Moskva NATO-nun nəbzini yoxlayır: Dünya yeni müharibəyə hazırlaşsın?- ŞƏRH


Rusiya ilə NATO arasında söz savaşı və qarşılıqlı sərt bəyanatlar son günlər daha da intensivləşir.

Tərəflər bir-birini təhlükəsizliyə təhdid yaratmaqda günahlandırır, Moskva isə NATO ölkələrinə qarşı sərt mesajlar verməklə hərbi hazırlığının yüksək səviyyədə olduğunu nümayiş etdirir. Eyni zamanda, Avropada Rusiyanın hibrid əməliyyatları, sabotaj cəhdləri və digər təhdidləri ilə bağlı narahatlıqlar artır.

Bütün bunlar Rusiya-NATO münasibətlərində gərginliyin yeni və daha təhlükəli mərhələyə keçə biləcəyi ehtimalını gündəmə gətirir. Hazırda tərəflər birbaşa hərbi toqquşmadan yayınmağa çalışsa da, qarşılıqlı təhdidlərin və hərbi hazırlıqların artması təsadüfi insidentlərin belə böyük böhrana çevrilməsi riskini artırır. Bəs Moskvanın NATO-ya verdiyi mesajlar nə qədər ciddidir? Rusiya ilə NATO arasında mövcud “söz savaşı” real qarşıdurmaya çevrilə bilərmi və belə bir ssenarini hansı amillər tətikləyə bilər? Turkustan.az bu sualları politoloq Məhəmməd Əsədullazadəyə ünvanladı.

Qoşulmama Hərəkatının üzv ölkləri Qarabağ müharibəsində konkret olaraq  Azərbaycanı dəstəkləyib

Məhəmməd Əsədullazadə

Hazırda NATO ilə Rusiya arasında ciddi söz atışması gedir. NATO baş katibi və Rusiyanın xarici işlər naziri bir-birlərinə qarşı kifayət qədər sərt və aşağılayıcı ifadələr işlədirlər. Rusiya ümumilikdə NATO ərazisini təhdid edir, eyni zamanda alyans ölkələrinin ərazisində hibrid əməliyyatlar həyata keçirilir.

NATO isə şərq istiqamətində hərbi hava qüvvələrinin iştirakı ilə bir neçə dəfə genişmiqyaslı təlimlər keçirib. Alyans Rusiyanın sərhədləri pozacağından, xüsusilə Kalininqradla bağlı mümkün gərginlikdən və Suvalki dəhlizinə nəzarətin ələ keçirilməsi riskindən narahatdır. Belarus ərazisindən bu istiqamətdə əlavə təhdidlərin yarana biləcəyi ehtimalı da NATO-nun diqqətindədir.

Bu baxımdan, NATO ilə Rusiya artıq Ukrayna ərazisində dolayı hərbi qarşıdurma vəziyyətindədir. Müharibənin Ukrayna sərhədlərini aşması isə faktiki olaraq NATO-Rusiya qarşıdurmasına çevrilə bilər.

Mən hesab edirəm ki, NATO bu münaqişədə birbaşa hərbi qarşıdurmada maraqlı deyil. Lakin Rusiya müəyyən mənada NATO-nun nəbzini yoxlayır. Hazırda Vladimir Putinlə Donald Tramp arasında da müəyyən siyasi yaxınlaşma və qarşılıqlı mesajlaşma müşahidə olunur. Trampın Rusiyaya münasibətində müsbət meyillərin yenidən görünməsi, təbii ki, NATO alyansı üçün müəyyən təhdid yaradır.

Ümumilikdə isə hazırkı mərhələdə NATO ilə Rusiya arasında Ukraynadan kənarda yeni cəbhənin açılması ehtimalı yüksək deyil. Lakin sentyabrda Rusiyada keçiriləcək Dövlət Duması seçkilərindən, həmçinin noyabrda ABŞ-da keçiriləcək Konqres seçkilərindən sonra vəziyyət dəyişə bilər. Xüsusilə ABŞ-da keçiriləcək seçkilər NATO-Rusiya münasibətlərinin gələcək istiqaməti baxımından daha mühüm rol oynayacaq.

Rusiyada Duma seçkilərindən sonra Ukraynada hərbi əməliyyatların intensivliyini artırmaq və yeni səfərbərlik elan etmək ehtimalı da mövcuddur. Belə bir addım Putinin siyasi və hərbi ambisiyalarını gücləndirə, NATO-ya qarşı daha sərt addımların atılmasına gətirib çıxara bilər. Lakin bunlar hələlik ehtimallardır.

Rusiyanın Şərqi Avropada təsirini və nəzarətini genişləndirmək planlarının olduğu barədə narahatlıqlar var. Ancaq NATO ölkələrinin də bu təhlükəyə qarşı hazırlıqlı olması və alyansın kollektiv müdafiə mexanizmləri Rusiyanın belə bir ssenarini reallaşdırmasını ciddi şəkildə çətinləşdirir. Əks halda, münaqişənin NATO ölkələrinə yayılması daha genişmiqyaslı, hətta üçüncü dünya müharibəsinə gətirib çıxara biləcək təhlükəli qarşıdurma yarada bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