Əli Yusif
Yazıçı-publisist
Aylin beşinci sinifdə oxuyurdu. Dərslərini sevirdi, müəlliməsi Aytən xanıma böyük hörmət bəsləyirdi. Sinif yoldaşları ilə bir yerdə olmaq, yeni biliklər öyrənmək, lövhəyə çıxıb müəlliməsinin suallarına cavab vermək onun ən böyük sevinci idi. Gələcəkdə həkim olmaq istəyirdi. Xəstələrin ağrılarını yüngülləşdirmək, insanlara kömək etmək arzusuyla yaşayırdı.
Anası Şəbinə xanım qızını çox istəyirdi. Onun yaxşı tərbiyə almasını, öz inanclarına uyğun böyüməsini arzulayırdı. Lakin son günlər məktəbli forması ilə bağlı qərar ailədə narahatlıq yaratmışdı. Şəbinə xanım qızının hicabını çıxarmasını istəmirdi. O, bu məsələdə öz fikrinin doğru olduğuna inanır, məktəbin mövqeyini qəbul etmək istəmirdi.
Bir neçə gün əvvəl Aylinin valideynləri məktəbə gəlmiş, Aytən müəllimə ilə bu barədə sərt danışmışdılar. Müəllimə onlara sakit şəkildə izah etməyə çalışmışdı ki, uşaqların təhsildən geri qalması heç kimin xeyrinə deyil. Ancaq söhbət gərginləşmiş, valideynlər onun sözlərini dinləmədən məktəbdən çıxmışdılar.
Həmin səhər Aylin məktəbə hazırlaşdı. Anası onun başını örtdü, çantasını çiyninə keçirdi və birlikdə yola düşdülər. Məktəbin qapısına çatanda Aylin bir anlıq dayandı. Həyətdə şagirdlər görünürdü. Hamısı səliqəli məktəbli formalarında idi. Qızlar rəfiqələri ilə danışır, oğlanlar gülüşərək siniflərə tələsirdilər. Aylin də onlara qoşulmaq istədi. Lakin məktəbin girişində ona qaydalara uyğun geyimdə gəlmədiyi üçün dərsə daxil ola bilməyəcəyi bildirildi.Qızın gözləri doldu.
- Ana, mən də dərsə girmək istəyirəm. Axı mən heç kimə pislik etməmişəm...
Şəbinə xanım qızının əlindən tutub onu evə apardı. Aylin bütün yol boyu susdu. Anası da danışmırdı. Hər ikisi öz düşüncələrinə dalmışdı. Evdə Aylin çantasını otağın bir küncünə qoydu. Kitablarını açmaq istədi, amma sinif yoldaşlarından ayrı qalmaq ona ağır gəlirdi. Dəftərində yarımçıq qalmış tapşırığı gördü. Bir neçə gün əvvəl müəllimənin lövhəyə yazdığı cümlə yadına düşdü: “Bu gün öyrəndiyin bilik sabah Vətəninə verəcəyin töhfədir.” Aylin pəncərənin önünə keçdi. Küçədən məktəbli uşaqların səsi gəlirdi. Onlar məktəbə gedirdilər. O isə evdə qalmışdı.
- Niyə mən dərsə gedə bilmirəm? - deyə astadan öz-özünə soruşdu. - Mən də oxumaq istəyirəm. Mən də böyüyəndə həkim olmaq istəyirəm. Bəs dərsdən qalsam, arzuma necə çataram?
Bu sualların cavabını axtararkən televizoru yandırdı. Ekranda məktəbli forması haqqında veriliş gedirdi. Ziyalılar, müəllimlər və təhsil mütəxəssisləri uşaqların məktəbə vahid forma ilə gəlməsindən danışırdılar. Onlardan biri belə deyirdi: Məktəb ilk növbədə bilik ocağıdır. Uşaqlar burada oxumağı, düşünməyi, bir-birinə hörmət etməyi öyrənirlər. Məktəbli forması uşaqlar arasında geyimə görə yaranan fərqləri azaltmağa, hamının eyni məktəb mühitində özünü bərabər hiss etməsinə kömək edir. Əsas məqsəd uşaqların təhsil alması, bilik qazanması və gələcəyə hazırlanmasıdır.
