Böyükağa Mikayıllı
Bəzən həyatımızda elə görüşlər olur ki, onların izi illər keçsə də silinmir, ruhumuza toxunur, yaddaşımızda sönməyən bir işıq kimi parlayır. Mənim yaddaşımda belə bir işıq 2003-cü ilin yanvarında yandı. O vaxt mən Respublika Təhsil Şurasının orqanı olan “Körpü” qəzetinin redaktoru idim. Qış günlərinin birində redaksiyanın qapısı açıldı və içəri bir gənc daxil oldu. Onun üzündə qəribə bir harmoniya vardı: təmkin və sadəliyin harmoniyası. Elə ilk görüşdən hiss etdim ki, bu gəliş sadəcə bir “qonaq ziyarəti” deyil, yaddaşımda, həyatımda iz qoyacaq bir yolun başlanğıcdır. O zaman redaksiyaya ancaq müəllimlər gəlib-gedirdi. İndicə içəri daxil olan gəncin də müəllim olduğunu zənn etdim və yanılmadım. Salamlaşandan sonra, – Mən redaksiyaya şeirlərimi gətirmişəm, – dedi. – Adım Namiqdir, Salyan rayonunun Birinci Varlı kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləyirəm. Mən də ona: “Buyurun, şeirlərinizi verin, redaksiyada baxarıq, münasib olsa, dərc edərik”, – dedim. Ardınca bir qədər ordan-burdan söhbətimiz başladı. Mən Namiqi ilk görüşümüzdə, ilk söhbətimizdə tanıdım. Bu, mənim “insan tanıma ustalığım” deyildi – sadəcə, kimliyi, düşüncələri, iç dünyası onun üzünə yazılmışdı. Baxışlarındakı səmimiyyət, ürəyinin dərinliklərindən süzülüb simasında parlayan nur onun kim olduğunu aydın şəkildə deyirdi.
O, söhbət əsnasında türkçülükdən, türk dünyasının görkəmli şəxsiyyətlərindən, türk soylarından, onların adət-ənənələrindən, cənubdakı soydaşlarımızın dərd-sərindən danışdı. Elə danışdı ki, sanki dil-ədəbiyyat deyil, tarix müəllimidir. Hiss etdim ki, ürəyi doludur – həm ağrı ilə, həm də ümidlə… Namiq müəllimlə söhbətimiz uzandıqca mən onda bir başqa xüsusiyyət də gördüm – o, hər hansı bir məsələyə yalnız “indiki zaman” prizmasından baxmırdı. Tarixi, keçmişi, soy-kökü düşünür, bu günlə müqayisə edir, gələcək üçün narahat olurdu. Namiq müəllimdə ilk andaca hiss olunan bir hal da vardı: o ruh adamı idi və ruhu daha geniş bir dünyaya boylanırdı. Söhbətimizi bitirib sağollaşdıq, getdi. Şeirləri vərəqlədim. Sözün gücünə inanan, ruhundakıları şeirə çevirə bilən, sözlə rəssam kimi tablo yaradan, tarixin gerçək üzünü poetik dillə günümüzə daşıyan, dəyərlərə bağlı, hər misrası işıq olan bir şairlə üz-üzə dayandığımı hiss etdim. Şeirləri qəzetin növbəti sayında dərc etdik. Tale elə gətirdi ki, mənim ona ehtiramım yarandığı kimi, onun da mənə ehtiramı yarandı və bu qarşılıqlı hörmət zamanla dostluq münasibətlərinin formalaşmasına yol açdı. 2003-cü ildə başlanan dostluq münasibətləri Namiq dünyasını dəyişənə - 2024-cü ilin 27 aperlinə kimi davam etdi. Amma mən inanıram ki, həqiqi dostluq təqvimlə ölçülmür, həyat bitsə də dostluq bitmir. Ürək dostluğu, elə ürək kimi – döyündükcə yaşayır, bir ürəkdə döyüntü dayananda da o biri ürəkdə yaşamağa davam edir…
Zaman keçdikcə dostluğumuz yaradıcı əməkdaşlıqla daha da dərinləşdi. O, rayondan Bakıya köçdükdən sonra biz daha tez-tez görüşməyə başladıq. Namiqin yaradıcılığına yaxından şahidlik etmək, yeni yazılarını ilk oxuyanlardan biri olmaq mənim üçün həm peşəkar, həm də şəxsi bir qürur və təcrübə idi. O, dərin düşüncə, təfəkkür və həqiqət adamı idi. Onun necə püxtələşdiyini, yaradıcılığının günü-gündən necə boy verib saxələndiyini görmək məni çox sevindirirdi. Onun yaradıcılıq dünyasında poeziya, publisistika və elmi araşdırmalar paralel inkişaf edirdi.
