Mərkəzi Bankın sədri Taleh Kazımov Bank Olmayan Kredit Təşkilatlarının (BOKT) fəaliyyəti və kredit risklərinin tənzimlənməsi üzrə normativ sənədlərə dəyişikliklər imzalayıb.
Turkustan.az xəbər verir ki, yenilənmiş şərtlərə əsasən, gündəlik borcların restrukturizasiyası qaydaları xeyli sərtləşdirilib.
Yeni qaydalara əsasən, gündəlik kreditlər üzrə faiz və əlavə ödənişlərin ümumi həcmi əsas borcun 100%-ni keçə bilməz. Həmçinin, bu borclar yalnız bir dəfə, ən çoxu 45 gün müddətinə və əsas məbləğin ən azı 20%-i ödənilmək şərti ilə restrukturizasiya oluna bilər (bu zaman cərimə tətbiq edilmir).
Bundan başqa, bir dəfə yenidən strukturlaşdırılan kreditin risk kateqoriyası yuxarı qaldırılmayacaq, iki və daha çox hallarda isə avtomatik “qeyri-qənaətbəxş” kimi təsnifləşdirilərək risk dərəcəsi bir pillə aşağı salınacaq.