Aylin diqqətlə qulaq asırdı. Ekranda məktəbli formasında olan uşaqlar göstərilirdi. Biri kasıb ailədən idi, digəri imkanlı ailədən. Amma məktəbdə onlar eyni partalarda oturur, eyni müəllimdən dərs alır, eyni suallara cavab axtarırdılar. Aylin düşündü: “Deməli, məktəbdə əsas olan geyimim deyil, nə öyrəndiyimdir. Mən yaxşı oxusam, zəhmət çəksəm, gələcəkdə arzuma çata bilərəm. Bəs niyə mən özüm üçün bu qədər vacib olan dərslərdən geri qalmalıyam?” Elə bu vaxt telefonu zəng çaldı. Zəng edən sinif yoldaşı Lalə idi.
- Aylin, necəsən? - Lalə soruşdu. - Bu gün müəllimə riyaziyyatdan yeni mövzu keçdi. Sonra Azərbaycan dili dərsində inşa yazdıq. Aytən müəllimə sənin yoxluğunu hiss etdi. Dedi ki, Aylin dərslərini sevən, çalışqan şagirddir. Tezliklə aramızda olmasını istəyir. Aylin kövrəldi.
- Lalə, mən də sizin üçün darıxmışam. Müəlliməm üçün də... Kaş bu gün sizinlə sinifdə olaydım.
- Sabah gələcəksən? — Lalə soruşdu.
Aylin bir müddət susdu. Sonra qətiyyətlə dedi: Gələcəyəm, Lalə. Mən oxumaq istəyirəm. Sabah məktəbli formamı geyinib məktəbə gedəcəyəm. Telefonu söndürəndən sonra Aylin anasının yanına gəldi. Şəbinə xanım mətbəxdə iş görürdü. Qızının üzündəki ciddiliyi görüb ona tərəf çevrildi.
- Ana, səninlə danışmaq istəyirəm.
- De, qızım.
- Mən sabahdan məktəbə gedəcəyəm. Vahid məktəbli forması ilə. Qərarlara əməl etməliyik. Mən müəllimlərimdən, dərslərimdən geri qalmaq istəmirəm. Gələcəkdə Vətənimizin çiçəklənməsində mənim də payım olmalıdır. Bunun üçün yaxşı oxumalıyam. Şəbinə xanım qızının sözlərini dinlədikcə susdu. Onun qarşısında artıq yalnız anasının dediklərini təkrarlayan balaca bir uşaq yox, öz gələcəyi haqqında düşünən bir məktəbli dayanmışdı.
Aylin sözünə davam etdi: Ana, mən səni çox istəyirəm. Bilirəm, sən də mənim yaxşılığımı istəyirsən. Amma mən dərsə getməyəndə heç nə qazanmıram. Əksinə, müəllimlərimdən, dostlarımdan, biliklərdən uzaq düşürəm. Mənim məktəbə getməyimə kömək et. Şəbinə xanımın gözləri yaşardı. Qızının saçlarına sığal çəkdi, onu qucaqlayıb üzündən öpdü.
- Sən mənim ağıllı qızımsan, Aylin. Mən də sənin yaxşılığını istəyirəm. Bəlkə də bu məsələdə yalnız öz düşüncəmə qapıldım, sənin nə hiss etdiyini, nə istədiyini kifayət qədər düşünmədim. Səni dərsdən uzaq salmaqla səhv etdiyimi indi daha yaxşı anlayıram. Yaxşı oxu, qızım. Gələcəkdə inşallah arzuna çatarsan, Vətəninə layiqli bir insan olarsan. Aylin anasını qucaqladı. O gecə ürəyindəki narahatlıq azaldı. Sabah yenidən məktəbə gedəcəyini düşünərək sevindi.
Atası da axşam söhbətə qoşuldu. Aylinin qərarını eşidəndə əvvəlcə təəccüblə qızına baxdı, sonra başını aşağı salıb fikrə getdi.
- Qızım, sən haqlısan, - dedi. - Biz sənin gələcəyini düşünməliyik. Sənin oxumağın, bilikli və savadlı böyüməyin hər şeydən vacibdir. Sabah ananla birlikdə məktəbə gedəcəyik. Müəllimənlə də danışacağıq.
Səhər açılan kimi Aylin sevincək yatağından qalxdı. Səliqəli məktəbli formasını geyindi, saçlarını daradı, çantasını hazırladı. Güzgünün qarşısında dayanıb özünə baxdı. Üzündə təbəssüm vardı.
