Almaniyanın xarici işlər naziri Yohann Vadeful Avropanın müdafiə və təhlükəsizlik sahəsində güclənməsinin NATO-nun da möhkəmlənməsinə xidmət edəcəyini bildirib.
Turkustan.az xəbər verir ki, Vadeful Almaniya Səfirləri Konfransı ərəfəsində NATO-nun Baş katibi Mark Rutte ilə Berlində keçirdiyi birgə mətbuat konfransında Avropanın son dövrlərdə təhlükəsizlik məsələlərinə daha çox diqqət yetirdiyini qeyd edib.
“Güclü Avropa NATO-nu gücləndirir”, - deyə Vadeful bildirib.
Nazir avqustun 4-də Leypsiq-Halle hava limanında partlayıcı maddələrlə dolu dronun aşkarlanmasına da toxunaraq, hadisənin Rusiyadan qaynaqlanan təhlükənin konkret xarakterini göstərdiyini vurğulayıb.
Vadeful Almaniyanın təhlükəsizlik sahəsində mühüm töhfələr verdiyini və bu istiqamətdə səylərini davam etdirəcəyini bildirib.
Almaniya Səfirləri Konfransında çıxış edən nazir ölkəsinin müdafiə büdcəsini artıracağını və 2029-cu ilə qədər bu göstəricinin 150 milyard avroya çatacağını açıqlayıb.
“Bu yolla biz Avro-Atlantik təhlükəsizliyin gələcəyinə, NATO-nun Avropa komponentinə və nəticə etibarilə NATO-nun bütövlükdə gücləndirilməsinə sərmayə qoyuruq”, - deyə Vadeful bildirib.
Aytən Yaşar/ Turkustan.az