​​​​​​​İNAM ATANIN (ASİF ATANIN) İNSANLIQ İDEALI



İŞIQLI ATALI

II yazı

Ürəyinizdə Günəş olsun!

SABAH-İDEAL. İnam Atanın (Asif Atanın) Fəlsəfəsində Sabah sadəcə təqvimdə gələcək gün deyil. Sabah insanın və cəmiyyətin mövcud vəziyyətdən daha yüksək mənəvi vəziyyətə yönəlməsini ifadə edən idealdır. Bu səbəbdən Sabah anlayışını gələcəklə eyniləşdirmək kifayət deyil. Gələcək özü-özlüyündə ideal deyil. Gələcəkdə də bu və ya başqa ölçüdə insanlıqdan uzaq həyatın olacağını təxmin etmək mümkündür. Ancaq Sabahın fəlsəfi mənası onun hansı keyfiyyəti daşımasından asılıdır. Atanın Dünyabaxışında Sabah məhz bu baxımdan İnsanlıqla bağlıdır. Sabahın insanı dəyişməlidir, İnsanlığa yönəlməlidir, münasibətləri dəyişməlidir, mənəvi ölçüsü yüksəlməlidir. Əgər yalnız texnika dəyişir, insan dəyişmirsə, bunu İnsanlıq baxımından böyük dəyişiklik saymaq çətindir. Maddi imkanların artması insanın mənəvi yüksəlişinə zəmanət vermir. Sabahın İdealı insanın mənəvi gələcəyidir, ancaq o hazır şəkildə verilmir, onu insan yaratmalıdır. Beləliklə, Atanın İdealında Vətən yaratmaqla Sabah yaratmaq arasında da içdən bağlılıq meydana çıxır. İnsan bu gün hansı mənəvi həyat qurursa, sabahın əsasını da müəyyən dərəcədə həmin həyat yaradır. Sabahın gələcəkli (ümidli, insanlı) olması üçün İnsanın İnam əsasında var olması gərəkdir. Bu gün Sabaha qarşı olduqda isə Sabahın gəlişi çətinləşir. Deməli, İnsanın içdən yaranması qaçılmaz mənəvi tələb kimi görünür.

İNSAN – MÜTLƏQ – VƏTƏN – SABAH. Bu dörd anlayış bir yerdə götürüldükdə Atanın İnsanlıq idealının daxili quruluşu daha aydın görünür. İnsan – başlanğıcdır, çünki bütün mənəvi dəyişiklik insandan başlayır. Mütləq – dəyişməz varoluş ölçüsüdür, çünki insanın yönələcəyi yüksək mənəvi həddi müəyyənləşdirir. Vətən – kutsallaşan məkanıdır, insan mənəvi varlığını konkret yurd, dil, tarix və yaddaş içində gerçəkləşdirir. Sabah – idealdır, insan mövcud vəziyyətlə kifayətlənmir, ali həyata doğru yön alır. Bu ardıcıllıqda İnsanlaşma bütün anlayışları birləşdirən əsas amilə çevrilir. İnsan özünü dərk edir, Mütləqə yönəlir, Vətənini mənalandırır, Ulusal kimliyini dərk edir, Bəşəri məsuliyyətə yüksəlir, içində Sabahı hazırlayır. Beləliklə, İnam Atanın fəlsəfəsində İnsanlıq idealı mücərrəd istək deyil, insanın öz həyatında həyata keçirməli olduğu mənəvi tələbdir: İnsanlaşma bu tələbin adı, İnsanlaşdırma isə onun həyata keçirilmə - gerçəkləşmə yönüdür. Mahiyyətcə bu cəhətlərin biri o birini təsdiq edir.

