Bir daha Himnimiz haqqında



Kamil Şahverdi

VIII Yazı
(ikinci hissə)
(Əvvəli BU LİNKDƏ)

"Azərbaycan Marşı" 1965-ci ildə ilk dəfə Türkiyədə nəşr olundu.

"Azərbaycan Marşı"nın əlyazması Məhəmməd Rəsulzadənin arxivində qorunurmuş.

Etem Üngörün "Türk Marşları" kitabının 194-cü səhifəsində Üzeyir Hacıbəylinin "Azərbaycan Marşı" ilk dəfə not və sözləri ilə nəşr olunub. Olduqca böyük tarixi önəm daşıyan bu nəşrlə görkəmli musiqişünas-alim Etem Üngör himnimizin qorunmasında misilsiz xidmət göstərmişdir.
"Milli Marş" dərc olunan səhifədə musiqişünasın qeydləri də yer alır. Etem Üngör yazır:

"Azərbaycan, hürriyətini kaybetmədən öncəki illərdə bu marş Azərbaycan Harbokulunda (Hərbi məktəbdə) hər sabah dərsə başlamadan öncə söylənməkdə idi.
Notası Türkiyədə ilk dəfə yayınlanmaqdadır"
(Etem Üngör. Türk Marşları". Ankara, 1965, səh. 194)

Böyük musiqişünas-alim Etem Üngörün yazdığı kimi "Azərbaycan Marşı" nəinki Türkiyədə, ümumiyyətlə ilk dəfə çap olunmuşdu. Bu tarixi hadisə idi. İllərlə xalqdan, millətdən gizlədilən əsər nəhayət ki, qardaş Türkiyədə "Türk Marşları" kitabında çap olunmaqla əbədiyyət qazanmasına nəsib oldu. Alim qeydlərində bəzi yanlışlıqlara yol versə də, Üzeyir bəy Hacıbəylinin vətəndə kimsəyə məlum olmayan iki marşını "Türk Marşları" kitabına daxil etməklə əvəzsiz xidmət göstərmişdir. Onun bu xidməti millətimiz, xalqımız tərəfindən heç vaxt unudulmamalı və böyük musiqişünas-alim Etem Üngörün xatirəsi hər zaman ehtiramla anılmalıdır.
Xırda yanlışlıqlar isə marşların özünə deyil, alimin qeydlərinə aiddir. Düşünürəm ki, bu bir texniki səhv də ola bilər. Məncə, Etem Üngörün qeydlərinin yerləri səhv düşüb. Yəni, "Milli Marş" haqqında yazılan qeydlər əslində "Azərbaycan Marşı"na aiddir. Eyni zamanda "Azərbaycan Marşı"na aid olan qeydlər isə "Milli Marş"a aiddir. Yuxarıda qeyd etdiyim kimi Üzeyir bəy "Milli Marş"ı 1917-ci ildə yazmışdı və bəstəkarın əlyazması da qorunmaqdadır. Etem Üngörün qeyd etdiyi kimi dövlət himni üçün elan olunmuş müsabiqəyə "Milli Marş" deyil, Azərbaycan Marşı" təqdim olunmuşdu. 1917-ci ildə Üzeyir bəy Hacıbəyli dövlət himni yaza bilməzdi. Dövlətimiz, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə yarandı. Bəstəkarımız isə 1919-cu ildə "Azərbaycan Marşı" yazaraq dövlət himni müsabiqəsinə təqdim etmişdir.
Etem Üngör "Milli Marşı" "Azərbaycan Milli Marşı" adlandırmaqla sonrakı tədqiqatçıların yalnış iddialarına da yol açmışdır.
Məni düşündürən başqa bir məqam ondan ibarətdir ki, Etem Üngör bu əsərlərin əlyazmalarını hardan, necə əldə etmişdir? Kim təqdim etmişdi onları? İllərdir bu haqda məlumat toplamağa çalışıram. Nəhayət ki, bu yaxınlarda Cümhuriyyət dövrünün yorulmaz araşdırmaçısı, dəyərli alim, tarix elmləri doktoru, hörmətli dostum Dilqəm Əhməd mənə olduqca vacib və çox maraqlı məlumat göndərdi. Dilqəm bəyin mənə yazdığı məktubu olduğu kimi diqqərinizə təqdim edirəm:

