Əkbər QOŞALI
25 oktyabr – Qubadlı Şəhəri Günüdür. Gəlin bu gün bir də yenidən quruculuğun maddi, dirçəlişin mənəvi ölçüləri haqqında söz açaq.
Məgər torpaq qurtulanda yurd da qurtulur və yaşam öz-özünə qayıdırmı? Bir şəhərin yollarını, binalarını, meydanlarını yenidən qurmaqla onun ruhunu da qaytarmış oluruqmu?.. – Bax, bu sualların hər biri Qubadlının qurtuluşundan sonra daha dərin anlam qazanır.
2020-ci ilin 25 oktyabrında Azərbaycan Ordusu Qubadlını işğaldan qurtardı. 2026-cı ilin oktyabrında – qurtuluşun altıncı ilində isə biz həmin tarixi hadisənin yaratdığı yeni vəzifələrə, yeni imkanlara, yeni məsuliyyətlərə baxırıq.
Torpağı azad etmək böyük missiyadır; azad edilmiş torpaqda həyatı yenidən qurmaq isə başqa bir böyük missiya!
Birincisi daha çox qəhrəmanlıq tələb edir, ikincisi uzaqgörənlik, davamlı əmək, təşkilatçılıq, elmi düşüncə və mədəni həssaslıq.
İşğaldan qurtulmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinə məhz bu baxımdan yanaşa bilərik.
Yol çəkmək – insanla yurd arasındakı qırılmış bağı bərpa etməkdir;
məktəb tikmək – gələcək nəsillərin doğma torpaqda düşüncə və dünyagörüşünü formalaşdırmaqdır;
ev tikmək – ocağın yenidən yanmasına münbit ortam yaratmaqdır;
mədəniyyət ocağı yaratmaq isə yaddaşın gələcəyə ötürülməsini təmin etməkdir.
Yenidən quruculuqla dirçəlişin eyni anlayışlar olmadığını – bax, bu çox vacib fərqi də vurğulamış olaq. Yenidənqurma maddi infrastrukturu bərpa edir, dirçəliş isə həmin infrastruktura ruh verir.
Qubadlı yeni binaları, yolları və bağlantı xətləri ilə yanaşı, yenidən yaranan insan münasibətləri, ailə yaşamının davamlılığı, mədəni mühit və ictimai fəallıqla da (və tam!) dirçələcək.
Mədəniyyətin yalnız görünən abidələrdən, maddi irsdən və incəsənət örnəklərindən ibarət olmadığını qəbul ediriksə, Qubadlının qurtuluşunu daha geniş mənəvi-fəlsəfi müstəvidə dəyərləndirməliyik. Çün mədəniyyətin bir də görünməyən qatları vardır.
El-obanın bir-birinə üztutma tərzi, toy və yas gələnəkləri, yerli danışıq özəllikləri, el yaddaşı, saz-söz mühiti, qonaqpərvərlik qaydaları, təbiətlə davranış mədəniyyəti… – Bunlar mədəniyyətin dərin qatlarını təşkil edir.
İşğal illərində Qubadlının maddi mədəniyyət mühiti ağır dağıntılara uğrasa da, həmin dərin qatların önəmli bölümü insanların yaddaşında yaşamağa davam etdi.
Bu anlamda məcburi köçkünlük bir sosial faciə olmaqdan savayı, həm də mədəniyyətin öz doğma bölgəsindən qıraqda yaşamaq məcburiyyəti idi.
İnsan yurdundan ayrı düşəndə öz mədəniyyətini də özü ilə aparır. Ancaq mədəniyyətin bütün qatlarını aparmaq mümkündürmü?
Bir kəndin bulağı ilə bağlı söylənən əhvalatı başqa yerdə də danışmaq olar; bəs o bulağın başında həmin əhvalatı dinləməyin duyğusunu necə aparasan?
Bir dağın adını yaddaşda saxlamaq olar. Bəs hər səhər o dağın üzərinə doğan Günəşi necə köçürəsən?..
