Yardımlını digər rayonlarla birləşdirən strateji əhəmiyyətli yolda baş verən torpaq sürüşməsinin yaratdığı təhlükəli vəziyyət illərdir davam edir.
Turkustan.az-ın Bakupost.az-a istinadən məlumatına görə, Masallı-Yardımlı yolunun 52-ci kilometrliyində qeydə alınan sürüşmə nəticəsində yolun bir hərəkət zolağının təxminən 55 metrlik hissəsi yararsız vəziyyətə düşüb. Ərazidəki istinad divarları və piyada səkiləri də tamamilə dağılıb.
Məsələni yenidən gündəmə gətirən rayon sakini, şair İqbal Nəhmət deyir ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticəsi olmayıb. Onun sözlərinə görə, 3 il ərzində nə yerli icra hakimiyyəti, nə də əlaqədar qurumlar tərəfindən yolun bərpası istiqamətində bir iş görülüb:
“Cənnətin içində cəhənnəmi yaşayan qəhrəman camaatım! 3 il öncə burada çəkiliş edib paylaşmışdım. Hörmətli deputatımız Musa Qasımlıya, icra başçısı Ayaz Əsgərova və onun müavinlərinə buradan səslənmişdim ki, əzizlərim, nə qədər böyük məsələdir bu problemi aradan qaldırmaq?
Buradan keçən maşınlardan biri dumana düşsə, idarəetməni itirsə, yuvarlanıb çayın içinə düşəcək. Hətta aşağıda evlər də var. Bu adamlar gözləyirlər ki, bir qəza baş versin, ondan sonra işə başlasınlar. Halbuki burada istinad divarı hörülüb betonlansa, problem aradan qalxar.
Yardımlı İcra Hakimiyyəti, danışanda deyirsiniz, İqbal sərt danışır. İqbal düz deyir. Mənim rayonum bərbad vəziyyətdə qalıb, rayonumu xaraba qoymusuz. Bir dənə qurum işləmir, deputatımız da Bakıda öz işi ilə məşğuldur, icra qurumları da fəaliyyət göstərmir. Axı bu problemi aradan qaldırmaq nə qədər çətin işdir?”.
İqbal Nəhmət həmçinin ölkə başçısına müraciət edərək problemin nəzarətə götürülməsini xahiş edib:
“Cənab Prezidentə də səslənirəm, biz hər zaman sizin siyasətinizi dəstəkləyirik, amma mənim rayonumu bərbad vəziyyətə salıblar. Yardımlı camaatına kömək edin, belə olmaz. Gözəl cənnət məkanda biz cəhənnəm şəraitində yaşayırıq. İş yoxdur, qaz çəkilişi yoxdur. İşıq dirəklərinin çoxu yararsız vəziyyətdədir. Yayda içməli su tapılmır. İşsizlikdən camaatın çoxu Bakıya, Sumqayıta köçüb, rayon boşalıb.
İstərdim ki, rayonumuzun deputatı Musa müəllim öz cibinin pulu ilə gəlib bu ərazini bərpa etsin, lent kəssin. Yardımlılıq bu deməkdir”.
Sosial şəbəkələrdə yayılan paylaşımda digər rayon sakinləri də mövcud vəziyyətlə bağlı tənqidi fikirlər səsləndiriblər.
Kazım Sədi yazır: “2 gün sonra Ayaz Əsgərovun Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmasının 10 ili tamam olur, Musa Qasımlı isə 12 ildir Yardımlı rayonunun kağız üzərində "deputatıdır". Faktiki olaraq rayonumuz üçün heç bir fəaliyyəti yoxdur, sadəcə şəkil çəkdirmək üçün məktəbləri gəzir, şablon qəbullar, öyrədilmiş şəxslərlə görüşlər keçirir, sıravi heç bir vətəndaşı qəbul etmir, müraciətlərə baxmır, amma 70 yaşı olsa da, onu tənqid edənləri sosial şəbəkə hesablarında bloklamağı yaxşı bacarır. Cənabların birgə 10 illik "fəaliyyəti" nəticəsində Yardımlı rayonu bərbad hala düşüb. Təkcə onlar günahkardır? - Xeyr, əlbəttə. Onların əlaltıları, Musa Qasımlı üçün səs toplayan Ağsaqqallar Şurası, hər nə olsa əl çalmağı özlərinə peşə bilən yaltaqlar, susan (susdurulan) ictimaiyyət, işi-gücü ancaq trolluq olan "ziyalıların" da bu uğurda müstəsna xidmətləri var”.
Himayər Mahmudov isə bildirib ki, bir il əvvəl İTV ərazidə çəkiliş aparsa da, vəziyyətdə dəyişiklik olmayıb: “Adlarını sadaladığınız qurum rəhbərləri həm kar, həm də kordur, yoxsa bu yol çoxdan düzələrdi!”
Xanımana Zamanova isə qeyd edib: “Yardımlıya yardım gərəkdir! Ay Musa bəy! 12 ildir oturmusan Milli Məclisdə! Bu illər ərzində Yardımlıya 12 qram yardımın dəyibmi? Deyəsən hələ öz əyri-əskiyini düzəltməkdən başın açılmayıb!
Sənin həyat prinsipin ümumiyyətlə nədən ibarətdir? Əziyyət çəkmədən Milli Məclisdə oturub mürgüləməkmi, yoxsa Yardımlını bərbad vəziyyətə qoyub məhv etməkmi?”.