- Bu gün yenidən məktəbə qayıdıram, — deyə pıçıldadı.
Şəbinə xanım qızının çantasını yoxladı, yaxasını düzəltdi. Sonra onun əlindən tutdu. Atası da onlara qoşuldu. Məktəbin qapısına çatanda Aylinin ürəyi sürətlə döyünürdü. Bir neçə gün əvvəl gözləri yaşlı ayrıldığı həmin qapı indi ona başqa cür görünürdü. Həyətdə uşaqlar oynayır, zəngin səsinə hazırlaşırdılar. Aytən müəllimə girişdə dayanmışdı. Aylini görəndə üzündə təbəssüm yarandı.
- Xoş gəlmisən, Aylin! Səni gözləyirdik, qızım.
Aylin müəlliməsinin qucağına sığındı.
- Müəllimə, mən də sizin üçün çox darıxmışam.
Şəbinə xanım irəli gəldi. Bir neçə gün əvvəlki sərt danışığını xatırladıqca xəcalət çəkirdi.
- Aytən müəllimə, sizinlə danışmaq istəyirik. O gün məktəbdə sizinlə kobud danışdığımıza görə bizi bağışlayın. Biz həyəcanımıza qapıldıq, sizin sözlərinizi sona qədər dinləmədik. İndi başa düşürük ki, uşağın təhsil alması, dərslərindən geri qalmaması çox vacibdir. Sizdən üzr istəyirik.
Aylinin atası da sözə qarışdı: Müəllimə, biz də səhvimizi anlayırıq. Sizin işiniz uşaqlara bilik vermək, onları həyata hazırlamaqdır. Biz də sizə dəstək olmalıydıq. Ümid edirik, bizi bağışlayarsınız. Aytən müəllimə onların sözlərini səmimiyyətlə dinlədi.
- Mən sizi başa düşürəm. Hər bir valideyn övladının yaxşılığını istəyir. Əsas odur ki, uşaqlarımız təhsildən geri qalmasınlar, məktəbə sevə-sevə gəlsinlər. Gəlin, bundan sonra Aylinin təhsili üçün birlikdə çalışaq. Şəbinə xanım minnətdarlıqla başını tərpətdi.
Aylin müəlliməsinin əlindən tutub sinfə tərəf getdi. Qapını açanda sinif yoldaşları onu gördülər. Lalə yerindən qalxıb ona tərəf qaçdı. Ardınca Nigar, Günel, Zəhra və digər uşaqlar da Aylini qarşıladılar.
- Aylin gəldi! - Lalə sevincək səsləndi.
Sinifdə gülüş, sevinc və xoş sözlər eşidildi. Aylin öz partasına keçdi, çantasını açdı. Elə bil bir neçə gündür uzaq düşdüyü dünyasına qayıtmışdı.
Aylinin sinifində hicablı olan başqa qızlar da vardı. Onlardan Nigar, Günel və Zəhra bir neçə gündür dərsə gəlmirdilər. Aylinin məktəbli formasında sinfə qayıtdığını eşidəndə onlar da düşünməyə başladılar. Həmin gün tənəffüsdə Nigar Aylinə yaxınlaşdı.
- Sən yenə məktəbə qayıtdın? — deyə soruşdu.
- Bəli, Nigar. Mən dərslərimdən geri qalmaq istəmirəm. Bizim gələcəyimiz təhsildən, zəhmətdən keçir. Mən böyüyəndə həkim olmaq istəyirəm. Sən də axı müəllim olmaq istəyirdin. Dərslərdən uzaq qalmaqla arzularımıza necə çata bilərik? Nigar başını aşağı saldı.
- Mən də məktəb üçün darıxmışam. Rəfiqələrim üçün, müəllimələrim üçün...
Günel də söhbətə qoşuldu: Mən də qayıtmaq istəyirəm. Evdə oturanda başa düşdüm ki, məktəbdən uzaq qalmaq mənə çox çətindir. Bizim yerimiz sinifdədir. Zəhra isə sakitcə dedi: Gəlin, valideynlərimizlə danışaq. Onlara izah edək ki, biz oxumaq, bilikli olmaq, gələcəyimizi qurmaq istəyirik. Aylin rəfiqələrinin əlindən tutdu.