“Hörmətli, Kamil müəllim.
Sizin "Ulduz" jurnall və “Türküstan” qəzetində silsilə şəklində dərc etdirdiyiniz “Bir daha Himnimiz haqqında” adlı yazılarınızı böyük maraqla və diqqətlə oxuyuram. İndiyədək əldə etdiyiniz mənbələr, mülahizələriniz tariximiz üçün olduqca əhəmiyyətlidir və bu məqalələri oxuyarkən sizin də dəfələrlə üzərində dayandığınız Etem Üngörün “Türk marşları” kitabı haqqında bəzi fikirlərimi ifadə etmək istəyirəm.
Bildiyimiz kimi bu kitabda Üzeyir bəyin iki əsərinin notları verilib ki, onlardan biri də himnimizə aiddir. Himnimizin notunun çap olunduğu bizə məlum olan ilk mənbə də məhz bu kitabdır. Ona görə də haqlı sual ortaya çıxırdı ki, Etem Üngör bu mətni haradan əldə edib? Düşünürəm ki, bu sualın cavabını müəyyən qədər tapmışam. Ötənlərdə kitabı gözdən keçirərkən bu günə qədər nəzərimdən qaçan bir detala rast gəldim. 1965-cı ildə Ankarada çıxan kitabın künyəsində rəsmləri hazırlayan qismində Dr. İldeniz Kurtulan ismi yazılıb. Bu şəxs Cümhuriyyət zabitlərindən Əjdər Babazadənin oğludur.
Əjdər bəy 1898-ci ildə Bakıda doğulub. İlk və orta təhsilini bitirdikdən sonra Bakıda hərbi məktəbə daxil olub. Buranı tamamladıqdan sonra orduda xidmətə başlayıb. Bakının işğalından sonra bolşeviklər milli ordunu dağıtmaq üçün ya onun üzvlərini öldürür, həbs edir, ya da İran üzərinə göndərərək orada həlak olmasını istəyirdilər. Əjdər də bir müddət İranda qalıb, daha sonra gizli Müsavatın göstərişi ilə Bakıya qayıdıb. 1923-cü ilin 15 iyununda İstiqlal Komitəsinin bir çox üzvləri kimi, o da saxlanılıb. 1927-ci ildə Əjdər bəy yenidən həbs edilib. İran səfirliyi ilə əlaqəsi olan yaxınlarının sayəsində ona İran pasportu düzəldilib, soyadı Qurtulan olaraq yazılıb. Əjdər bəy əvvəlcə Rəşt, daha sonra Tehrana sığınıb. Tehranda Məhəmmədəmin Rəsulzadə ilə əlaqə qurub, onun buradakı təmsilçisi olub. “İstiklal” qəzetinin, “Kurtuluş” jurnalının İranda mühacirlər arasında yayılmasında fədakarlıq göstərib. Rusiyanın İranda hegemon olduğu 1940-cı illərdə Əjdər Qurtulan burada qalmağın təhlükəli olduğunu düşünüb İranın yüksək vəzifəli şəxslərinin və Türkiyənin İran səfirliyinin dəstəyi ilə İstanbula gəlib. Əjdər bəy Azərbaycan Kültür Dərnəyinə və onun mətbu orqanı “Azərbaycan”a dəstək olub. O, “Azərbaycan” jurnalında milli ordumuzun tarixi ilə bağlı qiymətli xatirə və məqalələr yazıb. Əjdər bəy 1971-ci il iyulun 6-da İstanbulda vəfat edib.
Əjdər bəyin Turan xanımla evliliyindən üç övladı olub: Eldar, Eldəniz, Elbay. Turan xanım 1985-ci, Eldar bəy 2005-ci, Eldəniz bəy isə 2007-ci ildə vəfat edib. Elbay bəy hazırda Kanadada yaşayır.
Əjdər bəyin oğlu Eldəniz bəy 1932-ci il avqustun 8-də İranın Ənzəli şəhərində doğulub. İlk təhsilini Tehranda, orta təhsilini Əlburz şəhərində alıb. İstanbul tibb fakültəsini bitirib, uzun müddət ginekoloq-həkim olaraq fəaliyyət göstərib. Eyni zamanda tərcüməçiliklə məşğul olan Eldəniz bəy Azərbaycan Gənclik Dərnəyinin də sədri olub.
Eldəniz bəyin ən böyük xidmətlərindən biri Azərbaycan Cümhuriyyəti və mühacirəti tarixi ilə bağlı “Amcam Hamlet” romanını qələmə almasıdır. O, Meydan hərəkatı dövründə Azərbaycana gəlib, Əbülfəz Elçibəylə, Elçin Əfəndiyevlə görüşüb. “Azərbaycan” qəzetinin rus dilində olan kolleksiyasını Azərbaycana bağışlayıb.
Eldəniz bəy Məhəmmədəmin Rəsulzadə ilə daimi əlaqədə olub, birlikdə şəkilləri də var. Rəsulzadə vəfat etdikdən sonra onun arxivi yaxın silahdaşı Mirzəbala Məhəmmədzadəyə keçib. Məhəmmədzadədən sonra isə bu zəngin arxiv Eldəniz bəyə qismət olub. Eldəniz bəy bu arxivi uzun illər qoruyub, 1990-cı illərdə Türkiyədə təhsil alan Əfqan Vəliyevin Mirzəbala bəy haqqında yazdığı elmi işinə böyük köməklik göstərib. Əfqan bəy bu arxivlə tanış olub, nəticədə qiymətli bir əsər ortaya çıxıb. Hətta Eldəniz bəy Əfqan bəyə zamanı gəldiyində Azərbaycana təhvil verməsi məqsədilə vaxtilə parlamentimizdə asılan milli bayrağımızı da əmanət edib. Əfqan bəy bu vəsiyyətə əməl edərək 2018-ci ildə bayrağı ozamankı Baş nazir Novruz Məmmədova təhvil verib. Hazırda bu bayraq Dövlət Bayrağı Muzeyində sərgilənməkdədir. Təəssüf ki, Eldəniz bəyin geniş arxivinin sonrakı taleyi bizə məlum deyil. Ona görə də ehtimalıma görə Etem Üngör Eldəniz bəylə yaxın münasibətdə olub, onun belə bir kitab yazdığını görən Eldəniz bəy ona həm rəsmlərin çəkilməsində köməklik göstərib, həmçinin Rəsulzadə və Məhəmmədzadə yoluyla ona keçən və böyük ehtimalla həmin arxivdə yer alan hər iki əsəri şəxsən istifadəsi üçün Etem bəyə təqdim edib. Çünki başqa cür Etem bəyin həmin orijinal mətnləri əldə etməsi mümkünsüzdü. Bütün hallarda Etem bəy həmin mətnləri azərbaycanlı bir mühacirdən əldə edə bilərdi ki, fikrimizcə, bu şəxs Eldəniz Qurtulandan başqası deyildir.
Ümid edirəm ki, bu bilgi araşdırmanıza dəstək olar, həqiqətin üzə çıxmasına faydalı olar.
Sizə eyni zamanda Eldəniz bəyin Rəsulzadə və həyat yoldaşı Leyla xanımla birlikdə 1953-cü ildə Ankarada çəkilən fotoşəklini də təqdim edirəm.
Hörmətlə, Dilqəm Əhməd”.

