
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli
V yazı
Bizcə, XI-XII əsrlərdə Turan və İran məsələsi yenidən diqqət mərkəzində olmuşdur. Bu dövrdə hind-farssoylular özlərini Arilərə-İrana, türk-turan soylular isə özlərini turanlara-Türklərə bağlamışlar. Çünki həm Türk, həm də Fars aydınları, eləcə də həmin dövrün hökmdarları əski Turan və İrana çox maraq göstərmişlər. Özəlliklə, Səlcuq hökmdarları fars bilicilərinin də təsiri altında, özlərinə əski Əhəmənlər, Sasanlar şahların adlarına uyğun isimlər vermişlər. Lev Qumilyova görə eyni kökdən olmalarına baxmayaraq arilər/iranlılar zərdüştizmi qəbul etdikləri halda, Turanlılar isə bu dinə qarşı çıxmışlar.[1] V.Bartold da hesab edir ki: “Turana gəldikdə, bu sözə Avestada təsadüf olunur və güman edilir ki, bu, Ari xalqının mədəni səviyyəsi aşağı olan başqa budağı idi. Bu iki xalqın – Ari və Turanın arasında düşmənçilik var idi və VI əsrdə Türküstan türklərin hökmranlığı altına keçəndə bu iki söz bir-birinə yaxınlaşdı və əvvəllər türklərə aid olmayan Turan adı onlara aid olundu”.[2]
Arnold Toynbi irəli sürdüyü sivilizasiyalar arasında Türk-Turan sivilizasiyasına yer verməməsi bir yana, Ari mənşəli saydığı Şumer, İran, Hind sivilizasiyalarının içində isə Türkləri uzun müddət görmək istəmir. Çünki Toynbinin iddiasına görə, Türklərin tarixi Arilərdən 3 min il sonra başlayır: “Qədim Misir sənədləri göstərir ki, b.e.ə. ikinci minilliyin birinci yarısı boyu arilər üç min il sonra Türklərin də çıxdığı Böyük Çölün eyni yerindən çıxıblar”.[3]
Üstəlik, Toynbinin sivilizasiya nəzəriyyəsində Türk-Turan sivilizasiyası ya İslam sivilizasiyasının tərkibində, ya da onun daxilində subsivilizasiyası kimi qeyd olunur. Toynbi İslam sivilizasiyasının subelementlərindən bəhs edərkən həm Ərəb, həm də İran mədəniyyətinin özünəməxsusluqlarını göstərdiyi halda, Türk mədəniyyətinə sivilizasiya yaradıcı komponent kimi baxmamışdır. [4]Ümumiyyətlə, bu Toynbinin fikirlərindən belə anlamsız nəticə çıxır ki, ən qədim dövrlərdə Avropada ancaq hind-avropalılar yaşayırmışlar ki, m.ö. II minilliyin sonlarında onların bir hissəsi olan arilər/iranlılar Ön Asiyada yerləşmişlər. Onlardan çox sonra da yalnız erkən orta əsrlərdə haradansa, yəni Orta Asiya və Ön Asiyada əvvəllər yaşamayan türklər “peyda olmuş” və onlar hind-avropalıların qədim məskənlərini ələ keçirərək buranı Türküstan adlandırmış, hətta üstəlik Turan adını da Arilərin aşağı budağı olan xalqların adından götürmüşlər. Şübhəsiz, Şumeri və Midiyanı Ari/ İran mənşəli hesab edən Bartold, Toynbi kimlərinin türklər haqqında yazdıqları bu fikirlər tamamilə əsassızdır. Çünki onlar çox yaxşı bilirlər ki, gerçək olan Turan sivilizasiyasının elmi sübutu bir tərəfdən Arilik nəzəriyyəsi mifinin dağıdılması, digər tərəfdən “sivil xalq” məsələsinin yer dəyişdirməsi deməkdir. Başqa sözlə, Turan/ Türk mədəniyyəti mifdən gerçəkliyə çevrildikcə, Arilik/İranlılıq nəzəriyyəsinin də tam əksinə, “gerçəklik”dən çox uzaq olduğu bəlli olacaqdır. Digər tərəfdən turanlıları Arilərin aşağı budağı elan edib sonra da, Arilərlə Turanlılar arasında daim savaşlardan bəhs olunması inandırıcı görünmür.[5]