- Gəlin, bunu birlikdə edək. Heç kimlə mübahisə etməyə ehtiyac yoxdur. Sadəcə, oxumaq istədiyimizi, məktəbə qayıtmaq arzumuzu sakitcə deyək.
O gün qızlar evə gedəndə valideynləri ilə danışdılar. Bəziləri əvvəlcə razılaşmadı, bəziləri isə uşaqlarının sözlərini dinləyib fikirləşməyə başladı. Aylinin nümunəsi onlara göstərdi ki, uşağın məktəbə qayıtmaq istəyi sadəcə bir günlük həvəs deyil. Bu, onun gələcəyinə bağlı arzusudur.
Bir neçə gün sonra Nigar, Günel və Zəhra da valideynləri ilə məktəbə gəldilər. Məktəbli formalarını geyinmişdilər. Qızlar məktəbin qapısından içəri girəndə Aytən müəllimə onları da gülərüzlə qarşıladı.
- Xoş gəlmisiniz, qızlar! Sizin də yeriniz sinifdədir. Onlar sinifə daxil oldular. Dostları sevincək onları qarşıladılar. Aylin rəfiqələrini görəndə elə sevindi ki, gözləri doldu.
- İndi yenə hamımız bir yerdəyik, — dedi.
Hadisə məktəbdə bununla bitmədi. Şagirdlərin dərslərinə qayıtması, valideynlərin məktəblə anlaşması və uşaqların təhsilə marağı yerli qəzetdə işıqlandırıldı. Məqalədə Aylinin və rəfiqələrinin təşəbbüsündən, məktəbə qayıtmaq üçün göstərdikləri iradədən bəhs olunurdu. Yazıda belə bir fikir xüsusi vurğulanmışdı: uşaqların təhsildən uzaq qalması onların gələcəyinə təsir edir; valideynlərlə məktəbin qarşılıqlı anlaşması isə uşaqların rifahı və inkişafı üçün vacibdir.
Məqalə başqa məktəblərdə də oxundu. Orada təhsil alan bəzi hicablı qızlar da Aylinin təşəbbüsündən xəbər tutdular. Onlar öz aralarında danışdılar, valideynlərinə məktəbə qayıtmaq istədiklərini bildirdilər. Bir neçə gün ərzində həmin məktəblərdə də uşaqların dərslərə qayıtması üçün ailələrlə məktəb rəhbərliyi arasında söhbətlər aparıldı. Beləcə, Aylinin kiçik addımı başqa uşaqlara da ümid verdi. Onlar anladılar ki, gələcəklərini qurmaq üçün bilik qazanmaq, müəllimlərini dinləmək, zəhmət çəkmək lazımdır.
Bir gün Aytən müəllimə dərsin sonunda şagirdlərə belə dedi: Uşaqlar, insan həyatda bəzən çətin seçimlərlə qarşılaşır. Əsas odur ki, qərar verəndə düşünək, başqalarını dinləyək və gələcəyimizi nəzərə alaq. Siz hələ balacasınız, amma fikirləriniz, arzularınız var. Onları valideynlərinizlə bölüşün, suallarınızı çəkinmədən verin. Təhsil sizin haqqınızdır, bilik isə gələcək həyatınızın yol yoldaşıdır. Aylin əlini qaldırdı.
- Müəllimə, mən bir şey demək istəyirəm.
- Buyur, Aylin.
- Mən başa düşdüm ki, insan öz gələcəyini düşünməlidir. Mən yaxşı oxumaq istəyirəm. Gələcəkdə həkim olub insanlara kömək etmək istəyirəm. Vətənimizin inkişafında mənim də payım olsun istəyirəm. Bunun üçün bu gündən çalışmalıyam. Sinifdə alqış səsləri eşidildi. Aytən müəllimə Aylinə baxıb gülümsədi.
- Afərin, qızım. İnanıram ki, zəhmət çəksən, arzuna çata bilərsən.
Dərsdən sonra Aylin evə tələsdi. Anası onu qapıda qarşıladı.
- Necə keçdi günün, qızım?
Aylin anasını qucaqladı.
- Çox yaxşı, ana! Bu gün yenə dostlarımla bir yerdə idim. Müəlliməmizin dərsini dinlədim. Mən məktəbə qayıtdığım üçün çox xoşbəxtəm. Şəbinə xanım qızının üzündən öpdü.
