Şəhla Aslan
Təhsilin idarə olunması üzrə fəlsəfə doktoru,
Türkiyənin Qazi Universitetinin müəllimi
Müasir informasiya mühitində regional hadisələr və siyasi proseslər ətrafında müxtəlif, bəzən emosional müzakirələrin yaranması təbiidir. Sosial media platformalarının ictimai rəyə təsir imkanları ayrı-ayrı fikirlərin sürətlə yayılmasına, bəzən isə hadisələrin kontekstdən kənar təqdim edilməsinə şərait yaradır.
Azərbaycan və Türkiyə cəmiyyətləri arasında mövcud olan güclü mənəvi bağlılıq hər iki xalqın bir-birinə aid məsələlərə xüsusi həssaslıqla yanaşmasını şərtləndirir. Bu həssaslıq qarşılıqlı diqqətin və yaxınlığın təzahürü olmaqla yanaşı, ictimai müzakirələrdə təmkinli yanaşmanın əhəmiyyətini də artırır.
Lakin ayrı-ayrı hadisələr ətrafında yaranan emosional reaksiyalarla dövlətlərarası münasibətlərin strateji mahiyyətini eyniləşdirmək düzgün olmazdı.
Azərbaycan və Türkiyə iki müstəqil dövlətdir. Hər iki ölkənin öz milli maraqları və xarici siyasət prioritetləri mövcuddur. Müxtəlif məsələlərə münasibətdə fərqli yanaşmaların meydana çıxması təbiidir. Möhkəm müttəfiqlik bütün məsələlərdə eyni düşünməyi deyil, fikir müxtəlifliyinin mövcud olduğu hallarda belə qarşılıqlı hörməti, etimadı və konstruktiv dialoqu qorumağı nəzərdə tutur.
Eyni zamanda, hər bir tənqidi fikri və ya fərqli mövqeni dezinformasiya kimi qiymətləndirmək doğru olmazdı. Sağlam ictimai müzakirə və konstruktiv tənqid cəmiyyətlərin inkişafının mühüm tərkib hissəsidir. Bununla belə, yoxlanılmamış məlumatların yayılması, bəyanatların kontekstdən çıxarılması və fərdi münasibətlərin bütöv xalqların mövqeyi kimi təqdim edilməsi yanlış təsəvvürlər yarada bilər.
Belə hallarda ən doğru yanaşma emosional qarşıdurmaları dərinləşdirmək deyil, faktlara əsaslanan məlumatlandırmanı, qarşılıqlı anlayışı və məsuliyyətli ictimai dialoqu gücləndirməkdir.
Azərbaycan–Türkiyə münasibətləri müvəqqəti informasiya gündəminin təsiri ilə formalaşmış siyasi yaxınlıq deyil. Bu münasibətlərin arxasında tarixi təcrübə, xalqların mənəvi bağlılığı, dövlətlərin ortaq siyasi iradəsi və möhkəm strateji əməkdaşlıq dayanır.
Azərbaycan–Türkiyə münasibətləri ortaq tarixi yaddaşa, milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada və strateji həmrəyliyə əsaslanan müstəsna qardaşlıq nümunəsidir. Əsrlər boyu formalaşmış bu mənəvi bağlılıq müasir dövrdə iki müstəqil dövlətin ortaq siyasi iradəsi ilə daha da möhkəmlənərək beynəlxalq münasibətlər sistemində özünəməxsus müttəfiqlik modelinə çevrilib. Bu münasibətlərin gücü yalnız ortaq keçmişdə deyil, ən çətin məqamlarda nümayiş etdirilən sədaqətdə və gələcəyə yönəlmiş birgə hədəflərdə özünü göstərir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı isə bu tarixi yaxınlığı müasir dövlətçilik fəlsəfəsi səviyyəsinə yüksəldib. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə aid edilən “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” fikri iki xalqın bir-birinin taleyinə münasibətinin mənəvi ifadəsidir. Hər iki yanaşmanın mahiyyətində ortaq dəyərlərlə yanaşı, qarşılıqlı hörmət, həmrəylik və mənəvi məsuliyyət dayanır.
1918-ci ildə Qafqaz İslam Ordusunun Bakının azad edilməsində oynadığı rol, Türkiyənin 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkə olması və sonrakı dövrdə ikitərəfli əməkdaşlığın ardıcıl inkişafı bu münasibətlərin tarixi davamlılığını nümayiş etdirir.
