İŞIQLI ATALI
Ağşin Ağkəmərlinin xatirəsinə
Əslən Güney Azərbaycandan olan yazıçı, folklorçu, həkim Ağşın Ağkəmərli yaşamdan getdi. Coşğun, ümidli, yorulmaz, Vətən eşqiylə çırpınan ürəyi dayansa da, ulusumuzun ağlında, ürəyində həmişə yaşayacaq. Ağşin Ağkəmərli ulusallıq yolçusu idi. Quzey Azərbaycana gəlişi zamanı çəkdiyi əziyyətlərdən danışardı. Bütöv Azərbaycan eşqiylə yaşayırdı. Türkün ulusal və bəşəri keyfiyyətlərini bilirdi, öyürdü. İnqilabçılıqdan ötə intibahçılıq (ulusal-insani yüksəlişçilik) əhvalı vardı. İnan Atanın (Asif Atanın) Mütləqə İnamının Ulusa — Bəşərə hava-su kimi gərəkliyini anlayanlardan, yaşayanlardan idi.
Adətən Güney Azərbaycan əsilli soydaşlarımız aqibətlərində bir neçə yaradıcılıq sahəsini birləşdirməyə məcbur olublar. Bu, onların içində olduqları faciəvi durumla bağlı olub, indi də elədir. Ağşin bəy dolanışıq üçün həkimliyi aqibət kimi seçdi, habelə qələmə sarıldı, Güney Azərbaycandakı Ulusumuzun haqq səsini özümüzə, dünyaya çatdırmaq üçün dayanmadan çalışdı. Son illərdə halı kədərliydi, ancaq sifətindəki ümid qətiyyən solmamışdı. Onun üçün Vətənçilik aqibəti ilə yaşayan insan elə Vətən demək idi. İnanırdı ki, Vətənin əbədi var olması üçün insanlar Vətən ünvanı, təmsilçisi olmalıdırlar.
Həyat insana qarşıdır mahiyyətcə, onu yaşada bilmir. İnsan həyatı aşmağa, ötməyə, az vaxtda çox işlər görməyə özünü borclu sayır. Bilir ki, ömür azdır, iş çoxdur. Adam xisləti həmişə rahatlığı sevir, həyata mənəvi gözəllik, ədalət gətirmək istəyənlər isə çətinliyi seçirlər. Ağşin Ağkəmərli çətin yaşamağı aqibəti kimi qəbul edirdi. Bu, onun üçün alın yazısı mifindən çox üstün idi. Bilirdi ki, aqibətini özü yaradır, yolu fərəhlə getməlidir.
1960-cı ildə Güney Azərbaycanın Şəbüstər mahalının İskəmər kəndində anadan olmuşdu. Kiçik yaşlarından ailəsi ilə birlikdə Tehrana köçmüş və orta məktəbi orda bitirmişdi. 1996-cı ildə Tehrandakı Milli Universitetin tibb fakültəsini stomatologiya ixtisası üzrə bitirmiş, bir müddət Kərəc, Talağan və Tehranda həkim işləmişdi. Bədii yaradıcılığa orta məktəb illərində farsca yazdığı şeir və hekayələrlə başlamışdı. Bakıda və Tehranda yayımlanan "Kibritçi qız" (1990), "Dondurmaçı" (1995), "Bizi yaşadan tarix" (2001), "Öpdüm Arazı" (2016) kimi şeir və hekayələr kitablarının müəllifidir. Azərbaycan şairlərinin əsərlərini farscaya çevirib, bir çox Azərbaycan şairlərinin əsərlərinin redaktoru, tərtibçisi, ön sözünün yazarıdır. Baş redaktorluğu ilə 1990-cı ildən Tehranda fars və türk dillərində "Mişov dağı" adlı rüblük ədəbi dərgi nəşr olunub, burada Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsənətinin təbliğinə geniş yer verilib. Güney Azərbaycan folklorunun toplanılıb çap edilməsində xidmətləri var. 14 oktyabr 2026-cı ildə Bakıda 66 yaşında vəfat edib.