- Sən mənim ağıllı qızımsan, Aylin. Yaxşı oxu, qızım. Arzularına çatmağın üçün həmişə yanında olmağa çalışacağam. Aylin anasının əlindən tutdu. Sonra çantasını açıb kitablarını çıxardı. Sabahkı dərslərə hazırlaşmağa başladı. Pəncərədən günəş işığı otağa düşürdü. Aylin dəftərinin ilk səhifəsinə bir cümlə yazdı: “Mənim gələcəyim bu gün öyrəndiklərimdən başlayır.” Sonra qələmini yerə qoyub gülümsədi. Qarşıda onu çoxlu dərslər, yeni biliklər, çətin imtahanlar və böyük arzular gözləyirdi. Aylin bilirdi ki, hələ çox oxumalı, çox öyrənməli, zəhmət çəkməli olacaq. Amma artıq bir şeyi yaxşı anlamışdı: insanın gələcəyini qurmaq üçün ilk addımı elə bu gündən atmaq lazımdır. Və o, bu addımı atmışdı.
Hekayənin nəticəsi: Uşaqların gələcəyi böyüklərin mübahisələrindən daha qiymətlidir. Valideynin ən böyük borcu övladını qorumaqla yanaşı, onun təhsil almasına, düşünməsinə və arzularına çatmasına kömək etməkdir. Məktəb isə hər bir uşağın bilik qazandığı, dostluq qurduğu və gələcəyə hazırlaşdığı yerdir.
Epiloq - Zaman dəyişir, maarifin işığı sönmür
Ötən əsrin əvvəllərində Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi Cəfər Cabbarlı öz əsərlərində qadının azadlığı, maariflənməsi və cəmiyyətdə layiqli yer tutması uğrunda mübarizəni əks etdirirdi. O illərdə qadının təhsil alması, öz taleyi haqqında düşünməsi, köhnəlmiş düşüncələrin əsarətindən qurtulması böyük cəsarət tələb edirdi. Ədəbiyyat insanları düşünməyə çağırır, maarifin işığını cəmiyyətin qaranlıq guşələrinə aparmağa çalışırdı.
Aradan uzun illər keçib. Zaman dəyişib, məktəblər yenilənib, qızlarımız ali təhsil alır, müxtəlif sahələrdə çalışır, ölkəmizin inkişafına öz töhfələrini verirlər. Lakin bir həqiqət dəyişməz qalır: uşağın gələcəyinə aparan yol bilikdən, təhsildən və düşünmək bacarığından keçir.
Aylinin hekayəsi də bizə bunu xatırladır. O, öz uşaqlıq arzularını, məktəb sevgisini və gələcəkdə Vətəninə faydalı olmaq istəyini dilə gətirdi. Onun bu addımı başqa qızları da düşündürdü, valideynlərinə isə övladlarının gələcəyi haqqında yenidən düşünmək imkanı verdi. Baş örtüyü insanın şəxsi inancı və seçimi ilə bağlı məsələ ola bilər. Ancaq heç bir uşaq böyüklərin fikir ayrılıqlarının içində təhsilindən məhrum qalmamalıdır. Uşağın məktəbə getməsi, bilik qazanması, müəllimindən öyrənməsi və öz gələcəyini qurması hər zaman diqqət mərkəzində olmalıdır.
Cəfər Cabbarlının yaşadığı dövrdən bu günə uzanan maarifçilik çağırışının mahiyyəti də elə budur: insanı düşünməyə, öyrənməyə, yeniliyi dərk etməyə səsləmək. Aylin sabah yenə məktəbə gedəcək. Dəftərini açacaq, kitabını oxuyacaq, yeni biliklər qazanacaq. Bəlkə illər sonra həkim olacaq, xəstələrin şəfasına çalışacaq. Bəlkə başqa bir peşə seçəcək. Amma hansı yolu seçməsindən asılı olmayaraq, bu gün aldığı təhsil onun gələcəyinin təməli olacaq. Çünki bir uşağın məktəbə qayıtması yalnız bir ailənin qərarı deyil. Bu, gələcəyə açılan bir qapıdır.
Zaman dəyişir, nəsillər yenilənir, amma maarifin işığına ehtiyac heç vaxt azalmır. O işığı qorumaq isə həm ailənin, həm məktəbin, həm də bütün cəmiyyətin borcudur.