Bakı "dona" bilər - Hava ilə bağlı XƏBƏRDARLIQ


Məlum olduğu kimi, qış mövsümünə hazırlıqla bağlı Bakının rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun mövsümə və xüsusilə qarlı havalara hazırlıq tədbirləri başa çatıb.

Hazırda şəhərin və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, əlavə tədbirlər görülüb. Görülən işlərə nəzarət məqsədi ilə BŞİH hər bir rayona cavabdeh şəxs təyin edib.

Bu il Bakıda qış mövsümünün əvvəlki illərlə müqayisədə daha sərt keçəcəyi ilə bağlı fikirlər səslənir.

Maraqlıdır, havaların kəskin soyuması və intensiv yağıntı ehtimalı varmı?

Turkustan.az xəbər verir ki, ekoloq Ənvər Əliyev Ölkə.az-a açıqlamasında bildirib ki, bu il anomal payız ayları keçdi:

"Artıq qışa sayı günlər qalıb. Vaxt olub ki, həqiqətən də belə payız ayları olub. Bizim tələbəlik dövründə sentyabrın axırından oktyabrın ortasına qədər “plyaj mövsümü” olan vaxtlar olub. Sonra həddindən artıq ağacların hətta çiçəklənməsi məsələsi də olub. Daimi olmasa da, bu cür havalara tək-tək hallarda rast gəlinib.

O vaxt həm yaşlılar deyirdi, həm də biz çoxillik rəqəmlərə baxırdıq. Qışın sərt keçəcəyi haqqında sanki bir qanunauyğunluq var idi. Biz orta məktəbdə oxuyurduq. Belə hava olanda yaşlılar deyirdilər ki, payızın belə keçməsi yaxşıdır. Çünki çoxlu yaşıl ot kütləsi əmələ gəlir, bu da heyvanlar üçün faydalıdır. Onlar bu otları çox yeyir və çəkilərini artırırlar ki, qışdan normal çıxsınlar. Amma bunun bir “işarəsi” də var idi, deyirdilər ki, qış sərt keçəcək. Qış öz sərtliyini göstərəcək. Yaşlıların dedikləri hamısı təbii qanunlara əsaslanırdı, onlar sinoptik deyildilər. İndi isə vəziyyət təkrarlanıb".

Ekoloq qeyd edib ki, indi qışın sərt keçməsini proqnozlaşdıranlar da var, ona görə də ehtiyat tədbirləri görülür:

"Bu, bir tərəfdən qışın sərt keçməsinin çoxillik qanunauyğunluqlardan bir əlamətdir. Bakı şəhəri bilirsiniz ki, nəqliyyat baxımından, insanların gediş-gəlişində, işlərində və digər məsələlərdə artıq çətin vəziyyətdədir. Bu problemlər onsuz da adi günlərdə çətindir. İndi qış bir az çətin keçsə, görün Bakıda vəziyyət necə olacaq. Şəhər “donacaq”.

Ona görə də yaxşı olar ki, lazımi qaydada tədarük görülsün. Heç kəs deyə bilməz ki, qış əla keçəcək, heç kəs də deyə bilməz ki, çox sərt keçəcək. İqlimi bir həftə, beş gün qabaqdan yalnız təxmini proqnozlaşdırırıq, aylarla əvvəl isə uzağa getmək mümkün deyil. Proqnozları, daha doğrusu ilin uzunmüddətli proqnozlarını yalnız təbii qanuna və çoxillik rəqəmlərə baxaraq vermək olar. Bu da bəzən özünü doğruldur. Ona görə də mən belə başa düşürəm ki, hər halda tədarükün görülməsi çox yaxşı haldır. Hətta adi qış keçsə belə insanların çətinliyi azalsın. Əhali onsuz da adi hallarda da çətinlik çəkir və müəyyən problemləri olur".


MANŞET XƏBƏRLƏRİ