Toyunda bir saat oturduqdan sonra ölən qadınla bağlı şok: “Ailəsi hamilə olduğunu bilən kimi…”


Xəbər verdiyimiz kimi, Astarada hamilə qadın toyundan bir gün sonra ölüb. Hadisə rayonun Deqədi kəndində baş verib.

Belə ki, kənd sakini 2008-ci il təvəllüdlü Əfsanə Maqsud qızı İmanovanın dünən toyu olub. Toydan sonra o, özünü pis hiss edib və təcili olaraq Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, gəlin köçən Ə.İmanovun hələ 18 yaşı tamam olmayıb və hamilə olub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Hadisə hansı səbəbdən baş verib?

Məsələ ilə bağlı “Cebheinfo.az” – a açıqlama verən Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Xəqani Xalıbov deyib:

“Toy mərasimində iştirak edən hər iki gənc Astara rayonunun mərkəzindən 55 km uzaqda yerləşən Dolu kəndinin sakinləri olub. Belə şəxslər 9-cu sinfi bitirdikdən sonra müxtəlif yerlərdə işləməyə gedirlər. Qızın ailəsi uzun müddət ailəvi istixanada işləməyə, zeytun yığımına və fermalarda çalışmağa gediblər. Buna görə də onlar rayonda az-az olurlar. Ehtimal olunur ki, qız hamilə olduğu ilə bağlı anasına məlumat verib, ailədə bu vəziyyətdən çıxmaq üçün qısa vaxtda toy planı qurulub.

Bu şəxslərin toy mərasimi ayın 28-də Astara rayonunun Deqədi kəndində “Atayurdu” şadlıq sarayında saat 13:00-da başlayıb. Lakin 1 saat keçdikdən sonra qızın vəziyyəti dəyişib və təcili olaraq Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb”.

O qeyd edib ki, gəlin toyda heç bir saat belə otura bilməyib:

“Həkimlər tərəfindən müayinə keçirilib və müəyyən olunub ki, qızın 7 aylıq dölü tələf olub, buna görə qızın vəziyyəti də ağırlaşıb. Döl tələf olduğu üçün zəhərlənmə verib. Xəstəxanada bütün müdaxilələrə rəğmən, oktyabrın 29-u saat 03:00-da qız vəfat edib”.


MANŞET XƏBƏRLƏRİ