İstedadlı tədqiqatçı alim Diqəm Əhmədin mənə göndərdiyi bu məlumatlar həqiqətən də çox qiymətli və dəyərlidir. Dilqəm bəyə sonsuz təşəkkürlərimi bildirirəm. Nəhayət ki, "Azərbaycan Marşı" haqqında çox qiymətli məlumatlar əldə olundu. Heç birimizin diqqət yetirmədiyi kiçik bir qeyd bir çox sualların cavabı oldu. Dilqəm bəyin həqiqətən dəyərli bir tədqiqatçı-alim olması bir daha sübut olundu. Mən də çoxları kimi Etem Üngörün "Türk Marşları" kitabını dəfələrlə gözdən keçirmişəm, hər səhifəsini diqqətlə oxumuşam, bütün qeydləri nəzərdən keçirmişəm. Dr. İldeniz Kurtulan ismini bəlkə yüz dəfə oxumuşam. Lakin, bu ad mənə heç nə deməyib. "Türk Marşları" kitabının bir rəssamı kimi adını oxuyub keçmişəm. Dilqəm Əhməd isə Cümhuriyyət tarixinin ən dəqiq bilicilərindən biri kimi kiçik bir qeydə diqqət yetirərək, illərlə axtardığımız həqiqətləri ortaya qomuş oldu. Mən heç vaxt şübhə etmirdim ki, bu əsərlərin əlyazmasları Məhəmməd Əmin Rəsulzadənin arxivindən çıxacaq. Dilqəm bəyin verdiyi məlumatlar bunu artıq əminıiklə söyləməyə əsas verir. Gələcəkdə bu əlyazmaların əsli ilə də tanış ola biləcəyimizə şübhə etmirəm.

"Türk Marşları" kitabında "Azərbaycan Marşı"

Üzeyir bəy Hacıbəylinin "Azərbaycan Marşı" haqqında hər bir məlumat, yazılma tarixi, ilk və sonrakı ifaları, harda və nə vaxt dərc olunması bilgiləri bu əsərin tarixi, söz müəllifi haqqında həqiqətin ortaya çıxması üçün çox vacibdir. İrəlidə "Azərbaycan Marşı"nın söz müəllifinin kimliyi haqqında əldə etdiyim məlumatları, düşüncələrimi diqqətinizə çatdıracağam. Ondan əvvəl isə əsərin yazılma tarixinə nəzər salmaq. "Azərbaycan" qəzetinin 4 aprel 1919-cu il tarixli sayında belə bir elan dərc olunub:

"Operetta
Hökumət Teatrosunda
Axşam tamaşası
Müdiriyyətin əzasından (üzvlərindən) məşhur musiqişünas və məruf (tanınmış) bəstəkar Üzeyir Hacıbəyliyinin şərəfinə cümə günü rəcəbül-mürəccəb ayının 3-ndə 1337 sənəsi (aprelin 4-ndə 1919-cu ildə) şükuhlu (təntənəli) bir surətdə mövqeyi-tamaşaya qoyulacaqdır Üzeyir bəyin yazmış olduğu məşhur
"Arşın mal alan"
Tamaşa başlamaqdan qabaq Üzeyir bəyin təzə düzəltmiş olduğu "Azərbaycan" milli marşı calınacaqdır və bə'də (sonra) dördüncü məclisdə genə Üzeyir bəy tərəfindən yazılmış olan 1) Azərbaycan; 2) Dağıstan rəqsləri (oyunu) gözəl bir mənzərədə artistlər tərəfindən oynanılacaqdır.
Biletlər indidən teatrın kassasında satılmaqdadır.
Tamaşa başlanacaq axşam saat 8-in yarısında.
"Arşın mal alan"ın bu dəfə Üzeyir bəy özü dirijorluğunu edəcəkdir."
("Azərbaycan" qəzeti, 4 aprel 1919-cu il, nömrə 150)

"Azərbaycan" qəzetinin 4 aprel 1919-cu il tarixli sayında gedən bu elana əsasən deyə bilərik ki, Üzeyir bəy Hacıbəyli "Azərbaycan Marşı"nı 1919-cu ilin mart ayında qələmə almışdır. Aydın məsələdir ki, əsər yazıldıqdan sonra bir müddət orkestlə məşq edilib, daha sonra səhnədə ifa olunub. Elanda həmin gün əsərin musiqisinin ifa olunmadı haqqında məlumat verilir. Sözləri haqqında heç bir qeyd verilməyib.
Diqqətli oxucu yəqin xatırlayır ki, bundan əvvəl "Milli Marş" movzusuna aid mənbədə, "Açıq söz" qəzetinin 22 dekabr 1917-ci il tarixli sayında Üzeyir bəy "Milli marş" məqaləsində "... Həmin marş bu şənbə Tağıyevin teatrosunda "O olmasın, bu olsun" oyunundan qabaq orkestrlə çalınıb ümumi artistlər tərəfindən oxunacaqdır." yazır. Yəni "Milli marş" orkestr və xorun ifasında səsləndiriləcəkmiş. "Azərbaycan Marşı"nın isə qəzetdə verilmiş elana görə yalnız orkestrlə ifa olinacağı bildirilir. Ona görə də marşın sözlərinin o vaxta qədər hazır olub olmaması haqqında fikir söyləmək çətindir. Lakin, qısa zamandan sonra, "Azərbaycan" qəzetinin 30 may 1919-cu il tarixli sayında gənc şair Əli Yusif "Pəncərə önündə yarım saat" məqaləsində 7-10 yaşlı uşaqların əllərində mini-mini milli bayraqlarla Parlament binası qarşısından kəmali-ciddiyyətlə keçərək, "bir çınqıraq (qumrov) sədası qədər lətif səslərlə marş oxuyurlardı. Mən yalnız "Şanlı Vətən" dediklərini anlaya bildim" yazır. Anlaşılan odur ki, 4 apreldə Dövlət teatrında ilk dəfə səsləndikdən sonra Üzeyir bəy "Azərbaycan Marşı"nın musiqisinə mətn də əlavə etmiş və AXC-nin bir illiyinə əsəri tam hazır etmişdir. Daha sonra "Azərbaycan Marşı" məktəblərdə uşaqlara da öyrədilibmiş. Məktəblərdə bu əsərin hər gün dərs başlamazdan öncə uşaqlar tərəfindən ifa olunması faktını bəstəkar Aydın K. Azim də atasından eşitdiyini söyləyir. Aydın K. Azim bildirir ki, hələ 1980-ci illərdə ilk dəfə bu marşı Azadlıq Radiosunda eşıtmiş, sonra evdə əsəri pianoda çalanda atası demiş ki, biz bu marşı məktəbdə dərs başlamazdan əvvəl oxuyardıq. Aydın Azimin atası 1904-cü ildə anadan olub. 1919-cu ildə 15 yaşında ikən məktəbdə "Azərbaycan Marşı"nı xorla oxuyarmışlar.
Beləliklə, Üzeyir bəy "Azərbaycan Marşı"nı 1919-cu ilin mart ayında qələmə almış, daha sonra mətn əlavə etmişdir. Marşın mətninin yaranması və kim tərəfindən yazılması ayrıca araşdırma movzusu olduğu üçün irəlidə bu movzu üzərində ətraflı dayanmağa ehtiyac vardır.

Ardı var


MANŞET XƏBƏRLƏRİ