İNSANLIQ İDEALININ MAHİYYƏTİ. Atanın fəlsəfi irsində İnsanlıq idealını yalnız “yaxşı insan olmaq” ifadəsi ilə məhdudlaşdırmaq düzgün olmaz. Buradakı İnsan daha yüksək mənəvi bütövlük anlayışıdır. İnsan özündə İnamı yaşatmalıdır, İdraki imkanlarını dərinləşdirməlidir, Mənəviyyatı qorumaqla kifayətlənməyib onu əmələ çevirməlidir, İradəsini özünü yaratmağa yönəltməlidir. Mütləq Həqiqətə, Ədalətə, Saflığa və Xeyirə münasibətini həyatının ölçüsünə çevirməyə çalışmalıdır. Vətənini yalnız torpaq kimi deyil, kutsallaşan məkan kimi qəbul etməlidir. Öz ulusal varlığını bəşəriyyətə qarşı qoymamalı, əksinə, özümlüyündə bəşəri təsdiq etməlidir. Sabahı gözləməməli, onun mənəvi əsaslarını bu gündən yaratmalıdır. Bu baxımdan İnsanlıq idealında “gələcək” də insanın məsuliyyətindən kənarda qalmır. Sabah öz-özünə gəlmir. Vətən öz-özünə mənəviləşmir. Ulus öz-özünə özümləşmir, İnsan da öz-özünə İnsanlaşmır. Bütün bunların arxasında insanın şüurlu və mənəvi əməli dayanır. Bu, Ata Fəlsəfəsinin ən mühüm cəhətlərindən biridir: insanı öz taleyinin passiv daşıyıcısı kimi deyil, mənəvi yaradıcılığın subyekti kimi görmək. İnsan özünü yaradırsa, onun yaratdığı dünya da dəyişə bilər – İnsanlaşar, İnsanlaşdırar. İnsan özünü dəyişmirsə, yaratdığı dünyanın dəyişməsi də səthi qala bilər. Ona görə İnam Atanın İnsanlıq idealı ilk növbədə insanın özünə ünvanlanır. Başqasını dəyişmədən əvvəl özünü dəyişmək gərəkdir. Dünyanı ittiham etməzdən əvvəl özündəki mənəvi çatışmazlığı gör. Vətəndən tələb etməzdən əvvəl Vətən üçün nə yaratdığını düşün. Sabahdan gözləməzdən əvvəl sabah üçün bu gün nə etdiyini soruş. Bu düşüncə xətti İnsanlaşmanın mahiyyətini açır. Atanın fəlsəfi çağırışının gücü ondadır ki, o, insanı hazır cavabla təmin etmir; insanı öz daxilində cavab axtarmağa kökləyir. İnam hazır sözə yox, insanın içində mənəvi dayağa çevrilməlidir. İdrak yalnız məlumat toplamaq deyil, həqiqəti ayırmaq qabiliyyətidir. Mənəviyyat zahiri davranış qaydası deyil, insanın içindəki ölçüdür. İradə isə həmin ölçünü həyatın çətinlikləri qarşısında qorumaq gücüdür. Beləliklə, İnsanlaşma insanın öz içindəki imkanı aşkarlamaq qüdrətidir. Bu anlayışların mərkəzində yenə İnsan dayanır, çünki Mütləqi dərk edən də, Vətəni yaradan və mənalandıran da, Sabahı təsəvvür edən, yaradan da insandır. Deməli, İnam Atanın fəlsəfəsində gələcəyin əsas məsələsi nə yalnız zamanın dəyişməsi, nə də quruluşların yenilənməsidir. Əsas məsələ İnsanın dəyişməsidir. İnsan dəyişməlidir, insanlaşmalıdır ki, münasibətlər dəyişsin. Münasibətlər dəyişməlidir ki, cəmiyyət dəyişsin. Cəmiyyət dəyişməlidir ki, Vətən insanların şəxsində mənəvi imkanına yetsin. İnsan özünü tanımalıdır ki, ulus özünü dərk etsin. Ulus özünü dərk etməlidir ki, bəşəriyyətə sözünü deyə bilsin. Bütün bunlar Sabahın mənəvi məzmununu yarada bilər. Bu mənada İnam Atanın İnsanlıq idealı nə keçmişə qayıdış, nə də gələcəyi romantikləşdirməkdir. Bu ideal insanın bu gündə öz üzərində işləməsi, öz mənəvi imkanını gerçəkləşdirməsi, həmin gerçəklikdən gələcəyə yol açmasıdır. İnsanlıq idealı uzaqda deyil. Onun başlanğıcı insanın öz içindədir. İnsan özündə İnsanlığı yaratdıqca, var etdikcə münasibətlərinə gətirir, İnsanlaşdırma başlayır: İnsanlaşdırma isə artıq fərdi sərhədi aşaraq cəmiyyətə, Vətənə, ulusa və bəşəriyyətə yönəlir.

