ABŞ dövlət katibi Marko Rubio bildirib ki, prezident Donald Tramp Vaşinqton və Havana arasında yeni münasibətlər qurulmasını təklif edib.
Turkustan.az xəbər verir ki, Rubio Kubanın Müstəqillik Günü münasibətilə yayımladığı videomüraciətdə ada ölkəsindəki ağır sosial-iqtisadi vəziyyətə görə Havana rəhbərliyini günahlandırıb və “yeni Kuba”nın mümkün olduğunu söyləyib.
Axios-un məlumatına görə, ABŞ dövlət katibi hər il 20 mayda qeyd olunan Kubanın Müstəqillik Günü münasibətilə ispan dilində müraciət yayımlayıb. O, çıxışında Kuba xalqını təbrik etməklə yanaşı, ölkədə yaşanan problemlərin səbəbinin hökumətin siyasəti olduğunu iddia edib.
Rubio bildirib ki, elektrik enerjisi, yanacaq və ərzaq çatışmazlığının əsas səbəbi ölkəni idarə edən şəxslərin dövlət vəsaitlərini mənimsəməsidir. Onun sözlərinə görə, “milyardlarla dollar xalqın rifahına deyil, hakimiyyətin maraqlarına sərf olunub”.
ABŞ dövlət katibi çıxışında həmçinin Vaşinqtonun Kuba xalqı ilə daha fərqli və yeni münasibətlər qurmağa hazır olduğu mesajını verib.
Aytən Yaşar/ Turkustan.az