Sentyabrın gəlişi ilə bazarlarda yay məhsulları tədricən azalır, payızın əsas meyvə-tərəvəzləri isə piştaxtalarda daha çox görünməyə başlayır. Bu dövrdə xüsusilə alma, üzüm, armud, əncir, gavalı, nar, pomidor, badımcan, bibər, balqabaq, kök və kələm kimi məhsullar ön plana çıxır.
Bəs sentyabrda hansı meyvə-tərəvəzləri almaq daha məqsədəuyğundur və hazırda marketlərdə qiymətlər necədir?
Turkustan.az xəbər verir ki, sentyabr həm yaydan qalan məhsulların, həm də payız meyvə-tərəvəzlərinin bir arada satıldığı keçid dövrüdür. Mütəxəssislərin fikrincə, rasionda müxtəlif rəng və növdə meyvə-tərəvəzlərin olması daha vacibdir. Çünki heç bir meyvə və ya tərəvəz orqanizmin bütün ehtiyaclarını təkbaşına qarşılamır.
Harvard universitetinin mütəxəssisləri də müxtəlif meyvə və tərəvəzlərin müntəzəm qəbulunu tövsiyə edir.
Sentyabrın ən çox seçilən meyvələrindən biri üzümdür. Bu dövrdə yerli üzüm növlərinin mövsümü davam edir. Üzüm lif, C və K vitaminləri və müxtəlif bitki mənşəli faydalı birləşmələrlə zəngindir. Araz marketin hazırkı onlayn qiymətində Kardinal üzümünün kiloqramı 1,99 manata göstərilir. Bazarda isə sentyabrın əvvəlində üzümün qiyməti təxminən 2,50 manat olub.
Alma da payızın əsas məhsullarındandır. “Araz”da Qala almasının kiloqramı hazırda endirimlə 1,89 manat, əvvəlki qiyməti isə 2,69 manat göstərilir. “Bazarstore”da Qala almasının kiloqramı 3,19 manat, yerli Qala almasının isə 3,99 manatdır. Yəni eyni adda məhsul üzrə belə marketlər arasında ciddi qiymət fərqi yaranır.
Almanın üstünlüyü yalnız mövsümi olması ilə bağlı deyil. Bu meyvə lif, C vitamini və müxtəlif antioksidant bitki maddələri ilə zəngindir. Xüsusilə bütöv alma şirədən daha faydalı seçim sayılır, çünki lifin böyük hissəsi meyvənin özündə qalır.
Armud da payız süfrəsinin əsas məhsullarındandır. “Araz” marketdə Meşə Gözəli armudunun kiloqramı 1,99 manatdır. “Bazarstore”da Konfrans armudunun qiyməti isə 6,90 manat göstərilir. Burada da çeşid fərqi ilə yanaşı, marketlər arasında nəzərəçarpacaq qiymət fərqi görünür.
Nar isə payızın qarşıdakı həftələrində daha çox ön plana çıxacaq məhsullardandır. Hazırda “Bazarstore”da narın kiloqramı 4,99 manatdır. Nar C və K vitaminləri, lif və antioksidantlarla zəngin meyvələrdən hesab olunur. Mütəxəssislər nar şirəsindən daha çox meyvənin özünün yeyilməsini məsləhət görürlər, çünki bu halda lif də qəbul edilir.
Tərəvəzlər arasında isə pomidor, xiyar, bibər, badımcan və balqabaq sentyabrda hələ də geniş yayılmış məhsullardır. “Bazarstore”da salxım pomidorunun kiloqramı 1,99 manat, balqabağın kiloqramı 0,99 manat, Biləsuvar bibərinin kiloqramı 1,59 manat, uzun bibərin kiloqramı isə 1,99 manatdır. Xiyarın qiyməti 2,19 manat, kökün qiyməti 1,29 manat, ağ boranının qiyməti 1,49 manat göstərilir.
“Araz” marketdə isə pomidorun bəzi növləri 1,79 manatdan başlayır. Muço pomidorunun kiloqramı 3,99 manatdır. Xiyar çeşidindən asılı olaraq 1,29-2,49 manat arasında dəyişir. Badımcan 1,25 manatdan, şirin bibər 1,69 manatdan, balqabaq isə 0,79 manatdan başlayır.
“Bravo” marketin Bakı filiallarında da qiymətlər məhsulun növünə və filiala görə dəyişir. Məsələn, son günlər görünən qiymətlərdə Dəniz Mall filialında xiyar 0,99 manat, badımcan 0,49 manat, yerli bibər 1,29 manat, pomidorun Göyçay növü 3,49 manat, kök isə 1,39 manatdır. Qala filialında isə xiyarın bir növü 0,99 manat, badımcan 0,49 manat, yerli bibər 1,29 manat, kök 1,39 manat göstərilir.
Məhsulun sortu, yerli və ya idxal olması, filial, endirim kampaniyası və məhsulun keyfiyyəti qiymətə təsir edir.
Payız aylarına keçdikcə balqabaq, kök, kələm və digər tərəvəzlərin də süfrələrdə payı artır. “Bazarstore”da hazırda ağ kələmin müxtəlif növləri, kök, balqabaq və digər mövsümi tərəvəzlər satılır. Kökün kiloqramı 1,29 manat, balqabaq 0,99 manat, Çin kələmi isə 7,99 manatdır.
Qeyd edək ki, sentyabrda yalnız qiymətə deyil, məhsulun mövsümünə də baxmaq vacibdir. Alma, üzüm, armud, əncir, gavalı, pomidor, badımcan və bibər bu dövrdə daha əlçatan olan məhsullar sırasındadır. Ay irəlilədikcə nar, heyva və digər payız məhsullarının bazardakı payının artması gözlənilir.
Maraqlıdır ki, məhsulun mövsümündə olması avtomatik olaraq onun daha ucuz satılması demək deyil. Sentyabrın əvvəlində Bakının 8-ci kilometr bazarında aparılan müşahidədə üzüm 2,50 manat, şaftalı 2-2,50 manat, qarpız 60-70 qəpik, yemiş isə təxminən 1-1,20 manat aralığında satılıb. Bu da göstərir ki, bazarda bolluq olsa belə, qiymət dərhal aşağı düşmür.
Burada bir məqamı da nəzərə almaq lazımdır, bazarlarda qiymətlər marketlərdən fərqli olaraq daha tez dəyişə bilir. Bəzi hallarda bazarda eyni məhsulu marketdən daha ucuz almaq mümkündür, bəzən isə əksinə, marketdə kampaniyaya düşən məhsul daha sərfəli başa gəlir. Buna görə də “bazar həmişə ucuzdur” demək düzgün deyil. Qiymət məhsulun keyfiyyətindən, satıcının alış qiymətindən, günün tələbatından və mövcud məhsulun miqdarından asılı olaraq dəyişə bilər.
Marketlərin özləri də qiymətlərin dəyişməsini bazardakı vəziyyət və tədarükçülərlə əlaqələndirirlər.
Hazırkı qiymətlərə əsasən xüsusilə balqabaq, kök, badımcan və bəzi xiyar növləri nisbətən münasib qiymətə təklif olunur. Alma, armud və narın qiyməti isə çeşid və satış nöqtəsindən asılı olaraq daha geniş diapazonda dəyişir.
Qeyd edək ki, məhsulların qiymətləri 11 sentyabr tarixində marketlərin onlayn vitrini və Bakıdakı satış nöqtələri üzrə görünən məlumatlar əsasında götürülüb. Qiymətlər filial, kampaniya, məhsulun sortu və günə görə dəyişə bilər./yenisabah.az