Ona görə də Bartold, Toynbi kimilərinin heç bir ciddi əsas olmadan Turanlıları Arilərə, özü də onlara aid aşağı bir xalq kimi bağlaması, eyni zamanda sonralar Turan adına sahib çıxdığını iddia etdikləri türklərin tarixini “gənc”ləşdirməsi sırf “Avropamərkəzçilik” ideologiyasının təzahürüdür. Hər halda heç bir zaman və bu gün də heç bir farsdilli və hinddillilər Turan və Turanlılara sahib çıxmamışlar. Üstəlik, Turanlılarla onlar arasında milli-dini dünyagörüş fərqləri olmuşdur, bu gün də həmin fərqlər qalmaqdadır. “Avesta”dakı Turanlılara gəlincə, onların Arilərə/İranlılara heç bir aidliyi olmadığı kimi, türklər mədəni səviyyə məsələsində də hind-avropa mənşəlilərdən çox fərqlənmiş, başqa sözlə, Arilər bir çox sosial-mədəni məsələləri Turanlılardan öyrənmişdilər. Ona görə də, Turan nəzəriyyəsini mifdən gerçəkliyə çevrilmək istəyiriksə, bunun üçün əlimizi “Avropamərkəzçi” elmdən (G.Hegel, V.V.Bartold, Q.B.Miller, A.Toynbi, Fukuyama, Hantiqton və b.) birdəfəlik üzməliyik. Çünki “Avropamərkəzçilər” arasında elmi obyektivlkdən çıxış edərək “Turan mədəniyyəti”, “Turan İmperiyası” məsələsini gündəmə gətirənlər olmuşdursa da (Le Norman, J.Oppert, Hommel, Says, N.Qrablis və b.), bu çox davamlı olmamışdır.
Bu baxımdan “Avropamərkəzçi” müəlliflərin “İran” anlayışını mənimsəmələri təsadüfi olmamışdır. Əslində “İran”ın indiki ideologiyasını məyyənləşdirən farslardan çox, “Avropamərkəzçi” alimlər olmuşlar. “Arilik” nəzriyyəsini ortaya atan Hind-Avropalı müəlliflər “İran”a da sahiblənməklə Turanı kölgədə qoymağa çalışmışlar. Bunun nəticəsi olaraq İrançılar və Turançıların əsrlərboyu gah hərb meydanlarında, gah da düşüncələrdə bir-birilərinə qarşı apardıqları savaşın sonuncu mərhələsini birincilər qazanmış, nəticədə “Turan”ın böyük bir hissəsi də sonralar “İran”a aid edilmişdir. Hətta, iş o yerə gəlib çatmışdır ki, “İran”ın ərazisi konkret məlum olduğu halda, “Turan”ın ərazisi havadan asılı vəziyyətdə qalmışdır. Bu anlamda Turan dedikdə, türklərin yaşadığı bütün ölkələri dərk etməklə təskinlik tapırıq ki, bununla da bir növ Turan utopiyaya çevrilmişdir.
Bu baxımdan Türk/Turan svilizasiyasının metodoloji açarının Turan alimlərinin öz əllərində olmasına inanırıq. Sadəcə, Turan sivilizasiyası ilə bağlı daha çox araşdırmalar aparmağımız, bununla yanaşı iradə göstərməyimiz lazımdır. Bəlkə də, araşdırmaları dərinləşdirməkdən də önəmli olan milli iradədir. Milli iradə dediyimiz, “Avropamərkəzçi”lərin “Arilik” tabusunu üzərimizdən götürərək, qərbyönlü “Turani”liyi deyil, Türk ruhlu Turançılığı dərk etməkdir. Əlbəttə, o zaman “Avropamərkəzçi”lərin ortaya qoyduğu “Ari”liyin təqlidi olan “Turani”liyin varlığı da mənasız olacaqdır.
