Samir Əsədli
(Felmar Ələkbərli haqqında esse)
İnsan ömrünü bir neçə cümləyə ilə yazmaq, əsas məlumatları ifadə etmək olar. Amma elə insanlar var ki, onların həyatı rəsmi bioqrafiyalardan, tərcümeyi-hallardan çox-çox böyükdür, bir əsrə belə bərabər sayıla bilər. Onların adı əbədi olaraq zamanın yaddaşına düşür. Felmar Ələkbərli də məhz belə insanlardan idi.
O, hər şeydən əvvəl böyük ürək sahibi idi. Hər kəsə sevgisi, hörməti, təbəssümü vardı. Onunla bir dəfə görüşən, bir dəfə söhbət edən adam bu istiliyi unuda bilmirdi. Sakit danışardı, amma sözləri dərin idi. O sözlərin arxasında həm təcrübə, həm təmkin, həm də İnsana, Vətənə məhəbbət dayanardı.
Felmar bəyin böyüklüyü vətənpərvərlikdən başlayırdı, insanlığa uzanırdı. Bu böyüklük nə vəzifə ilə, nə titulla, nə də zahiri parıltılarla ölçülürdü. Onun böyüklüyü içində idi, sadəliyində, təmənnasızlığında, mərdliyində idi. O, ətrafındakı hər kəsə qayğı ilə yanaşardı; birinin dərdi olanda dinləyər, birinin uğurunu eşidəndə uşaq kimi sevinərdi.
Felmar bəy Qarabağlı idi, əslən Laçından olsa da, Ağdamda anadan olmuşdu. Bu torpaqlar onun ruhunun parçası idi. Ömrü boyu Qarabağın ağrısını, itkisinin sızıltısını içində gəzdirirdi. İşğaldan azad edilən doğma yerləri bir daha görmək ona qismət oldu. Amma onun inamı, sözü, arzusu bu azadlığın mənəvi təməlini çoxdan qoymuşdu.
Ağrılı acılı işğal illərində deyirdi: “Biz millət olaraq bu işğala barışa bilmərik. Qarabağ işğalda olduğu hər gün biz xəcalətlə yaşayırıq, bu xəcalətə son verməliyik. Qarabağı işğaldan azad etdiyimiz gün bizim şərəf və qürur günümüz olacaq. O zaman şəhidlərin, Qarabağ uğrunda həlak olanların ruhları şad olacaq.”

Bu sözlər yalnız bir siyasi bəyanat deyildi-bu, bir vicdanın səsi idi. Felmar Ələkbərli Qarabağın azadlığına təkcə inanmadı, həm də o inancı yaşatdı. O vaxtlar hamı deyirdi ki, “Qarabağın açarı Moskvadadır”. Amma o, cəsarətlə söyləmişdi: “Qarabağın açarı Moskvanın yox, bizim millətin əlindədir. Biz millət olaraq Qarabağı azad etməliyik. O açar bizdədir.”
Tarix bu sözlərin doğruluğunu 44 günlük Vətən müharibəsində təsdiqlədi. Azərbaycan Ordusu həmin açarı elə o savaşda tapdı, qapını millətin iradəsi ilə açdı. Felmar bəyin illərlə dediyi o “açar bizdədir” kəlamı xalqın yaddaşına çevrildi.
Amma Felmar Ələkbərlini tarixə salan yalnız bu düşüncələri deyildi. Onun bir addımı, bir əməlinin özündə bütöv bir ideologiyanın, bütöv bir millətin duyğusu vardı. O, Məhəmməd Əmin Rəsulzadənin abidəsini ilk ucaldan şəxs idi. Bu hadisə, bəlkə də, çoxlarının gözündə adi bir təşəbbüs kimi görünə bilərdi. Amma əslində o, cəsarət idi, bir dövrün sükutunu sındıran, bir millətin yaddaşını oyadan addım. 90-cı ildə işğalçı rus ordusu Bakıda olduğu bir zamanda Felmar bəy rəhbəri olduğu zavodun həyətindəki Leninin heykəlini götürüb, yerində Rəsulzadənin abidəsini ucaltmışdı. Bu M.Ə.Rəsulzadənin Azərbaycanda ilk abidəsi idi və bu hadisənin altında Felmar bəyin imzası var! Rəsulzadənin heykəli təkcə bir daş parçası deyildi; o, milli şüurun, istiqlal iradəsinin, azadlıq eşqinin simvoluna çevrildi. Və bu simvolun önündə Felmar Ələkbərli dayanırdı-təmkinlə, qürurla, heç bir şəxsi iddia olmadan.
O, tarixi bir borcu yerinə yetirmişdi. Çünki onun üçün Vətənə xidmət sözdə deyil, əməl ilə idi. Bu əməlin adı da tarix idi. Hər daşın, hər heykəlin, hər yaddaşın arxasında belə adamlar dayanır səssiz, təvazökar, amma əbədi…
Felmar Ələkbərli belə bir yaddaşın sahibidir. O, həyatını millətinə, dəyərlərinə, azadlıq düşüncəsinə həsr etdi. Onun adı indi bir partiyanın salnaməsində, bir abidənin kölgəsində, bir çox insanların qəlbində yaşayır.
Bəzən insan ölür, amma qoyduğu iz danışmağa davam edir.
Felmar Ələkbərli də elədir-tarixə düşən, amma tarixlə birgə yaşayan adam.
Sakit, təvazökar, amma böyük kişi. Tarixə düşən kişi.