***
Onunla çox söhbətlərim olmuşdu, mətbuatda çap olunub. İndi oxuculara təqdim etdiyim söhbətlərin bir qismi onun Vətən, insan eşqli olduğunun sübutudur. Onun səsini (son 2-3 il) dinlədikcə yenə ümidli, coşğun əhvalını görürəm. İnsanı əməli və xatirəsi yaşadır.
İşıqlı Atalı: Ürəyinizdə Ata Günəşi olsun, Ağşın bəy. Necəsiniz?
Ağşin Ağkəmərli: Çox gözəl, əllərinizə sağlıq, var olun. Necəsiniz, qadan alım? Sizin səmimi məhəbbətinizdən sui-istifadə edib, köhnə yazıları ələk-vələk edirəm. Bəzilərini üzə çıxarıram ki, çapa hazırlayım. Düşündüm ki, bu yazılardan sizə göndərim. Əgər bu cür çap olunsa, onda bu yazılara əmma qoyarlar, ancaq sayənizə bunlar olmaz.
***
İşıqlı Atalı: Ürəyinizdə Ata Günəşi olsun, Ağşın bəy. Necəsiniz? Yazılarınıza baxıram. Hazırda redaktə gedir. Ümid edirəm ki, yaxşı alınacaq.
Ağşin Ağkəmərli: Qadası, baxdım. Çox gözəl, var olun. Diqqətiniz üçün dönə-dönə minnətdaram. Bağışla ki, dünən-bu gün Sizə cavab yaza bilmədim. Bizim oğlan əsgərdir, yaralanmışdı, ora-bura getmək; başım qarışıqdı. Dedim indi İşıqlı bəy deyər ki, Akşin unutdu. Yox, Siz nəinki mənim üçün, millətimiz üçün, o tayımız üçün, bu tayımız üçün çox dəyərli, qiymətli şəxsiyyətsiniz. Mən sizinlə, daşıdığınız ideya ilə qürur duyuram. Xüsusən də ki, daşıdığınız ideya bizim milləti millət eləyən, özünə gətirən, özünü özündə tapan bir ideyadır. Əgər millətin konsepsiyası, dünyabaxışı yoxdursa, o millət istər-istəməz parçalanır, əriyir gedir. Ancaq daşıdığınız ideya bizi düşündürür, birləşdirir, həm də bəşəridir. Bundan gözəl nə ola bilər? “İnsanlaşın, İnsanlaşdırın. Bəşərin nicatı İnsanlaşmaqdadır”. Öpürəm Sizi, uğurlar diləyirəm.
İşıqlı Atalı: Ağşın bəy, balanıza sağlıq diləyirəm. Sizin tərbiyənizi alan oğul əlbəttə, o cür hünərvər olmalıydı. Sizə, ailənizə sağlıq, fərəhli günlər diləyirəm. Yazın-yaradın. Bu ulusumuza çox gərəkdir.
***
04. 01. 2024. Ağşin Ağkəmərli: İllərdir mənə sayğınızı görürəm. Bu daxili keyfiyyətinizdən, o taylı bu taylı bir olan Vətənimizin qurulacağına inamınızdan irəli gəlir. Özümü xoşbəxt sayıram.
İşıqlı Atalı: Ağşın bəy, hekayəni oxudum, bacardığımı etdim. Biri qalıb, onu da oxuyacağam.
Ağşin Ağkəmərli: Tam oxumadım, amma gördüm dildə təmizlik aparıbsız. Təşəkkür edirəm.
İşıqlı Atalı: Hekayələrinizdə elə ifadələr var ki, ədəbi dilimizə uyğun deyil, ciddi redaktə olunmalıdır. O kəndin, elatın ruhundan, üslubundan çıxış etməyiniz mənə doğmadır. Ancaq oxucu bunu anlamalıdır. Mətn redaktədə tam yaranmalıdır.
Ağşin Ağkəmərli: Bu qədər səmimiyyət gösrərdiyinizə görə minnətdaram. Ancaq bir neçəsi də var, yarımçıqdır, onları da göndərərən baxarsınız.
