Etiraz dalğası böyüyür: Tramp Ukraynanı düşünür, yoxsa şəxsi qazancını? - ŞƏRH


Donald Trampın Ukrayna ilə bağlı sülh planı ətrafında yaranan yeni müzakirələr onun regional münaqişəyə münasibətində əsas prioritetin ABŞ-ın geosiyasi maraqları deyil, şəxsi siyasi hesablamaları olduğunu bir daha gündəmə gətirib.

Uzun müddətdir davam edən müharibə fonunda eləcə də Vitkoff və Uşakov arasında şifrələndiyi iddia olunan telefon danışıqlarının sızdırılması fonunda formalaşan təsəvvür budur ki, Tramp Ukraynanın təhlükəsizlik maraqlarını ikinci plana keçirir. Onun təqdim etdiyi sülh modeli Rusiya ilə münasibətləri yumşaltmağı, Moskvanın tələb və gözləntilərini müəyyən qədər nəzərə almağı, eyni zamanda özünü “müharibəni dayandıran lider” kimi göstərməyi hədəfləyir.

Maraqlıdır, görəsən Trampı həqiqətən Ukraynanın taleyi maraqlandırmır? Turkustan.az olaraq mövzu ilə bağlı suallarımızı politoloq Məhəmməd Əsədullazadəyə ünvanladıq.

Məhəmməd Əsədullazadə

ABŞ və Rusiya arasında sülh anlaşmasının gündəmə gəlməsi, eləcə də Vitkoff və Uşakov arasında telefon danışıqlarının şifrələnməsi göstərir ki, hazırlanan planın konturları əsasən Rusiyanın maraqlarına uyğun formalaşdırılıb və Donald Tramp tərəfindən qəbul edilib. Bu isə onu deməyə əsas verir ki, Tramp Ukraynanın maraqlarını deyil, daha çox müharibənin tezliklə dayandırılmasını və Rusiya ilə müəyyən sahələrdə, xüsusilə resursların birgə işlənməsi kimi iqtisadi əməkdaşlıqları nəzərə alan bir yanaşmanı üstün tutur.

Görünür, Moskva bu istiqamətdə Trampa müəyyən təkliflər irəli sürüb və o, Ukrayna məsələsinin bir hissəsini görməzdən gələrək Rusiyanın müəyyən güzəştlərinə doğru addımlayır. Artıq ABŞ-ın “dərin dövləti”, xüsusilə Pentagon və digər təhlükəsizlik strukturları bu siyasətdən ciddi narahatlıq hiss edirlər. Böyük Britaniyanın da eyni mövqedə dayanması və telefon danışıqlarının sızdırılması bir daha göstərir ki, Trampı Rusiyaya yaxınlaşmaqda ittiham edərək ona təzyiq göstərməyə çalışırlar.

ABŞ-ın uzunmüddətli geosiyasi maraqları mövcuddur və formalaşmış strateji xətt hazırda Trampın apardığı siyasətlə üst-üstə düşmür. Çünki Ukraynanın zəifləməsi ABŞ-ın həm Avropadakı, həm də qlobal geosiyasi mövqelərinə ciddi zərbə vurur. Buna görə də demək olar ki, Trampın mövcud siyasəti daha çox onun şəxsi siyasi maraqlarından irəli gəlir. O, özünü “sülh tərəfdarı” kimi təqdim edib müharibəni dayandırmaq istədiyini bildirsə də, əsas sual açıq qalır: bu sülh hansı şərtlərlə əldə olunacaq? Problemin mahiyyəti də məhz bundadır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