ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə bağlı diqqətçəkən açıqlama verib.
Turkustan.az xəbər verir ki, Tramp jurnalistlərə bildirib ki, “Netanyahu mənim istədiyim hər şeyi edəcək”.
Tramp Konnektikut ştatında Sahil Mühafizəsi Akademiyasının məzun buraxılışı mərasimində iştirak etdikdən sonra hava limanında jurnalistlərin suallarını cavablandırıb. Söhbət zamanı əsas müzakirə mövzusu İran və bölgədəki gərginlik olub.
ABŞ prezidenti Vaşinqtonun İran məsələsində “çox güclü mövqedə” olduğunu iddia edərək, Tehran rəhbərliyinin hərbi və siyasi imkanlarının böyük hissəsinin zərər gördüyünü bildirib. Bununla yanaşı, Tramp hazırkı atəşkəsin nə qədər davam edəcəyi ilə bağlı konkret fikir səsləndirməyib.
İsrailin İrana mümkün yeni hücumlarının vaxtı barədə suala cavab verən Tramp, Netanyahuya işarə edərək deyib: “O, mənim istədiyim hər şeyi edəcək”.
Tramp həmçinin Hörmüz boğazının açılmasının vacibliyini vurğulayıb və əlavə edib: “Boğaz dərhal açılmalıdır. Mən tələsmirəm, amma daha az insanın həyatını itirməsini istəyirəm”.
Aytən Yaşar/ Turkustan.az