Milli fəlsəfi fikir tariximiz: MƏHƏMMƏD BAĞIR XALXALİ


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

I yazı

Azərbaycan Türk şair-mütəfəkkiri Məhəmməd Bağır Xalxali (1823-1900) 1823-cü ildə Xalxalın Qarabulaq kəndində ruhani-mülkədar ailəsində dünyaya gəlmişdir. Onun atası Molla Heydər dünyagorüşlü bir şəxs kimi oğlunun elmləri, xüsusilə də dini elmləri yaxından öyrənməsi, eləcə də doğma Türk dili ilə yanaşı, Fars və Ərəb dillərini də mənimsəməsi üçün əlindən gələni etmişdir. [1]

Xalxali əvvəlcə Qəzvində axund Molla Amadidən, daha sonra Zəncanda Molla Əli Zəncanidən dərs almışdır. Dini təhsili bitirdikdən sonra Xalxala qayıdan mütəfəkkir atasının ölümündən sonra dini-hüquqi (şəriət) məsələlərin də icrasını öz üzərinə götürmüşdür. [2]

Ömrünün qalan hissəsini Xalxalın Qarabulaq, Şeyxdərəbad, Yuxarı Əndəri kəndlərində mülkədarlıq, ruhanilik və bədii-fəlsəfi yaradıcılıqla məşğul olan Xalxali 1900-cü ildə doğma kəndində dəfn olunmuşdur.

Xalxalinin bacısı oğli İbrahim Təvəkkül 1940-ci ildə nəşr olunan “Divani-ədəbiyyat” əsərinə girişdə yazır ki, şair Nəsrəddin şah Qacarı heç bir zaman tərifləməsə də, ancaq onun fəxri fərman və xələtlərinə layiq görülmüşdür. [3]

Mənbələrə görə, mütəfəkkirin əsas əsəri “Divani-Xalxali” adlandırlan kitabdır ki, orada onun “Sələbiyyə” (“Tülkünamə”) poeması, qəzəlləri, saqinamələri, məsnəviləri, hekayələri yer almışdır. [4]

Dövrünün satirik realist poeziyasının nümayəndələrindən olan Məhəmməd Bağır Xalxalinin əsərlərindəki estetik-fəlsəfi tərzli ricətlər, poetik mübaliğə, ifadə zənginliyi klassik Şərq poeziyasının imkanlarına sahib olduğunu göstərir. 1600 beytdən ibarət olan “Sələbiyyə” məsnəvisi Xalxalinin əxlaqi və ictimai-fəlsəfi görüşlərini əks etdirir. “Sələbiyyə”nin ərəb qrafikası ilə bütün nəşrlərdə başlıqlar farsca, mətnin özü isə Azərbaycanca yazılıb”.[5] “Sələbiyyə”nin üslub tərzi, forma, məzmunundakı fərqlilik onu daha çox dastana yaxınlaşdırsa da, məsnəvidə Xalxalinin müxtəlif elm sahələrinə: hüquq, sənət, ədəbiyyat, təbiət, folklor, əxlaq, fəlsəfə, məntiq, tarix, estetik, həmçinin əxlaqi-fəlsəfi və ictimai məfhumlara aid baxışları ilə bağlı mülahizələri yer almışdır.

Xalxalinin dünyagörüşü, xüsusilə də onun “Sələbiyyə” əsəri ilə bağlı Feyzulla Qasımzadə, Firidun bəy Köçərli, Məhəmməd Tərbiyət, Məhəmməd Əli Müdərris, Kamran Məmmədov, Cavad Heyət, X.Sadiq və başqaları da yazmışlar. [6]

Onun, 1893-cü ildə qələmə aldığı “Sələbiyyə”si (“Tülkünamə”) bir tülkünün başına gələnlərdən danışan, məsnəvi biçimdə yazılmış, bir çox bilginlik örnəkləri toplanmış, istəyini hər bir kəsin anlayacağı yolla anladan əxlaqi-fəlsəfi bir əsərdir. 19-cu əsrdə Azərbaycan Türk ziyalıları arasında öz dilinə və fikirlərinin aydınlığına, açıqlığına görə fərqlənən Xalxali bildirirdi ki, bu kitabı yazmaqda məqsədi xalq arasındakı cahilliyi, nadanlığı, avamlığı aradan qaldırmaqdır. Bu anlamda Xalxali daha çox nəsihət yolunu tutmuşdur ki, vaxtilə bu üsuldan N.Gəncəvi, Mövlanə Cəlaləddin Rumi, N.Tusi və başqaları da faydalanmışdılar. Xalxali də bu əsərini xalqa acı həqiqətləri şirin yalanlarla qatış­­dırmaq yoluyla ictimai-fəlsəfi baxışlarını ifadə etmək üçün yazmışdır:

Əvamün-nasə yazdım bu kitabı,

Bu vəchi onlara qıldım xitabı.