***
Ağşin Ağkəmərli: Dəyərli, canım-ciyərim İşıqlı bəy. Sizi ümumiyyətlə, Azərbaycan dili və mədəniyyəti üzrə bir xoca kimi, ustad kimi görürəm. Sizin hər hansı bir dəyişikliyiniz, düzəlişiniz mənim üçün çox qiymətlidir. Bilirəm ki, bu cür mətnlər oxucunun, dinləyicinin daha yaxşı təəssürat almasına səbəb olacaq. Fikrinizi, əqidənizi, yazı dilinizi bəyənirəm, ona görə də hər hansı düzəlişinizi yerində sayıram. “Güney Azərbaycanda aşıq sənəti” yazınızı çox bəyəndim.
***
İşıqlı Atalı: Ağşın bəy, “Ana” hekayənizi yarımbaşlıqlar biçimində işlədim. Ana o biri qonşulardan fərqli olaraq balasını niyə götürüb qaçır? Onun əri fədai olmuşdumu? Ümumi əhvaldan bu anlaşılır. Bu kimi hekayələr ulusumuzun ruhunun ardıcıl köklənməsində ciddi rol oynaya bilər. Hekayədəki obrazlı ifadələriniz oxucuya yaxşı təsir bağışlayır. Əsərin halı oxucuya çatır, düşündürür. Məncə, indiki halda çapa vermək olar. Hekayənin dilini bir az da türkcələşdirdim. O biri hekayəni də oxuyub göndərərəm. Ayrı-ayrı ifadələrin aydınlaşdırılmasına gərək var. Var olun, Ağşın bəy.
***
Ağşin Ağkəmərli: Günaydın. Dilərəm səhhətiniz yerindədir.
İşıqlı Atalı: Ürəyinizdə Ata Günəşi olsun, Ağşın bəy. Yaxşıyam.
Ağşin Ağkəmərli: Sizin də Ürəyinizdə Ata Günəşi olsun. Həmişə yaxşı olun.
Araz üstü çəm olmaz.
Burdan duman kəm olmaz,
Oğul— qız güllələndi,
Bundan betər qəm olmaz.
Bu el bayatısı necədi o hekayədə getsə?
İşıqlı Atalı: Baxaram, Ağşın bəy. Yaxşıdır.Yerinə qoyular.
Ağşin Ağkəmərli: Çox sağ ol, minnətdaram.
***
İşıqlı Atalı: 01.03.2026. Bu gün Ata-Ocaq ilsırası ilə 48-ci il gəlir, Günəş ayının 1-dir. Yeni İlimiz qutlu olsun, Ağşin bəy. İlaydın!
Ağşin Ağkəmərli: Mən də sizi urəkdən təbrik edirəm. Uğurlarınız bol olsun. Çox sağolun, var olun.
***
Ağşin Ağkəmərli: İlaxır çərşənbəniz mübarək olsun! Bu müqəddəs axşam ocaqlarınız daim isti, qəlbiniz ümidlə dolu, eviniz bərəkətli olsun. Su kimi saf, od kimi qüvvətli, yel kimi azad, torpaq kimi möhkəm olun. Köhnə ilin bütün ağırlıqları bu gecə yansın, yeni ilin işığı həyatınıza nur saçsın. Hər birinizə sağlamlıq, xoşbəxtlik və sevinc dolu günlər arzulayıram. Hörmətlə, Aqşin.
***
İşıqlı Atalı: Xəlqilik bayramınız qutlu olsun, Ağşın bəy! Bəşər indiyə kimi İnsaniliyin tələbi səviyyəsində var ola bilməyib. Ulusun var olması – insanın var olması ilə bağlıdır. Mütləqə İnam səviyyəsində Bəşərin var olması hər sayaq mənasızlıqdan üstünlüyünü yaradacaq. Xalq əlvanlığı bəşərin varlığının göstəricisidir. Yeknəsəqlik – dünyanın ölümü olardı. Hər bir Ulusun yaradıcılıq bənzərsizliyi ölçüsündə, İnsanlığın tələbinə uyğun Özumlüyunə yetmək imkanı var. Bu imkanı gercəkləsdirmək isə ulusal bəsəri borcdur.
