aprelin 29-da İrəvanın Aqveran qəsəsbəsində keçirilən görüşdə Ermənistan və Azərbaycanın delimitasiya komissiyaları delimitasiya işlərinin aparılması prosedurlarına dair 3 layihə qaydasının mətnlərini razılaşdırıb.

Turkustan.az hetq.am-a istinadla xəbər verir ki, tərəflər bu qaydaları təsdiq üçün öz hökumətlərinə təqdim etmək barədə razılığa gəliblər. Ermənistan və Azərbaycan hökumətləri onları müvafiq qərarlar vasitəsilə təsdiqləməlidirlər.

Tərəflərin razılaşdırdığı qaydalara əsasən, ekspert delimitasiya qrupları yaradılacaq. Yaxın gələcəkdə yaradılacaq ekspert qrupları komissiyalara hesabat verəcək.

Onlar bütün müvafiq kartoqrafik sənədlərlə yanaşı, bütün tənzimləyici və digər hüquqi qüvvəyə malik sənədlərlə də işləyəcəklər. Bu, xəritələrin və hüquqi qüvvəyə malik sənədlərin istifadəsinə heç bir məhdudiyyət qoyulmadığını göstərir.

Qruplar həm də məsafədən zondlama məlumatlarını (sərhəd xəttinin peyk görüntüləri) və/və ya PUA-lardan hava fotoqrafiyasını əldə etmək və emal etmək üçün texniki işlər görəcəklər. Bundan əlavə, delimitasiya dövründə vahid geodeziya bazası (dövlət sirri təşkil edən məlumatları ehtiva etməyən) yaradılmalı, bütün sərhədin çəkilişi, sərhəd xəttinin razılaşdırılması, razılaşdırılmış sərhəd xəttini əks etdirən delimitasiya xəritəsinin layihəsinin hazırlanması, dövlət sərhədinin təsviri və s. daxil olmaqla topoqrafik və geodeziya işləri başa çatdırılmalıdır.

Delimitasiya xəritəsində razılaşdırılmış sərhəd xətti bütöv qırmızı xətt kimi göstəriləcək. Xəritə sərhədin bütün uzunluğunu və hər tərəfində 3 kilometr enində ərazi zolağını əhatə etməlidir.

Bütün xəritə vərəqləri albom formatında təqdim olunacaq. Vərəqlərin nömrələnməsi Ermənistan-Azərbaycan sərhədinin şimal hissəsindən başlayaraq qərbdən şərqə doğru hərəkət edəcək.

Delimitasiya xəritə albomu hər biri erməni, Azərbaycan və rus dillərində iki nüsxədə tərtib ediləcək. Bütün Ermənistan-Azərbaycan dövlət sərhədinin protokol təsviri də oxşar şəkildə hazırlanacaq. Bu sənəd və xəritə albomu Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədi müqaviləsinə əlavə olunacaq.

Delimitasiya xəritəsi dövlət sərhəd xəttini təsvir edən və ekspert delimitasiya işləri üçün əsas rolunu oynayan 1:25.000 miqyaslı işçi xəritəyə əsaslanacaq. Komissiyalar arasında razılığa əsasən, zəruri hallarda ayrı-ayrı sərhəd hissələri

üçün daha böyük miqyaslı işçi xəritələr yaradıla bilər. İşçi xəritə ArcGIS və Panorama proqram paketlərindən və ya komissiyalar tərəfindən təsdiq edilmiş digər proqram təminatından istifadə etməklə yaradılacaq./“Yeni Sabah”


MANŞET XƏBƏRLƏRİ