Deyib çox məzhəkə, qıldım zərafət,

Onun zəmnində yazdım həm nəsihət.

Neçünki xalqa haqq acı gəlibdir,

Zarafat sözləri şirin olubdur.

Qatışdırdım ikisini gəldi halə

Yetişdi müntəha-yi etidalə.

Bu üzrümdə sora, gər mərdi-bədxah,

Təərrüz eyləyə, əlhökmüllillah,

Xəbər alsa, biri adımı bilfərəz,

Özüm öz adımı qoy eyləyim ərz:

Məhəmməd Bağiri-Xəlxaliyəm mən,

Fünuni-mərifətdən xaliyəm mən.

Bu fərdi-axiri nəzmi-səvabi,

Bəyan eylübdi tarixi-kitabi. [7]

Bu anlamda “Sələbiyyə”nin əsas qəhrəmanı bir tülkü olub onun başına gələnlərdən bəhs olunsa da, ancaq əsərin böyük qismində müsəlmanların adət-ənənələrindən, əxlaqından, dünya­dakı mücadiləsindən və axirətə dair düşüncələrindən bəhs olun­muş­dur. Xuraman Quliyeva yazır ki, “Sələbiyyə” poeması Azərbaycan şeirində yeni bir səhifə olub, ilk dəfə bu poetik əsərdə lirik münasibətlər deyil, ictimai problemlər əsas mövzu kimi götürülüb. O, yazır: “Müəllif yüksək ustalıqla cəmiyyətə xas olan ziddiyyətləri açıb göstərir, öz dövrünün həqiqi mənzərəsini təsvir edir. O, göstərir ki, içində yaşadığı cəmiyyətdə kəskin ayrı-seçkiliklər mövcuddur, insan anadan olanda onun öz həyatını necə yaşayacağı artıq əvvəlcədən müəyyən olunur. Maraqlıdır ki, müəllif təkcə hüquqi ayrıseçkiliklərdən danışmır, eyni zamanda insanların mənəvi və fiziki imkan baxımından da müxtəlif olduqlarını oxucuya aydınlaşdırır”.[8]

Doğrudan da, Azərbaycan Türk mütəfəkkiri Xalxali əsərində bir tərəf­dən cəmiyyətdəki müasirinin sürəkli sızıltısının səbəbi olan sosial vəziyyətinin ağırlığını göstərməyə cəhd göstərmiş, eyni zamanda, dünyadakı təzadlara aydınlıq gətirməyə çalışmışdır. Xalxali yazır:

Bəli heyrətdi bu çərxin qərarı,

Bilinməz işdir aləmin karü-barı

Birisinə müyyəsər nazü-nemət,

Birisi ac, çəkər yüz min məzəmmət.

Birisi çiyriyib yağlı pilovdan,

Birisi doymayıbdır nani-covdan.

Birisinin yağar dövlət başından,

Birisi görməyib bir pul yaşından.

Birisi başə qoymuş taci-şahı,

Birisi başıaçıq, yoxdur külahı. [9]

Beləliklə, Xalxali aləmin nizamından, insanın başına gələn hadisələrdən söz açıb belə bir nəticəyə gəlir ki, həqiqi xoşbəxtlik Allahın iradəsi ilə bağlıdır. Bu baxımdan Allah insanların alnına nə yazmışdırsa, o da olmalıdır düşüncəsindən çıxış edən Xalxaliyə görə, Allahın hikmətini insanlar anlamaqda acizdirlər, aciz olduqları üçün də dünyanın yaranması, təbiətin hadisələri, insanların öz başlarına gələn qəribə hərəkətlər barədə qəti bir şey demək olmur. Doğrudur, son zamanlarda elmin inkişafı ilə bir çox sirli, qaranlıq məsələlərə aydınlıq gəlmiş, bir çox şeylərin yaranma səbəbləri kəşf olunmuşdur, ancaq bütövlükdə daha çox şeylər var ki, filosoflarla alimlərin çəkdikləri əməklərinə, zəhmətlərinə baxmayaraq sirr olaraq qalmaqdadır. O, yazırdı:

Bu övzai görüb gəlmə sualə,

Təərrüz eyləyib çıxma cidalə-

Ki, hikmətlə xuda düzmüş nizami,

Bu mətləbdə nə xoş yazmış Nizami:

“Cahan göz, zülf, xal və qaşdır,

Hər şey öz yerində gözəldir”.[10]

Ümumiyyətlə, Xalxalidə alın yazısına, qismətə inanıb Alllah təvəkkül etmək inancı güclüdür. Ona görə, əgər insan biri kasıb digəri varlıdırsa, biri sağlam digəri xəstədirsə, biri kefi-damaqda o birisi müsibətdədirsə, buna şükür etməli və bu vəziyyəti ilə razılaşmalıdır. Xüsusilə insanların müxtəlif təbəqələr şəklində yaranmasının bir səbəbi vardır ki, bu da Allahın hikmətidir və ondan sual olunmaz. Xalxali yazırdı:

Düşə dövlət fəqirü pəst əlinə,

Qılınc guya düşübdür məst əlinə.

Əgər münim kişi olsaydı zadi,

Tutardı aləmi şərrü fəsadi.

Bunu çün anladın, ey mərdi-agah,

Hamı işlərdədi əlhökmü lillah.

Əgər naxoş olursan, qədrini bil,

Balam, səbr eylə, açma şikvəyə dil.

Mərəz eyni səlahındır bu yerdə,

Düşünmürsən gözündə vardı pərdə.

Ata övladını bisərfə vurmaz,

Nihalın bağban bihudə qırmaz.

Sənə Xaliq atadan mehribandır,

Düşübsən özgə fikrə nə gümandır.

Xudadan gəlsə bir cüzi-müsibət

Əlində, ya dilində var şikayət. [11]

[1] Xalxali Məhəmməd Bağır. Sələbiyyə // XIX əsr Azərbaycan şeri antologiyası, Bakı, "Şərq-Qərb", 2005, s.189

[2] Quliyeva Xuraman. Məhəmməd Bağır Xalxali.// Cənubi Azərbaycan ədəbiyyatı tarixi. Iki cilddə, I cild (XIX əsr). Bakı, “Nurlar” , 2009, s.183

[3] Xalxali. Divane-ədəbiyyat. Təbriz, 1319 (1940), s.2-3

[4] Azərbaycan ədəbiyyatı tarixi. Altı cilddə, 4-ci cild. Bakı, Elm, 2011, s.750-751

[5] Ağayev İslam. M.B.Xalxalinin Sələbiyyə əsərinin nəşri tarixi və xəttat rəssamları barədə // Azərbaycan SSRİ Elmlər Akademiyasının xəbərləri, Ədəbiyyat, dil, incəsənət seriyası, - 1983. № 1, s.33 .

[6] Köçərli Firidun bəy. Azərbaycan türklərinin ədəbiyyatı. İki cilddə, I cild. Bakı, Avrasiya-Press, 2005; Qasımzadə Feyzulla. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi.Ali məktəblər üçün dərslik. “Maarif” nəşriyyatı, Bakı, 1966; Müdərris Məhəmmədəli. Reyhanətül-ədəb. Təbriz, 2-ci cild, 1347 h.ş., səh.156 (1968); Məmmədov Kamran. XIX əsr Azərbaycan şeirində satira. Bakı: Elm, 1975, s.125 Heyət Cavad. Azərbaycan ədəbiyyatı tarixinə bir nəzər. Tehran, 1358 1-ci cild, s.133-136; Sadiq X. Həft məqalə (yeddi məqalə) Tehran, “Donyaye-daneş” nəşriyyatı, 1337-ci il, s.142-198

[7] Xalxali Məhəmməd Bağır. Sələbiyyə // XIX əsr Azərbaycan şeri antologiyası, Bakı, "Şərq-Qərb", 2005, s.199

[8] Quliyeva Xuraman. Məhəmməd Bağır Xalxali.// Cənubi Azərbaycan ədəbiyyatı tarixi. Iki cilddə, I cild (XIX əsr). Bakı, “Nurlar” , 2009, s.198

[9]Cənubi Azərbaycan ədəbiyyatı antologiyası. 4 cilddə, 1-ci cild. Bakı, “Elm”, 1981, s.90

[10] Köçərli Firidun bəy. Azərbaycan türklərinin ədəbiyyatı. İki cilddə, 2-ci cild. Bakı, Avrasiya-Press, 2005, s.385

[11] Yenə orada, s.386


MANŞET XƏBƏRLƏRİ