***
İnam Ata (Asif Ata)
Xəlqilik Mərasimi üstə Mütləqlə Təmas
Əzəlilik daşıyan. Əbədilik daşıyan. Sonsuzluq daşıyan. Kamillik daşıyan. Camaatın Camaatdan Yüksək Mənasını Daşıyan – Xalq! Sənə çatmalıyam!
Ağşin Ağkəmərli: Nə gözəl! Necəsiz İşıqlı bəy? Mən də Xəlqilik bayramı münasibətilə sizi və boyuk Türk Millətini ürəkdən təbrik edir, Sizə və Millətimizə bol-bol uğurlar, başarılar diləyirəm. Bayramınız mübarək!
***
03.10.2026. İşıqlı Atalı: Sən insanlara elə inan ki, ümumiyyətlə, yalan danışmaqdan utansınlar. Başqasından gözlədiyini özündən ummaq və deyilən kimi yaşamaq budur.
***
Ağşin Ağkəmərli: Gözəl. Dorğudur. Mən də Sizə “Ürəyinizdə Ata Günəşi olsun”- deyirəm. Gələn günləriniz xeyirli-uğurlu olsun — deyirəm. Bəllidir ki, şüur-düşüncə bir az da yüksəldikcə insanlar hər şeyi daha dərindən anlayacaqlar. İndi 19-cu yüzil deyil. Bunlar da ki, guya müasirləşirlər. Məni həmişə bir məsələ narahat edir. Asif Atanın düşüncəsi, məfkurəsinin həyata gəlməsi üçün yetkin insanların sayı çox olmalıdır. Zaman gələcək ki, dünyada nə varsa, adamlar hamısını dişlərinə vuracaqlar, onları heç nə qane etəyəcək. O zaman onlar Atanın Fəlsəfəsinə üz tutacaqlar. O məqamlara hazır olmaq gərəkdir. Bu, uzun yoldur. Asif Atanı təkcə oxumaq kifayət deyil. Onu qavramaq, ardıcıl düşünmək gərəkdir. Təəssüf ki, xalq adına özünü düşünənlər çoxdur. Millətimiz ruhən təmizdir, ona sahib durmaq gərəkdir. Tarixən biz hazırlıqsız yaxalanırıq. Hər şeyə. Ona görə də Atanın Fəlsəfəsini – İnamını bilən insanlarımız çox olmalıdır. Asif Atanın Fəlsəfəsi tarixin süzgəcindən keçən bir şüurdur, tarixin sintezidir. Asif Ataya dərin baxmaq, yazdıqlarını dərk etmək gərəkdir. Asif Atanı kəşf edincəyə qədər düşünürdüm ki, bizim millətimizin fəlsəfi baxışı olmadığına görə hər şeyə vara bilməyəcvəyik. Yaxşı bilirsiniz ki, minillərdir Konfutsinin fikirləri üstə Çin özünün gələcəyini qurur, yaradır. Asif Ata idrak, yaradıcılıq baxımından üstündür. Ona görə də xalqımızın gələcəyini hər an düşünməliyik. Sizə yeni uğurlar diləyirəm.
***
Ağşın bəyin “Su gələn arxa bir də gələr...” adlı yazısına yazdığım: “Ulusal ruhlu, ümidli yazıdır. Var olun, Ağşin bəy!”
***
Bu içsəslər yaşamdan (həyatdan) gedən hər bir insanın mahiyyətinin ifadəsi sayıla bilər.
İnam Ata (Asif Ata)
MATƏM ÜSTƏ MÜTLƏQLƏ TƏMAS
Ölən – Əzəlidə qalır. Əbədidə qalır. Sonsuzda qalır. Kamildə qalır. Üzlərdə qalır. Gözlərdə qalır. Dodaqlarda qalır. Xalqda qalır. Ölən – Gerçəklikdən gedir – Mənada qalır.
Soyunuz var olsun, Ağşin Ağkəmərli.