“Bizim ailəmiz Türk dünyasıdır”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk dünyasının birliyi ilə bağlı fikirləri bu tarixi münasibətlərin müasir siyasi məzmununu aydın ifadə edir. Dövlətimizin başçısı 2024-cü il fevralın 14-də keçirilən andiçmə mərasimində bəyan edib: “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.
Bu fikir Azərbaycanın Türk dünyası ilə əlaqələrə verdiyi strateji əhəmiyyətin ifadəsidir. Söhbət yalnız ortaq dil, tarix və mədəniyyətdən deyil, siyasi həmrəyliyin, iqtisadi inteqrasiyanın, nəqliyyat, enerji və təhlükəsizlik sahələrində əməkdaşlığın inkişafından gedir.
Azərbaycan–Türkiyə müttəfiqliyi bu geniş əməkdaşlıq məkanının əsas dayaqlarından biridir. İki ölkənin ortaq təşəbbüsləri Türk Dövlətləri Təşkilatının güclənməsinə, regional əlaqələrin genişlənməsinə və Türk dünyasının beynəlxalq mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verir.
44 günlük Vətən müharibəsi: Siyasi iradə və xalq həmrəyliyi
Azərbaycan–Türkiyə qardaşlığının gücü 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı xüsusilə aydın şəkildə özünü göstərdi. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk günündən nümayiş etdirdiyi qətiyyətli siyasi mövqe Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə mühüm dəstək oldu.
Prezident Rəcəb Tayyib Ərdoğan 2020-ci il sentyabrın 27-də Türkiyənin bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olduğunu bəyan etdi. Bu siyasi mövqe Türkiyə xalqının geniş mənəvi həmrəyliyi ilə müşayiət olundu. Müharibə günlərində Türkiyənin müxtəlif şəhərlərində Azərbaycan bayraqlarının dalğalandırılması, keçirilən həmrəylik tədbirləri və ictimaiyyətin göstərdiyi dəstək Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılandı.
Azərbaycanın tarixi Zəfəri Türkiyədə də böyük sevinc doğurdu. Prezident Rəcəb Tayyib Ərdoğan 2020-ci il dekabrın 10-da Bakıda keçirilən birgə mətbuat konfransında 44 günlük müharibənin nəticəsinin Azərbaycan xalqı ilə yanaşı, Türkiyə xalqını da sevindirdiyini vurğuladı. Həmin gün Türkiyə Prezidentinin Bakıda keçirilən Zəfər paradında iştirakı bu ortaq sevincin tarixi rəmzinə çevrildi.
Prezident İlham Əliyev də Türkiyənin, xüsusilə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibə dövründə göstərdiyi siyasi və mənəvi dəstəyi dəfələrlə yüksək qiymətləndirib.
Bu həmrəylik 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanması ilə yeni strateji mərhələyə yüksəldi. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış sənəd iki ölkə arasında müttəfiqlik münasibətlərini rəsmiləşdirərək siyasi, müdafiə, təhlükəsizlik, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın əsaslarını daha da möhkəmləndirdi.
Şuşa Bəyannaməsi tarixi qardaşlığın müasir dövlətlərarası münasibətlər sistemində institusional təminatının mühüm ifadəsinə çevrildi.
6 Fevraldan Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsinə:
Qardaşlığın əməldə təcəssümü
Azərbaycan və Türkiyə xalqları yalnız qələbə sevincini deyil, ən ağır faciələrin kədərini də birlikdə yaşayıblar.
2023-cü il fevralın 6-da Türkiyədə baş vermiş, on minlərlə insanın həyatına son qoymuş dağıdıcı zəlzələlər Azərbaycan xalqını dərindən sarsıtdı. Türkiyə tarixində “əsrin fəlakəti” kimi yadda qalan bu faciənin ilk saatlarından etibarən Azərbaycan dövləti və xalqı qardaş ölkənin yanında oldu.
Prezident İlham Əliyevin tapşırığı ilə axtarış-xilasetmə qrupları, tibbi heyət və humanitar yardımlar Türkiyəyə göndərildi. Azərbaycanlı xilasedicilər dağıntılar altında qalan insanların xilas edilməsi üçün fədakarlıq nümayiş etdirdilər. Dövlət qurumları ilə yanaşı, ictimai təşkilatlar və minlərlə vətəndaş yardım kampaniyalarına qoşuldu.
Azərbaycanın göstərdiyi dəstək fövqəladə vəziyyətin ilk günləri ilə məhdudlaşmadı. Prezident İlham Əliyevin təşəbbüsü ilə zəlzələdən ciddi zərər çəkmiş Kahramanmaraş şəhərində bütöv bir yaşayış məhəlləsinin inşasına başlanıldı.
Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində 27,6 hektar ərazidə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası və digər sosial infrastruktur obyektləri nəzərdə tutuldu.
2025-ci il iyunun 19-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirildi. Dövlət başçıları yeni yaşayış sahəsi ilə tanış oldular və zəlzələdən zərər çəkmiş ailələrə mənzillərin açarları təqdim edildi.
Prezident İlham Əliyev mərasimdəki çıxışında Azərbaycan xalqının bu faciəni öz faciəsi kimi qəbul etdiyini vurğuladı. Prezident Rəcəb Tayyib Ərdoğan isə Azərbaycanın göstərdiyi həmrəyliyə yüksək qiymət verərək qardaş ölkənin dəstəyinə görə minnətdarlığını ifadə etdi.
Kahramanmaraşda ucalan “Azərbaycan” məhəlləsi yalnız yaşayış binalarından ibarət quruculuq layihəsi deyil. O, iki xalqın ortaq kədərinin, bir-birinə uzanan qardaş əlinin və çətin günlərdə nümayiş etdirilən sədaqətin rəmzidir.
Azərbaycanın Zəfərini öz sevinci kimi yaşayan Türkiyə ilə Türkiyənin faciəsini öz kədəri kimi qəbul edən Azərbaycan arasındakı bu mənəvi bağlılıq qardaşlığın yalnız bəyanatlarda deyil, real əməllərdə yaşadığını təsdiqləyir.
Ortaq gələcəyin strateji dayaqları
Azərbaycan–Türkiyə müttəfiqliyinin davamlılığını təmin edən əsas amillərdən biri də ortaq gələcəyə yönəlmiş əməkdaşlıqdır.
Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri, TANAP və Bakı–Tbilisi–Qars dəmir yolu kimi strateji layihələr iki ölkənin regional və beynəlxalq əhəmiyyətli təşəbbüslərinin uğurlu nəticələridir.
Orta Dəhlizin inkişafı, enerji təhlükəsizliyi, müdafiə sənayesi, iqtisadi inteqrasiya, elm, təhsil və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsi Azərbaycan və Türkiyənin gələcəyə yönəlmiş ortaq baxışını əks etdirir.
Bu əməkdaşlıq yalnız ikitərəfli münasibətlərin inkişafına deyil, Türk dünyasında inteqrasiyanın güclənməsinə, regional bağlantıların genişlənməsinə və daha böyük coğrafiyada iqtisadi imkanların artmasına xidmət edir.
Prezident İlham Əliyevin Türk dünyasını vahid ailə kimi xarakterizə etməsi və Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycanla qardaşlıq münasibətlərinə verdiyi xüsusi əhəmiyyət iki dövlətin strateji tərəfdaşlığının davamlı siyasi iradəyə əsaslandığını göstərir.
Dəyişməyən dəyər – qardaşlıq
Azərbaycan–Türkiyə münasibətlərinin tarixi göstərir ki, həqiqi qardaşlıq yalnız ortaq mənşə və mənəvi yaxınlıqla deyil, çətin məqamlarda nümayiş etdirilən sədaqət və qarşılıqlı məsuliyyətlə möhkəmlənir.
2020-ci ildə Azərbaycanın Zəfərini birlikdə qeyd edən, 2023-cü ildə Türkiyənin faciəsini birlikdə yaşayan, Şuşada strateji müttəfiqliyini rəsmiləşdirən və Kahramanmaraşda qardaşlığın yeni ünvanını yaradan iki dövlətin münasibətləri məhz belə bir tarixi təcrübəyə əsaslanır.
Bu qardaşlığın gücü fikir ayrılıqlarının heç vaxt yaranmamasında deyil, müxtəlif yanaşmaların mövcud olduğu məqamlarda belə qarşılıqlı hörmətin, anlayışın və ortaq dəyərlərin qorunmasındadır.
Gündəm dəyişə, hadisələrə münasibətlər fərqlənə, ictimai müzakirələr zaman-zaman emosional xarakter ala bilər. Lakin Azərbaycan–Türkiyə qardaşlığının mahiyyətini müəyyənləşdirən keçici məqamlar deyil, ortaq tarix, sarsılmaz etimad və gələcəyə birlikdə addımlamaq iradəsidir.
Çünki Azərbaycanın Zəfərini öz sevinci bilən Türkiyə ilə Türkiyənin faciəsini öz kədəri kimi yaşayan Azərbaycanın qardaşlığı zamanın sınağından çıxmış, ortaq gələcəklə daha da möhkəmlənən bir dəyərdir.