Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”


Altı illik fasilədən sonra Bakı-Tiflis dəmir yolu xətti yenidən fəaliyyətə başlayır. Xəbər verildiyi kimi, mayın 26-da ilk səfərin başlanacağı gözlənilir. Yeni qərara əsasən, qatar reysləri hər gün həyata keçiriləcək. Yəni Bakıdan Tiflisə və əks istiqamətdə gündəlik qatarlar hərəkət edəcək.

Maraqlıdır, qatarın işə düşməsi ilə eyni istiqamətə aviabiletlər ucuzlaşa bilərmi? Daha hansı təsirlər gözlənilir? Ticarətin, turizmin canlanması və s. Başqa yandan, bu qərar Bakı-Moskva sərnişin qatarının da işə düşməsini aktuallaşdırır. Ancaq fərq ondadır ki, şimal qonşumuz müharibə şəraitindədir. Hazırda Ukrayna Rusiyanın dərinliklərinə PUA zərbələri endirir. Bununla belə, mütəxəssislər hesab edir ki, əgər Bakıdan Moskvaya təyyarə reysləri varsa, qatarların fəaliyyəti də mümkündür. Həmçinin, Bakı-Astara sərnişin qatarı da işləmir.

Bəs mərhələli şəkildə bu açılımların olması gözləniləndirmi, yoxsa Tiflis istisna istiqamətdir?

İqtisadçı Natiq Cəfərli Musavat.com-a açıqlamasında bildirib ki, Bakı-Tiflis reysinin açılması çoxdan gözlənilirdi və Azərbaycanın beynəlxalq reysləri yenidən açmasının ilk addımlarından biri kimi qiymətləndirilir. “Mən ümid edirəm ki, bunun davamı da gələcək. Gürcüstanla münasibətlər Azərbaycan üçün çox önəmlidir. Çünki bizim həm enerji layihələrimiz, həm logistika imkanlarımız Gürcüstan üzərindən qurulub və bu istiqamətdə kifayət qədər geniş əməkdaşlıq mövcuddur. Bundan başqa, Gürcüstan Azərbaycanla birlikdə yeni logistika və turizm mərkəzinə çevrilmək istəyir. Azərbaycanın atdığı addımlar da buna imkan yaradır. Bu yolun açılması və gələcəkdə Azərbaycandan keçərək Gürcüstana, oradan isə Türkiyəyə sərnişin daşımalarının başlaması ehtimalı böyükdür. Çox güman ki, bu proses artıq bu il ərzində aktiv mərhələyə keçəcək”.

Ekspertə görə, bu cür dəyişikliklər turizm üçün çox yaxşı xəbərdir: “Hətta gələcəkdə Orta Asiya respublikalarının da bu marşruta qoşulması mümkündür. Bu baxımdan həm turizmin, həm də iqtisadi münasibətlərin inkişafına ciddi müsbət təsir göstərə biləcək addımdır. Bu qərardan sonra Azərbaycanla Gürcüstan arasında turizm dövriyyəsinin nəzərəçarpacaq dərəcədə artacağını müşahidə edə bilərik”.

İqtisadçının sözlərinə görə, Gürcüstana tələbat yüksək olduğuna və əsas alternativin hava nəqliyyatı olduğuna görə hava yolu ilə gediş qiymətləri kifayət qədər bahadır:

“İnsanlar da buna müəyyən mənada məcbur qalırdı. Dəmir yolunun açılması isə ən azı yaxın dövrdə aviabiletlərin qiymətində hiss olunacaq ucuzlaşmaya səbəb ola bilər”.

Natiq Cəfərli bu il ərzində Bakı-Moskva reysinin açılmasının da mümkün olacağını güman edir:

“Rusiyaya gediş-gəlişlə bağlı müəyyən yumşalmaların şahidi ola bilərik. Addımlar yavaş-yavaş atılacaq. Azərbaycan dövləti hansı istiqamətdə təhlükəsizlik riskinin daha az olduğunu və hansı marşrutun daha prioritet sayıldığını nəzərə alaraq qərarlar qəbul edə bilər. Məncə, bu il ərzində müəyyən açılış qərarları mümkündür. Çünki Rusiya ilə quru əlaqələrinin bağlı qalması təkcə iqtisadi və sosial məsələ deyil, həm də imic məsələsidir. Xarici investor üçün də sual yarana bilər ki, əgər sərhədlər bağlıdırsa, burada hansı risklər və təhlükələr mövcuddur?

Bunu ona görə deyirəm ki, Azərbaycan hökuməti dəfələrlə bəyan edib ki, əsas prioritetlərdən biri xarici investisiyaların cəlb olunmasıdır. Ölkədə keçirilən beynəlxalq tədbirlər də bu məqsədə xidmət edir. Məsələn, Şəhərsalma Forumunun Bakıda keçirilməsi Azərbaycanın tanıdılması və investisiya mühitinin yaxşılaşdırılması baxımından mühüm addımdır. Bu baxımdan düşünürəm ki, hökumətin ümumi yanaşması sərhədlərin mərhələli şəkildə açılması istiqamətində olacaq. Bu kontekstdə Bakı-Moskva qatarının və ümumiyyətlə, Azərbaycan-Rusiya arasında dəmir yolu əlaqələrinin bərpası da mümkün görünür.

Amma burada bir məqam var. Təyyarə ilə müqayisədə qatarın hərəkəti daha ləngdir. Məsələn, hava hücumu təhlükəsi yaranarsa, təyyarənin marşrutunu dəyişmək və ya geri qaytarmaq mümkündür. Qatar isə uzun müddət Rusiya ərazisində hərəkətdə olur və təhlükəsizlik baxımından onu qorumaq daha çətindir. Digər tərəfdən, Rusiya-Ukrayna müharibəsi ilə bağlı atəşkəs danışıqları da gedir. Əgər bu istiqamətdə müəyyən irəliləyiş olsa, o zaman Azərbaycan-Rusiya sərhədinin açılması və dəmir yolu əlaqələrinin bərpası ilə bağlı qərarlar daha sürətli qəbul edilə bilər”.


MANŞET XƏBƏRLƏRİ