Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncam və həmin sənədə uyğun olaraq il ərzində keçirilən silsilə tədbirlər Türk dünyasının ortaq elmi-mədəni yaddaşının yenidən aktuallaşdırılması, türkologiyanın inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və ümumtürk inteqrasiyasının strateji əsaslarının daha da möhkəmləndirilməsi baxımından mühüm tarixi əhəmiyyət daşıyır.
Dövlət başçısının 22 oktyabr 2025-ci il tarixli müvafiq Sərəncamına əsasən həyata keçirilən tədbirlər silsiləsi çərçivəsində Mingəçevir Dövlət Universitetində təşkil etdiyimiz “Dil, Təhsil və Tədqiqat Sahəsində Müasir Problemlər” mövzusunda Beynəlxalq Elmi Konfrans universitetimizin professor-müəllim heyətinin yaddaşında dərin və unudulmaz izlər buraxdı.
Ölkəmizin elmi-mədəni və ictimai mühitində zəngin erudisiyası, yüksək peşəkarlığı, zəhmətkeşliyi, təvazökarlığı, səmimiyyəti və sadəliyi ilə seçilən Respublikanın Əməkdar müəllimi, professor Mahirə xanım Hüseynovanın məsafələrin uzaqlığına rəğmən dəvətimizi qəbul edərək konfransımızda fəxri qonaq qismində iştirak etməsi universitet kollektivində böyük sevinc və qürur hissi doğurdu.
Müəllifi olduğu otuzdan artıq elmi kitab, dörd yüzdən çox elmi məqalə, on altı şeir kitabı, ondan çox dərslik və metodik vəsait, ali məktəblər üçün hazırladığı seçmə fənn proqramları Mahirə xanımı müasir Azərbaycan dilçiliyinin görkəmli nümayəndələrindən biri kimi tanıdıb. Onun çoxsaylı elmi araşdırmalarda əksini tapan nəzəri görüşləri Azərbaycan dilçilik elmində və türkologiya sahəsində çalışan yüzlərlə tədqiqatçı üçün etibarlı istinad mənbəyinə çevrilib.
Universitet kitabxanamızın yenidən qurulduğu bir dövrdə Mahirə xanımın öz müəllifi olduğu kitabları universitetimizə hədiyyə etməsi isə kollektivimiz tərəfindən xüsusi minnətdarlıq və yüksək mənəvi dəyər nümunəsi kimi qarşılandı.
Mahirə xanımın konfransımızdakı çıxışı, dərin məzmunlu fikirləri, son dərəcə sadə və səmimi davranışı, tələbələrə Ana nəvazişi ilə yanaşması uzun illər onların yaddaşında yaşayacaq ən qiymətli xatirələrdən birinə çevrildi. Çünki bəzi insanlarin missiyası auditoriyalara sadəcə bilik verməklə məhdudlaşmır, onlar hər kəlməsi ilə qəlblərə işıq salırlar... Mahirə xanım kimi...
Həqiqi ziyalıya məxsus olan sadəlik və təvazökarlıq Mahirə müəllimənin həyat və yaradıcılıq fəlsəfəsinin əsas cizgilərindən biridir. Hər bir alimin fəaliyyəti yalnız intellektual potensialı və zəhmətkeşliyi ilə deyil, həm də öz peşəsinə olan sevgisi və mənəvi bağlılığı ilə tamamlandıqda daha məhsuldar və daha uzunömürlü olur. Bu mənada Mahirə xanımın yaradıcılığında intellektual düşüncə, ictimai məsuliyyət, milli təfəkkür, zəhmətkeşlik və peşəsinə sədaqət harmonik şəkildə bir-birini tamamlayır. Bütün bunlar onun simasında fədakar müəllim və yorulmaz tədqiqatçı alim obrazını formalaşdırır.
Professor Mahirə Nağıqızının elmi fəaliyyətinin mühüm istiqamətlərindən birini Qərbi Azərbaycanla bağlı araşdırmalar təşkil edir. Təsadüfi deyil ki, Mahirə xanım həm də Qərbi Azərbaycan İcmasının fəal üzvlərindən biri kimi səmərəli fəaliyyət göstərir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində “Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi”nin yaradılması da onun yorulmaz əməyinin nəticələrindəndir.
Professor Mahirə Hüseynovanın “XX əsrdə Dərələyəzdə urbisid və etnosid aktları” və “Qərbi Azərbaycan paleotoponimlərinin linqvistik-etimoloji təhlili” monoqrafiyaları tariximiz və milli yaddaşımız üçün müstəsna əhəmiyyət kəsb edən fundamental tədqiqat əsərləridir. Bu araşdırmalarda Qərbi Azərbaycan ərazisində mövcud olmuş yaşayış məntəqələrinin adları, onların tarixi-etimoloji əsasları, leksik-semantik xüsusiyyətləri və yayılma arealları elmi əsaslarla təhlil olunur.
Mahirə xanımın müqayisəli təhlil metodologiyasına üstünlük verməsi, yeri gəldikcə ən qədim elmi qaynaqlarımızdan biri olan Mahmud Kaşğarinin “Divanü-lüğat-it-türk” əsərinə müraciət etməsi onun yalnız yüksək elmi səriştəsindən deyil, həm də milli düşüncəsindən və türk dünyasına bağlılığından xəbər verir.
