Bakı və Ankaranın arasını buna görə vurmaq lazımdır, anlayırsınızmı?!


Çox təəssüflər olsun... İstanbuldakı Baş Konsulluğumuzun ardınca Ankaradakı səfirliyimizin qarşısında keçirilən aksiya düşmənlərimizin çörəyinə yağ-bal sürtülməsidir. Bir əsrdən artıqdır saxta “erməni genosidi” bayrağı ilə dünyada Türkiyəyə qarşı nifrət aşılayan bir türk dövlətinin süqutu, torpaqlarının zəbt edilməsi üçün pisliklərindən geri qalmayan ölkənin mediasına baxın: necə də sevinirlər...

İllər boyunca, Qarabağın işğaldan azad olunmasından sonra xüsusilə, Azərbaycanın ABŞ və Avropa ölkələrindəki səfirliklərinin qarşısında erməni diasporunun, həmçinin İranın uzantılarının təxribatçı aksiyalarının, bayraqlarımıza həqarət edilməsinin, diplomatlarımıza qarşı ölüm təhdidinin yaradılmasının, soydaşlarımıza xəsarətlər yetirilməsinin şahidi olduq. O aksiyalar hardasa başadüşülən idi, Azərbaycan xalqı və dövləti erməni diasporunun və lobbisinin, bütövlükdə erməniçiliyin atasını yandırıb tarixi Qarabağ Zəfəri ilə, onlar belə gözləmirdilər, yatsalar, yuxularına da girməzdi... Amma qardaş ölkədə davamlı şəkildə Azərbaycana qarşı həddini aşan etirazlar, ölkəmizə, dövlət başçımıza qarşı həqarətlərin səslənməsi, bu da biz yatsaq, yuxumuza girməzdi...Azərbaycan hüquqi dövlətdir və təhsil ocaqlarında vahid məktəbli geyiminə keçidlə bağlı qərar qəbul olunub, kimin nə həddinə, müstəqil Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə etsin?!

840195.jpg (141 KB)

Qarabağ və Şərqi Zəngəzur 30 il ərzində işğal altında qalanda Ermənistan bu ərazilərdə 67 məscidimizi yer üzündən sildi, bu gün Azərbaycana dil uzadanlar o zaman niyə lal olmuşdular?! Ermənilərin məscidlərimizi donuz və inək fermalarına çevirməsinə niyə etiraz etmirdi bu, “islamçılar?!”

Torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycan Prezidentinin tapşırığı ilə məscidlərimizin bərpasına və yeni məscidlərin tikintisinə başlanılıb. Şuşada, Daşaltıda, Cəbrayılda, Hadrutda, Ağdamda...Hətta bəzi dost ölkələr bu ərazilərdə məscid tikib, Azərbaycan dövlətinin inanc adamlarına, dinimizə böyük diqqət və sayğısına dəstək, həm də hörmət əlaməti olaraq...Amma bu reallıqlar “din” pərdəsi altında ortaya çıxanlara, sosial mediada söyüş yağdıranlara, küçələrdə gerçək simalarını ifşa edənlərə maraqlı deyil, onlara komanda verilib, vəssalam!

HULUSİ.jpg (167 KB)

Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç Ankarada Azərbaycan səfirliyi və İstanbulda Baş Konsulluq qarşısında radikal dini qrupların keçirdiyi aksiyaları kəskin şəkildə pisləyib. Təcrübəli diplomat tamamilə haqlı olaraq bu hərəkətlərin yalnız Azərbaycana deyil, Türkiyəyə də qarşı yönəldiyini bildirib və qeyd edib ki, Türkiyədə təşkil olunan aksiyalar iki qardaş ölkə arasındakı münasibətlərə zərbə vurmaq məqsədi daşıyır. Beyinləri yuyulmuş həmin söyüş dəstələri oxusun Hulusi Kılıçın dediklərini! 2008–2012-ci illərdə Türkiyənin Azərbaycandakı səfiri olmuş təcrübəli diplomat Türkiyəni nə qədər sevirsə, Azərbaycanı da o qədər sevir, bütün Türk dünyasının rifahı üçün illərini həsr edib. Ölkəmizə həqarət edənlər, təhqirlər yağdıranlar Azərbaycanı Hulusi bəydən yaxşımı tanıyırlar, bəlkə ondan çox sevirlər, buradakı insanların “hicab problemi olduğu” barədə hay-küy qaldırırlar?

