Bakıda bir qrup şəxsin SSRİ və Azərbaycan SSR bayraqları ilə aksiya keçirməsi, müstəqil Azərbaycanın dövlət bayrağının qaldırmağı özlərinə rəva bilməmələri ölkədə solçu və kommunist ideologiyasının hazırki vəziyyəti, bunun əsasında fəaliyyət göstərən partiya və təşkilatların olub-olmaması məsələsini gündəmə gətirib.
“Yeni Sabah”ın araşdırması zamanı məlum olub ki, Azərbaycanda rəsmi dövlət qeydiyyatına alınan siyasi partiyalar, ictimai təşkilat və birliklər arasında sol və kommunizm ideologiyası əsasında fəaliyyət göstərənlər yoxdur.
Azərbaycanda sol ideologiyanın sistematik tarixi XX əsrin əvvəllərinə gedib çıxır. Həmin dövrdə Rusiyada güclənən sosialist hərəkat öz təsirini Zaqafqaziyada da göstərib. 1904-cü ildə qurulan “Hümmət” Partiyası müsəlman dünyasında ilk sosial-demokrat təşkil hesab edilir. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Məmməd Əmin Rəsulzadə də həmin dövrdə “Hümmət” Partiyasının əsas simalarınan biri sayılırdı.
1920-ci ilin aprelin 28-dən 1991-ci ilə qədər isə Azərbaycanda kommunizm hakim ideologiya olub.
1991-ci ilin oktyabrında Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra, başda Azərbaycan Kommunist Partiyası olmaqla, ölkədə fəaliyyət göstərən solyönümlü partiya və təşkilatlar öz siyasi nüfuzunu kəskin şəkildə itirdi. Bu dövrdə fəaliyyət göstərən solçu partiyalar arasında ön planda olanı Azərbaycan Sosial Demokrat Partiyası idi. 2023-cü ilin aprelində özünü buraxdığını elan edən təşkilatın 3 minə yaxın üzvü olub. Həmin il Azərbaycan Kommunist Partiyası da özünü buraxdığını elan edib. Partiya buna səbəb kimi, sosial dayağın olmamasını əsas gətirib.
Hazırda Azərbaycanda dövlət qeydiyyatına alınmış 26 siyasi partiyadan heç bizi özünü solyünümlü təsnif etmir. Azərbaycan Kommunist Partiyası 1994-cü ilin martında, Azərbaycan Vahid Kommunist Partiyası isə 1995-ci ilin sentyabrında dövlət qeydiyyatına alınsa da, onların heç biri hazırda fəaliyyət göstərmir.
Digər tərəfdən, bir sıra solyünümlü təşkilatlar qeyri-qanuni fəaliyyət göstərir. Bu tip təşkilatlar daha çox sosial media resursları üzərindən sosializm və kommunizm kimi siyasi ideologiyaların təbliğatını aparmaqdadır. Daha çox orta və yaşlı nəslin nümayəndələrinin cəmləşdiyi belə qruplar gənclər arasında “marjinal” olaraq qarşılanır.
Həmin təşkilatların ən məşhuru Azərbaycan Sosialist Hərəkatıdır. 2022-ci ilin oktyabrında yaradılan hərəkatın qurucuları Ədalət Abdinov, Rövşən Qasımov, Natiq Nəcəfov, İnci İkpamlı, Xumar Cəfərova, Aybəniz Hacıyeva, Mirzəağa Məmmədov, Tale Mikayılov və Dəyanət Səlimxanlı adlı şəxslərdir. Sosial mediada kifayət qədər aktiv olan hərəkat üzvləri mütəmadi olaraq SSRİ dövrünün, marksizmin və bolşevik dəyərlərinin təbliğatını aparmaqdadır.
Onların son tədbiri isə 1917-ci ildə Rusiyada baş verən Oktyabr inqlabının 108-ci ildönümünü qeyd etmək üçün keçirdikləri aksiyadır. Onlar həmin tədbirin görüntülərini öz sosial media hesablarında paylaşıblar. Daxili İşlər Nazirliyinin müvafiq tədbirləri nəticəsində təşkilatçı şəxslər Abdulla İbrahimli, İbrahim Əsədli və yürüşdə iştirak etmiş digər şəxslər müəyyən olunaraq saxlanılıb və barələrində cinayət işi başlanılıb.
A.İbrahimli və İ.Əsədli barəsində Nizami Rayon Məhkəməsi 3 aylıq həbs qətimkan tədbiri seçib. Onlar Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə - ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etməkdə ittiham olunurlar.