Beləliklə, bu gün dünyada az qala onlarla sivilizasiyalar, mədəniyyətlərdən bəhs olunarkən, Türk-Turan mədəniyyətini görməzdən gəlmək, ya da onu Arilik, Buddizm, İslam, Xristian mədəniyyətlərinin tərkib hissəsi kimi təqdim etmək qətiyyən doğru deyildir. Turan sivilizasiyasını ortaya qoymaq üçün, ilk növbədə Prototürklər/Turanlılar, Şumerlər, Kutilər/Qutilər, Troyalılar, Etrusklar, İş Quzlar/Oğuzlar, Aranlar/Albanlar, Kimerlilər, Turukkilər, Mannalılar, Midiyalılar, Hunlar, Kəngərlilər, Qarqarlar, Xəzərlər/ Kaspilər, Səlçuqlar, Baharlılar, Bayandurlular, Osmanlılar, Səfəvilər, Əfşarlar, Qacarların tarixlərini və mədəniyyətlərini öz gözümüzlə, öz şüurumuzla, öz düşüncəmizlə analiz etməliyik. Türk/Turan mədəniyyəti, ya da Turan sivilizasiyası ilk növbədə, məhz bu əski Türk/Turan xalqlarının, onların qurduqları dövlətlərin varlığında özünü büruzə vermişdir. “Eramızdan əvvəl I minilliyinin ortalarında qədim Turana Baqtriya, Margiana, Soqdiana, Xorazm, Parfiya, Amudəryanın aşağı axınları, Zərafşan vahələri, Parkana (Fərqanə) və digər yerlər aid idi. Bu yerlərdə dil və həyat tərzi baxımından çox da fərqlənməyən massagetlər, xorazmlılar, soqdiyalılar, parfiyalılar kimi qəbilələr və xalqlar bəzən köçəri, bəzən oturaq həyat tərzi sürmüşlər”.[6]
Əlbəttə, bəlkə də sadaladığımız bu əski xalqlardan və onların qurduğu dövlətlərdən/imperiyalardan bəzilərinin doğrudan doğruya Türk-Turan mədəniyyətiylə birbaşa bağlılığı olmamışdır. Ancaq Turan sivilizasiyası böyük bir əraziyi, ən azı Alyaskadan Atlantik okeanına qədərki coğrafiyanı əhatə etdiyi üçün Türk-Turan xalqlarının ona yad olan mədəniyyətlərə ciddi şəkldə təsir göstərməsi, eyni zamanda özünün də bundan qidalanması şübhəsizdir.
Bəzi Qərb-Avropa alimləri ikinci müddəalarının zaman zaman gerçəkçi olmamasının aşkara çıxmasılyla üçüncü mülahizəni də ortaya atmışlar. Belə ki, bəzi Qərb müəllifləri yazırlar ki, Turan anlayışı milliyyəti, qövmiyyəti deyil çoğrafi ərazini, ölkəni (Turan ölkəsi, Turan vətəni) ifadə edir. Məsələn, Eliza Reklüye görə, Turan anlayışı altında hələ qədim zamanlarda Asiyadan Quzey Buzlu okeanına və Berinq boğazına qədər ərazilər nəzərdə tutulur.[7] O zaman “İran”ın da “Turan” kimi milliyyət deyil, coğrafi ərazi, vətən adı olması mülhaizələrini irəli sürmək lazımdır. Bu məntiqdən çıxış etsək, “İrandilli xalqlar” anlayışı ya tamamilə mənasızdır ya da əks təqdirdə “Turandilli, Turansoylu xalqlar” istilahı da eyni ciddiyyətlə gündəmə gətirilməlidir. Yəni yalnız birtərəfli olaraq iddia etmək ki, “Turan” ya coğrafi addır ya da Ariliyin aşağı budağıdır, qətiyyən doğru deyildir. Əski dövrlərlə bağlı Turan dedikdə, turların/türklərin yaşadığı ölkə, dövlət, imperiya başa düşülməlidir.
[1] Гумилйев Л. Гeoграфия eтносa в истoричесkий пeриoд. Лeнинград, 1990,с.114
[2] Bartold V.V. Müsəlman dünyası tarixində xəzəryanı bölgələrin yeri. Bakı: Elm, 1999, s.16