Oktyabrın 13-də Ankarada Azərbaycanın Türkiyədəki səfirliyi qarşısında radikal dini çağırışlarla müşayiət olunan aksiyanın təşkilatçısı “Köklü Değişim” platforması olub. Bu platforma Türkiyədə xilafət ideologiyasını təbliğ edən “Hizb ut-Təhrir” hərəkatı ilə əlaqələndirilir. Oktyabrın 3-də isə Özgür-Der təşkilatı İstanbulda Azərbaycan Baş Konsulluğu qarşısında aksiya keçirmişdi. Sanki düşmən ölkəyə, xalqa qarşı təşkil olunmuşdu bu etirazlar, adamı ağrıdan budur. İrəvanda, ya Tehranda keçirilsəydi, boş verərdik, onların keçirdiyi etirazlar böyük Xəlil Rza Ulutürk demişkən, “Bizə vızzz gəliyor, vızzz...” Amma Türkiyədə keçirilməsi çox üzücüdür...

Demək olardı ki, bu etirazlar xaricdən idarə olunur, məsələn, Zəngəzur dəhlizinin qarşısını heç cür ala bilməyən İranın xüsusi xidmət orqanları Türkiyədə anti-Azərbaycan ssenarisini işə salmaqla “Bir millət, iki dövlət”in arasını vurmaq və Zəngəzur dəhlizi söhbətini “hicab qadağası” iddiası ilə qapatmaq istəyir.

Azərbaycan və Türkiyə arasında gərginliklər yaşansa, təbii ki, Zəngəzur dəhlizi ilə bağlı da problemlər yaşana bilər, Türkiyə Dövlət Təşkilatı ilə bağlı da...Türk düşmənləri bu qədər məkrli planlar üzərində işləyirlər.

16ba6a5c28bbabf505344ac8eb6c08c4.jpeg (105 KB)

On illər boyunca Azərbaycanı torpaqlarının ilhaqı ilə barışdıra bilməyən, güzəştlərə vadar etməyi bacarmayan qüvvələr fürsət düşən kimi üstümüzə şığıyırlar. Əgər Mərkəzi Asiya ölkələrində tədris ocaqlarında hicab illər öncə qadağan edilibsə və buna nəinki Türkiyədən, heç İrandan da etiraz gəlməyibsə, deməli, anti-Azərbaycan kampaniyası daha məkrli planlara hesablanıb. Xarici qüvvələrin mövqeyi bəllidir, Azərbaycanda “kərimə dövləti” qurmaq istəyənlərdən tutmuş, Azərbaycanı öz əyalətinə çevirmək istəyinə qədər ən müxtəlif maraqlar var və vaxtaşırı belələrinin burnu ovulur. Dövlətimizin başçısı hakim partiyanın qurultayında bir daha xəbərdar etdi ki, kimsə bizim daxili işlərimizə burun soxmasın, öz xalqı, öz dövləti ilə məşğul olsun! Azərbaycan düşmənlərinin mövqeyi bəlli...Amma axı, bu hadisələr qardaş Türkiyədə baş verir! Şuşa Bəyannaməsi imzalanmasaydı belə, bizim qardaşlığımız, müttəfiqliyimiz bütün dünyada həsədlə izlənilirdi. İndi nə oldu belə? Türkiyədə keçirilən hansısa sorğuda 24,9 faiz iştirakçının Azərbaycanı “düşmən ölkə” elan edilməsi nə deməkdir?! Azərbaycanda keçirilən sorğuda bir nəfər Türkiyəni “düşmən ölkə” adlandırardımı?! Bu təfriqəni salanlar niyə cəzalandırılmadı? Axı, onda heç hicab bəhanəsi yox idi. Türkiyə prezidentinin baş müşaviri Oktay Sarala kim ixtiyar verib ki, o, Azərbaycanın daxili işlərinə qarışıb, qırmızı xətləri keçib?! Hakim Ədalət və İnkişaf Partiyasının bəzi deputatlarının da anti-Azərbaycan “xor”una qoşulmasını da xarici qüvvələr təşkil edib?! Görün məsələni hansı həddə çatdırdılar ki, hakim Yeni Azərbaycan Partiyası, Azərbaycan Respublikası Milli Məclisinin işçi qrupu etiraz bəyanatı ilə çıxış etdi. Bütün bunlar kimlərə lazım idi?.. Azərbaycanda heç kəsə lazım deyil, əmin olsunlar! Təsəvvür edin, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyir Azərbaycanda hicaba qadağa yoxdur, onu da hədəfə alırlar, təhqir edirlər. Bunlara sifariş belə verilib, bunların din, hicab dərdi yoxdur. Küçələrdəki başıpozuq dəstələri başa düşdük, onlar plan üzrə hərəkət edir, bəs Türkiyə rəsmiləri?! Yaraşmadı, heç yaraşmadı!