Bir evin açarını onillərlə qorumaq olar. Bəs o açarın açdığı qapının arxasındakı yaşamı necə qoruyasan?.. – Bax, mədəniyyətin coğrafiya ilə üzvi bağı burada özünü göstərir.
Yurd həm də mədəniyyətin yaranmasında iştirak edən canlı mühitdir. Ona görə də Qubadlıya qayıdış həm də mədəniyyətin öz təbii mühitinə qovuşmasıdır.
İndi qarşıda daha böyük vəzifə – yaddaşda qorunmuş mədəniyyətin öz təbii məkanında yenidən yaşaması – dayanır.
Bu sürəc mexaniki təkrarlamadan ibarət olmamalıdır.
Qubadlı nə yalnız keçmişin olduğu kimi qaytarılması, nə də keçmişdən qopmuş tamamilə yeni bir yaşayış mühiti kimi düşünülməlidir. Əsl dirçəliş keçmişin ruhu ilə gələcəyin imkanlarını uzlaşdırmaq sənətidir.
Qubadlının sabahı həm milli memarlıq yaddaşına, həm çağdaş şəhərsalma prinsiplərinə, həm ekoloji tarazlığa, həm də insanın mənəvi ehtiyaclarına cavab verməlidir. – Göründüyü kimi, bu, artıq kulturoloji məsələdir.
Mən burada bir başqa məqama da toxunmaq istərdim.
Biz bəzən mədəniyyəti keçmişdən gələn miras kimi qəbul edirik. Əlbəttə, bu, doğrudur; ancaq həqiqətin hamısı deyil. Mədəniyyət həm də hər gün yenidən yaradılan yaşam tərzidir.
Qubadlıda yeni məktəbə gedəcək uşağın düşüncəsi, yeni ailə quracaq gəncin dünyagörüşü, yeni mədəniyyət ocağında səslənəcək musiqi, yazılacaq şeir, keçiriləcək el şənliyi – bütün bunlar gələcəyin Qubadlı mədəniyyətini yaradacaq. Deməli, biz yalnız mədəni irsi bərpa etmirik; eyni zamanda yeni mədəni irsin yaranması üçün ortam qururuq.
Burada gələnəklə yenilik qarşı-qarşıya qoyulmamalıdır. Gələnək gələcəyin yolunu kəsməməli, gələcək də gələnəyin yaddaşını silməməli, mədəniyyətin dərinliyi ilə çağdaş texnologiyanın imkanları bir-birini tamamlamalıdır. –
Ağıllı şəhər, ağıllı kənd anlayışları nə qədər önəmlidirsə, mənəvi baxımdan duyarlı şəhər, yaddaşlı kənd anlayışları da bir o qədər önəmlidir.
Çün texnologiya yaşamı asanlaşdıra bilər, ancaq yaşamın anlamını insan yaradır.
Bir şəhərin gerçək inkişafı onun nə qədər çağdaş olmasından daha irəli, orada yaşayan insanların özlərini nə qədər doğma, güvənli və mənən bütöv hiss etməsindədir.
Qubadlı məhz belə bir dirçəlişin ünvanı olmalıdır.
Bir zamanlar Qubadlının yolları həsrətə çıxırdı…
İndi həmin yollar qayıdışa, quruculuğa, sabaha çıxır…
Qubadlıya adların doğma səslənişi qayıdır.
Qubadlıya ocaq istisi, uşaq gülüşü, məktəb zəngi, yaşamın gündəlik ritmi qayıdır.
Qubadlıya tarixin yarımçıq qalmış cümləsinin davamı qayıdır. Bütün bunların içində ən böyük hadisə baş verir – mədəniyyət yenidən öz yurdunda nəfəs almağa başlayır.
Qubadlının dirçəlişi Zəfərin mədəniyyətə, gündəlik yaşama və gələcəyə çevrilməsidir. – Qutlu qurtuluşun altıncı ilindən görünən böyük həqiqətlərdən biri də budur!
Şəhidlər ölmədi, Vətən bölünmədi!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!