“Sovet hökumətini arzulayanlar, getsinlər Rusiyada yaşasınlar” - Deputatdan təklif


“Əgər kimlərsə SSRİ-ni arzulayırsa, getsinlər Rusiyada yaşasınlar, onsuz da orada sovet hökumətidir”.

Bunu “Yeni Sabah”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aqil Abbas deyib.

O bildirib ki, Azərbaycanda yürüş və ya “bayram” xarakterli tədbirlərdə sovet simvollarından istifadə qəbuledilməzdir.

“İncəsənəti, mədəniyyəti qadağan etmək olmaz, məsələn sovet filmlərinə mən özüm də baxıram. Düzdür, SSRİ dövründə çəkilən ekran əsərlərində göstərilən bəzi nüanslardan narazılığım var, amma tamamilə qadağan etmək olmaz.

Amma SSRİ bayrağı qaldırmaq, sovet simvolları ilə yürüş qeyd etmək, “bayramlar” keçirmək düzgün deyil. Sovet hökumətinin bayrağını qaldırırlar, belə şey olar?! Olmaz.

Nə olsun ki, sovet rəmzlərindən istifadə qanunla qadağan deyil, insanın mənəviyyatı, əxlaqı, dünyagörüşü var. Bu heç yaxşı hal deyildi, gərək olmayaydı”.

Aqil Abbas sovet simvollarının qanunla qadağan edilməsinin Milli Məclisdə müzakirə olunacağına inanmadığını da söyləyib:

“O ki, qaldı sovet simvollarından istifadənin qanunla qadağan edilməsinə, bunu real saymıram. Belə bir şeyin parlamentdə müzakirə olunacağını da gözləmirəm”.

Qeyd edək ki, Bakıda kommunist ideologiyasının təbliği məqsədilə SSRİ bayraqları ilə aksiya keçirən şəxslər saxlanılıb. Aksiya təşkilatçıları Abdulla İbrahimli və İbrahim Əsədli barəsində Nizami Rayon Məhkəməsi 3 aylıq həbs qətimkan tədbiri seçib. Onlar Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə - ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etməkdə ittiham olunurlar.


MANŞET XƏBƏRLƏRİ