qqqqqqqqqqq.png (832 KB)

Əminik ki, bu da keçəcək! Vaxtilə işğalçı Ermənistanla “futbol diplomatiyası” aparılanda, Azərbaycan bayrağına qarşı sayğsızlıqlar olanda, “hepimiz ermeniyiz” deyiləndə də Azərbaycan dövləti haqlı bildiyi yolu ilə davam etdi, körpüləri yandırmadı, sivil formada etirazını, münasibətini bildirdi, kimsəyə küfr etmədi və sonucda qardaşlıq qalib gəldi, türk düşmənləri məğlub oldular! İndi düşmənlərimiz yenidən üstümüzə ayaqlanıblar, Türkiyənin içərisində türk soyadları altında gizlənən erməni, fars, yunan, PKK-lılar, terrorçu təşkilatların himayədarları, 30 mindən artıq türkü qətlə yetirən Öcalan tərəfdarları, Türkiyəni ürəyindən vurmaq üçün daim fürsətlər axtaran FETÖ dəstələri. Qardaş Türkiyə dövlətini ayıq-sayıq olmağa səsləyirik! Azərbaycana qarşı açılmış dava həm də Türkiyəni sarsıtmağa yönəlib, təxribatçılar zərərsizləşdirilməsə, sifarişçiləri ifşa olunmasa, Türkiyəni çətin günlər gözləyir!

İLHAMİ SON.jpg (55 KB)

Azərbaycan dövlətini, onun Liderini nəyəsə vadar edə bilməzlər, anlasınlar birdəfəlik! Azərbaycan Müsəlman Şərqində ilk müstəqil, demokratik respublikadır, qadınlara səsvermə hüququ ilk dəfə bizim dövlətimizdə verilib! İndi qadın və uşaqlar üzərində məkrli siyasət quranlar bizi cəhalətəmi sürükləmək istəyirlər?! Azərbaycan 35 il əvvəl müstəqilliyini Vətən övladlarının canı, qanı bahasına bərpa edib və kimsədən asılı deyil! Üstümüzə gələnlər uduzacalar! Amma bu gün bizin ürəyimiz Atatürk Türkiyəsi üçün yanır, bu dövləti özgə hesab etmirik! Avropa İttifaqının kandarında saxlanılanda da etirazımızı bildirmişik, “Türkiyə burada yoxdursa, mən varam”, deyən cəsur Prezidentimiz var, indi onun üstünə çamur atamlar etdiklərinin fərqindədilərmi?! 2016-cı ilin 15 iyulda – Türkiyədə dövlət çevrilişi ilə bağlı qanlı hadisələr yaşanan zaman Azərbaycanda hər kəs səhərədək yatmadı, ürəyi qardaş ölkə ilə birgə çırpnırdı, duaçı idik ki, çevriliş baş tutmasın! Şükür, qardaş ölkə terrorçuların öhdəsindən gəldi. Sonrakı dönəmlərdə, dəhşətli zəlzələlər zamanı binalar yıxılanda da “Binalar yıxılsa da, Türkiyəmiz ayaqda qalacaq” inamı ilə qardaşlarımızın yanında olduq! Türkiyə və Azərbaycanın dik dayanması, qoşa addımlaması, bayraqlarının yanaşı dalğalanması yalnız düşmənlərimizin ürəyini dağlayır və odur ki, bizi bölmək istəyirlər! Azərbaycanla yanaşı, Türkiyəyə qarşı da ərazi iddialarının əksini tapdığı Ermənistan Konstitusiyasının dəyişdirilməməsi üçün də Bakı və Ankaranın arasını vurmaq lazımdır, bunu anlayırsınızmı?! Aramıza təfriqə salanlar çoxgedişli kombinasiyalar oynayırlar, çox təəssüf ki, oyun üçün meydan bu dəfə Türkiyə seçilib və hələ də bu, türk düşmənlərinin cəzalandırılması istiqamətində addımlar atılmır. Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında bənzər aksiya keçirməyə kimin cəsarəti çatar(dı?!) Lütfən, yığışdırın bu təxribatçı dəstələri küçələrdən, sosial şəbəkələrdən, ürəyimiz bulanır, münasibətlərimizə çat salmaq istəyənlərin arzuları qursaqlarında qalacaq, amma bu addımlar nə qədər tez atılsa, o qədər yaxşıdır. Ayıbdır, düşmənlər sevinir, dostlar üzülür...

Elsad Paşasoy
/musavat


MANŞET XƏBƏRLƏRİ