İnam Atanın “İnsanlaşın – İnsanlaşdırın!” harayında iki yön birləşir: insanın özünü yaratması və yaratdığı İnsanlaşma gözəlliyini – gerçəkliyini dünyaya gətirməsi. İnsanlaşmaq – insanın özündən yüksək olana – içindəki Mahiyyətə yetməsi, İnsanlaşdırmaq – İnsanlığın həyat içində gerçəkləşməsinə çalışmaq, Vətən yaratmaq – mənəvi məsuliyyət daşıyan insanın öz yurdunu ilk növbədə ağlında, ürəyində kutsal dəyərə çevirməsi, bunu ömürləşdirməsi, Sabah yaratmaq – bu günün içində gələcəyin İnsanlıq ölçüsünü hazırlamaqdır.

İnam Atanın İnsanlıq idealı bir anlayışla başlayıb digərində bitmir. O, bütöv bir ruhsal yaşamdır. İnsandan Mütləqə, Mütləqdən Vətənə, Vətəndən Bəşərə, bugünün insanından Sabahın insanına doğru. Bu yaşamın əsas şərti isə dəyişməz qalır: İnsan özünü yaratmalıdır. Çünki İnam Atanın Fəlsəfəsində İnsan özünü yaratmadan, var etmədən nə ideal Vətən, Sabah, nə də ləyaqətli Bəşər haqqında tam danışmaq mümkündür. İnsanlaşma buna görə yalnız bir ideya deyil, həyat ölçüsüdür.

***

İNAM ATA (ASİF ATA)

BƏŞƏRİ İNTİBAH – MÜQƏDDƏSLİK

“MÜTLƏQƏ İNAM” BİTİQİNDƏN (“İNTİBAH”)

MÜQƏDDƏS İNAM

İntibah deyir ki, dünyanın mənası dünyadan böyükdür. Bu səbəbdən də dünya müqəddəsdir.

İntibah deyir ki, həyatın mənası həyatdan böyükdür. Bu səbəbdən də həyat müqəddəsdir.

İntibah deyir ki, insanın mənası insandan böyükdür. Bu səbəbdən də insan müqəddəsdir.

İntibah dünyanı təzahürünə görə yox, mahiyyətinə görə qiymətləndirir.

İntibah həyatı təzahürünə görə yox, mahiyyətinə görə qiymətləndirir.

İntibah insanı təzahürünə görə yox, mahiyyətinə görə qiymətləndirir.

İntibah deyir ki, dünya əvəzsiz ruhani sərvətdir.

İntibah deyir ki, həyat əvəzsiz ruhani sərvətdir.

İntibah deyir ki, insan əvəzsiz ruhani sərvətdir.

İntibah deyir ki, dünyanın yaradıcısı dünya özüdür, buna görə də “yeri-göyü yaradan” Allaha yox, dünyaya heyrətlənmək lazımdır.

İntibah deyir ki, həyatın yaradıcısı həyat özüdür, buna görə də “yeri-göyü yaradan” Allaha yox, həyata heyrətlənmək lazımdır.

İntibah deyir ki, insanın sahibi insan özüdür, buna görə də “yeri-göyü yaradan” Allaha yox, insana heyrətlənmək lazımdır.

İntibah deyir ki, dünyanın dünyadan böyük mənasını dərk etmək üçün müqəddəs insan olmalısan.

İntibah deyir ki, həyatın həyatdan böyük mənasını dərk etmək üçün müqəddəs insan olmalısan.

İntibah deyir ki, insanın insandan böyük mənasını dərk etmək üçün müqəddəs insan olmalısan.

İntibah deyir ki, Müqəddəsliyi Müqəddəslik vasitəsiylə dərk etmək olar.

İntibah Müqəddəs İnsan imperativi yaradır.

İnsani mahiyyətə bərabər olmaq, dünyanın və həyatın mənasına layiq yaşamaq.

