Xəzər geri çəkilir, təhlükə böyüyür – Turizm, balıqçılıq və limanlar risk altında


“Son 30 il ərzində Xəzər dənizinin səviyyəsi 2,5 metrdən çox, təkcə son bir neçə ildə isə təxminən 1 metr aşağı düşüb. Xəzərin dib relyefinin xüsusilə şimal və şərq hissələrində, eləcə də Azərbaycanın bəzi sahil zonalarında dayaz və maili olması suyun şaquli istiqamətdə cüzi azalmasının belə sahildə kilometrlərlə ərazinin üzə çıxmasına səbəb olur”.

Bu barədə hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında bildirib.

Sentyabrda hava necə olacaq? – Açıqlama | Ekologiya.az

Ekspertin sözlərinə görə, mövcud tendensiya davam edərsə, Xəzər dənizinin gələcəyi ilə bağlı ciddi narahatlıqlar yaranır:

“Hökumətlərarası İqlim Dəyişikliyi Panelinin (IPCC) və beynəlxalq hidroloqların riyazi modellərinə əsasən, əsrin sonuna qədər dəniz səviyyəsinin daha 5 metrdən 18 metrə qədər azalması riski mövcuddur. Bu isə Xəzərin şimal hissəsinin böyük ölçüdə, hətta bəzi ssenarilərdə tamamilə yox olması və ümumi su səthinin 30 faizdən çox kiçilməsi deməkdir”.

C.Hüseynov qeyd edib ki, Xəzərin geri çəkilməsi ilk növbədə regionun unikal ekosisteminə ciddi təsir göstərə bilər.

“Dayaz sahilyanı laqunların və qamışlıqların quruması köçəri quşların və endemik Xəzər suitilərinin yaşayış və çoxalma ərazilərini məhdudlaşdıracaq. Eyni zamanda, Xəzər nərəsi və digər sənaye əhəmiyyətli balıq növlərinin kürüləmə şəraiti dəyişəcək. Bəzi təxminlərə görə, suyun səviyyəsinin daha 5 metr azalması Xəzər suitilərinin çoxalma areallarının 80 faizdən çoxunun tamamilə yox olmasına gətirib çıxara bilər”.

Ekspertin fikrincə, problemin təsirləri yalnız ekologiya ilə məhdudlaşmayacaq. Xəzərin səviyyəsinin aşağı düşməsi Azərbaycanın qeyri-neft sektorunun mühüm istiqamətlərindən olan turizm və balıqçılığa da ciddi zərbə vura bilər.

“Abşeron yarımadasında, Nabran və Lənkəran zonalarında vaxtilə birbaşa dəniz kənarında inşa edilmiş otellər, çimərliklər və rekreasiya mərkəzləri artıq sudan yüzlərlə metr uzaqda qalıb. Sahil xəttinin dəyişməsi, estetik görüntünün pozulması və yeni yaranan bataqlıqlaşmış ərazilər dəniz turizminin cəlbediciliyini azalda bilər. Bakı Bulvarında suyun geri çəkilməsi isə paytaxtın dənizlə formalaşmış vizual simasına təsir göstərir”.

C.Hüseynov vurğulayıb ki, Xəzər dənizi yalnız ekoloji əhəmiyyət daşıyan su hövzəsi deyil. O, eyni zamanda region üçün mühüm logistika və enerji marşrutudur.

“Dəniz səviyyəsinin aşağı düşməsi Bakı (Ələt), Aktau və Türkmənbaşı limanlarında dayazlaşma problemini kəskinləşdirir. Bu vəziyyət iritonnajlı bərə və konteyner gəmilərinin tam yüklə hərəkətini məhdudlaşdıra bilər. Azərbaycan naviqasiyanı qorumaq üçün Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində böyük maliyyə və texniki resurslar tələb edən dibdərinləşdirmə işlərinə ehtiyac duyur”.

Ekspertin sözlərinə görə, səviyyənin aşağı düşməsi Xəzərdə neft-qaz infrastrukturunun fəaliyyətinə də əlavə risklər yarada bilər.

“Dəniz neft və qaz platformalarına xidmət göstərən gəmilərin hərəkəti çətinləşə bilər. Suyun səviyyəsinin kəskin aşağı düşməsi bəzi sualtı boru kəmərlərinin və digər infrastruktur elementlərinin üstünün açılması, gəmilərlə toqquşma və bunun nəticəsində ekoloji qəza risklərinin artması ilə müşayiət oluna bilər”.

C.Hüseynov hesab edir ki, Xəzərin gələcəyi ilə bağlı yaranmış vəziyyət Xəzəryanı ölkələrin daha sıx əməkdaşlığını zəruri edir.

“Azərbaycan məsələnin ciddiliyini qəbul edərək, beynəlxalq iqlim konfranslarında və regional görüşlərdə Xəzərin mühafizəsini prioritet məsələlərdən biri kimi gündəmə gətirir. Lakin problemin miqyası göstərir ki, onu yalnız bir ölkənin səyləri ilə həll etmək mümkün deyil.

Xəzəryanı dövlətlər Xəzəri qidalandıran əsas çayların – xüsusilə Volqa, Kür, Ural, Terek, Sulak, Samur, Səfidrud və Atrek çaylarının su ehtiyatlarının idarə olunması, dibdərinləşdirmə işlərinin koordinasiyası və vahid ekoloji monitorinq sisteminin yaradılması istiqamətində təcili və birgə addımlar atmalıdırlar”.


MANŞET XƏBƏRLƏRİ