Alimin “Ümumtürk dillərinin dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası” monoqrafiyası isə türk xalqları arasında ortaq dil və informasiya məkanının aktuallığını ortaya qoyan fundamental elmi əsərlərdən biridir. Bu tədqiqatda türk, qaqauz, qazax, qırğız, qaraqalpaq, Altay, tatar və uyğur dillərinin dialekt və şivələri müqayisəli şəkildə araşdırılır, qədim türk protodil qatlarının rekonstruksiyası istiqamətində mühüm elmi nəticələr əldə olunur.
Mahmud Kaşğaridən başlayaraq çağdaş Azərbaycan dilçiliyinə qədər geniş bir tarixi dövrü əhatə edən araşdırmalarında Mahirə xanımın problemə yalnız nəzəri deyil, həm də metodiki istiqamətdən yanaşması onun peşəkar tədqiqatçı olmaqla yanaşı, yüksək pedaqoji düşüncəyə malik müəllim olduğunu da göstərir.
Mahirə xanımı fərqləndirən mühüm xüsusiyyətlərdən biri də onun yaradıcılıq enerjisinin yalnız elmi fəaliyyətlə məhdudlaşmamasıdır. Milli təəssübkeşlik, vətən sevgisi, ata yurdu nisgili və zəngin bədii təxəyyül onu poeziya və publisistika müstəvisində də uğurlu yaradıcılığa aparıb.
Onun bədii yaradıcılığı sadəliyi və səmimiyyəti ilə yanaşı, vətənə məhəbbət duyğusunun yüksək mənəvi əzəməti ilə seçilir. Milli-mənəvi dəyərlərə bağlılıq, vətənpərvərlik, insansevərlik, Ana Vətənin təbiətinə vurğunluq və Vətən oğullarının qəhrəmanlığına ehtiram onun yaradıcılığının əsas ideya xəttini təşkil edir.
“Mənim anam”, “Su at dalımca, Ana”, “Ana sevgisindən doğan nəğmələr”, “Yaşadacaq anam məni”, “Ömrün çıraqdır sənin”, “Analı dünyam”, “Haqqa çağıran səs” kitablarını oxuduqca Ana və Vətən anlayışlarının onun yaradıcılığında mənəvi bütövlüyə çevrildiyini aydın şəkildə görürük.
Görkəmli elm xadimi kimi Mahirə xanımın çoxşaxəli fəaliyyəti dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. Onun müxtəlif beynəlxalq təşkilatlar və xarici ölkələr tərəfindən fəxri adlara, orden və medallara layiq görülməsi, beynəlxalq mükafatlarla təltif olunması elmi yaradıcılığına olan böyük marağın və ehtiramın göstəricisidir.
Lakin bütün bunlar Mahirə xanımı sadəlikdən və təvazökarlıqdan uzaqlaşdıra bilməyib. Əksinə, onu tanıyanların gözündə böyüdən və ucaldan məhz bu ali insani keyfiyyətlərdir — sadəlikdən doğan böyüklük.
Kamillik və müdriklik Tanrının seçilmiş insanlara bəxş etdiyi ilahi nemətdir. Mahirə xanım məhz belə şəxsiyyətlərdəndir. Üzünün nuru sözlərinə hopan, insanlara yaxşılıq körpüsü salan, xalqı, milləti və məmləkəti üçün yorulmadan çalışan, şərəfli ömrünü cəmiyyətin rifahına həsr edən böyük ürəkli ziyalıdır Mahirə xanım.
Uca Tanrıdan ona möhkəm cansağlığı, uzun ömür və bütün xeyirxah işlərində uğurlar arzulayıram. Arzum budur ki, onun Ana xeyir-duası, Ana məhəbbəti və ziyalı nuru daim yolumuza işıq saçsın.
Qardaş Türkiyə Cümhuriyyəti Beynəlxalq Elmlər Akademiyası tərəfindən mənə təqdim olunan “Fəxri professor” diplomu və “Beynəlxalq qızıl medal”ı məhz Türk dünyasının görkəmli elm xadimi Mahirə xanım Nağıqızının təqdimatı ilə qəbul etməyim isə mənim üçün bu mükafatların mənəvi dəyərini daha da artırdı.
Elmi zəkası ilə yanaşı, xalqla, vətənlə və torpaqla bağlı yaşanan duyğuları poetik dillə yüksək məharətlə ifadə edən Mahirə Nağıqızı bütün bənzərsiz xüsusiyyətləri ilə çağdaş dövrdə yetişən gənc nəsil üçün canlı örnəkdir. Onun yaradıcılığı həqiqətə, ədalətə inam və insanlığa sevgi ilə yoğrulub.
Övladlarımız üçün belə bir örnəyin formalaşmasına xidmət etdiyi üçün görkəmli alim, sevimli şair, fədakar müəllim və ana şəfqətini özündə birləşdirən hörmətli Mahirə xanıma Mingəçevir Dövlət Universiteti adından və şəxsən öz adımdan dərin minnətdarlığımı bildirir, bizlərə yaşatdığı mənəvi sevincə görə təşəkkür edirəm.
Zaman böyük alimlər yetişdirə bilər, amma xalqın yaddaşında sadəliyi ilə ucalan şəxsiyyətlər əbədiləşir.
Dərin hörmət və ehtiramla,
Anar Eminov
Mingəçevir Dövlət Universitetinin rektoru












