200 min manatlıq rüşvət işi: İki vəzifəli həbs edildi


Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin birgə məlumatına əsasən, vergi yoxlamasının keçirilməməsi müqabilində sahibkarlardan külli miqdarda rüşvət almaqda şübhəli bilinən iki vəzifəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Turkustan.az xəbər verir ki, Baş Prokurorluq tərəfindən dövlət orqanları ilə birgə korrupsiya hüquqpozmalarına qarşı həyata keçirilən tədbirlər çərçivəsində Dövlət Vergi Xidmətindən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb.

İlkin istintaq və əməliyyat-axtarış tədbirləri zamanı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Operativ vergi nəzarəti və uçotun təşkili baş idarəsinin Sahə təhkimçiliyi idarəsinin rəis müavini Rüstəm Mirzəyev və həmin idarənin 4-cü şöbəsinin rəisi Kənan Məmmədovun 2026-cı ilin may ayında Bakıdakı ticarət mərkəzlərindən birində fəaliyyət göstərən çoxsaylı sahibkarlardan vergi yoxlamasının keçirilməməsi, cərimə tətbiq olunmaması və digər güzəştlər müqabilində ümumilikdə 200 min manat rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında hər iki şəxsə Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.

İstintaq orqanının vəsatəti və prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Rüstəm Mirzəyev və Kənan Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Bildirilib ki, cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir, qanunsuz əməllərdə iştirak etmiş digər şəxslərin də məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür. /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