Cismaniyə, maddiyyata, cəmiyyətə tam sahib olmaq, xurafatdan tam xilas olmaq.

Saflıqdan yüksək saflıq. Heyrətdən yüksək heyrət.

AMALLAŞMAQ

RUHANİ CƏMİYYƏT

İntibah – ruhani cəmiyyət tələb edir.

Ruhani cəmiyyət – iqtisadiyyat əsarətindən qurtaran cəmiyyətdir.

Bütün gücünü, vaxtını, iradəsini iqtisadiyyata həsr edən cəmiyyətdə ruhanilik unudulur.

İctimai həyat iqtisadiyyata bərabər olanda ruhanilik itir.

İqtisadiyyat cəmiyyəti özünə tabe edəndə – cəmiyyət öz ruhani mənasından məhrum olur.

Cəmiyyət iqtisadiyyata qulluq edirsə, ruhaniliyə xidmət etmir.

Cəmiyyət özünü iqtisadiyyatda tapırsa, ruhaniliyindən əl çəkir.

Ruhaniliyin süqutu iqtisadi cəmiyyət yaradır. İnsani həyat iqtisadiləşir. İqtisadiyyat məqsədə çevrilir, onun vasitə olduğu yada düşmür.

Cəmiyyət istehsalçı xassəsinə pərçimlənib qalır.

O, əşya yetirməklə məhdudlaşır, insan yetirməyə qüdrəti çatmır.

İqtisadiyyat cəmiyyətə hakim olur, onu dəyirman daşı kimi fırladır. Cəmiyyət iqtisadiyyatın havasıyla oynayır, insan iqtisadiyyat baxımından qiymətləndirilir, yəni əslində inkar edilir.

İntibah iqtisadi cəmiyyəti ruhani cəmiyyətlə əvəz edir, iqtisadiyyatı mənəviyyata tapşırır.

RUHANİ İNTİBAH – MÜTLƏQLƏŞMƏ

MÜTLƏQ İNAM

İntibah Mütləqə İnam əsasında yaranır.

İntibah Mütləq İnam yaradır.

İntibah deyir ki, dünya, həyat, insan Mütləq Mahiyyətə malikdir.

İntibah deyir ki, dünya, həyat, insan öz mahiyyətinə bərabər ola bilər.

Dünya Mütləqləşə bilər.

Həyat Mütləqləşə bilər.

İnsan Mütləqləşə bilər.

Bu həqiqətə intibahın İnamı Mütləqdir.

Mütləq Hissiyyat

Mütləqləşən İnsan – Mütləq hissiyyata malik olur.

Mahiyyətə bərabər olan hissiyyata!

Həyata sığmayan hissiyyata!

Hissiyyata sığmayan hissiyyata!

Gerçəklikdən yüksək saflığa, kamilliyə!

İmkandan yüksək saflığa, kamilliyə!

Mütləq Mənəviyyat

Mütləqləşən İnsan – Mütləq Mənəviyyata malik olur.

Mahiyyətə bərabər olan Mənəviyyata!

Mənəviyyata sığmayan Mənəviyyata!

Gerçəklikdən yüksək Mənəviyyata!

İmkandan yüksək Mənəviyyata!

Mütləq İdrak

Mütləqləşən Mütləq İdraka malik olur.

Mütləq hissiyyatla Mütləq Mənəviyyatın birliyinə bərabər olan İdraka!

Mahiyyətə çatan İdraka!

Həyata sığmayan İdraka!

İdraka sığmayan İdraka!

Gerçəklikdən yüksək İdraka!

İmkandan yüksək İdraka!

Mütləq İradə

Mütləqləşən İnsan – Mütləq İradəyə malik olur.

Mahiyyətə bərabər olan İradəyə!

İradəyə sığmayan İradəyə!

Gerçəklikdən yüksək İradəyə!

İmkandan yüksək İradəyə!

Həyatı Ali Həyata yüksəldən İradəyə!

Yaşamayan yaşayacaq,

Görünməyən görünəcək,

Bilinməyən bilinəcək...

5-ci il, Yağış ayı. Bakı (noyabr, 1983-cü il).


MANŞET XƏBƏRLƏRİ