Namiqlə biz sadəcə dost olmadıq – fikirdaş, əqidədaş olduq. Hər bir görüşümüz yaradıcı işlərimizə yeni bir nəfəs gətirirdi. Mən ona türk xalqlarının pedaqoji fikir tarixi, “Kutadqu-Biliq”, Quzey Kıbrıs araşdırmalarımdan, o isə mənə qədim türk törələri, türkçülüyün mənəvi əsasları, sufilik, Novruz bayramı mövzusunda apardığı tədqiqatlardan, Əli bəy Hüseynzadə, Xəlil Rza Ulutürk yaradıcılığından bəhs edirdi. Biz bəzən saatlarla danışırdıq. Aramızdakı söhbətlər, apardığımız fikir mübadilələri təkcə düşüncələrimizi zənginləşdirmir, həm də yaradıcı işlərimizə təsir edirdi. Namiq mənə təkcə şeirlərini deyil, publisistik yazılarını, bəzən isə elmi araşdırma səviyyəsinə yüksələn məqalələrini təqdim edirdi. Mən isə onları böyük məmnuniyyətlə qəzetin səhifələrində yayımlayırdım. Hesab edirdim ki, onun həm şeirləri, həm də məqalələri tarixi yaddaşın təbliği baxımından böyük əhəmiyyət daşıyır. Onun yaradıcılığını respublikanın digər qəzet və jurnalları da dəyərləndirirdi. Televiziya müsahibələri də maraq doğururdu. Onu televiziyalara xüsusilə cənub mövzusunda söhbət aparmağa dəvət edirdilər. Namiq Hacıheydərli imzası bəzən ölkəmizin hüdudlarını da aşır, cənublu soydaşlarımıza, türkiyəli qardaşlarımıza yetirdi. Təsadüfü deyildi ki, 2008-ci ildə Prezidentin “Fərdi təqaüdü”nə layiq görülmüşdü. Burada bir məqamı xüsusi ilə qeyd etmək istəyirəm. Hələ 2000-ci illərin əvvəllərində onun yaradıcılığı, elmi tədqiqatlara meyilliyi professor Şəmistan Mikayılovun da diqqətini cəlb etmişdi. O, bir neçə dəfə Namiqi Elmi Tədqiqat Pedaqogika İnstitutunun aspiranturasına dəvət etsə də, Namiq bu təklifi dəyərləndirməyi sonraya saxlamışdı. O, ictimai işlərə də fəal qoşulurdu. Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü seçilmişdi. Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsini yaratmış və 2008-2015-ci illərdə bu quruma rəhbərlik etmişdi. Yadımdadır, 2008-ci ildə Krımın Yalta şəhərində keçirilən XIV Türk Dünyası Gənclik Günləri və Qurultayında iştirak edib Vətənə böyük təəssüratlarla qayıtmışdı.
Bakıya köçdükdən sonra müəllimlik deyil, tamamilə başqa bir sahədə - insan resurslarının idarə olunması sahəsində fəaliyyət göstərsə də, Namiq öz tədqiqat və yaradıcılıq kredosuna sadiq qaldı. Onun 1999-cu ildə çap olunmuş “Yaralı Azərbaycan” şeirlər kitabından sonra, “Sözüm sənədi Tanrım”, “Səni tapan itirməz”, “Söz sənindir”, “Əski türk soylarından biri Kolanılar”, “Ey Türk doğulan”, “Canlı əfsanə” kitabları işıq üzü gördü. “Əski türkün yaşamında və dünyagörüşündə at”, “Türklərin simvolu”, “Əski türklərin kutsal sayı - doqquz”, “Heraklla Dədə Qorqud eyni soydandır”, “Azərbaycan türkləri və qurd inancı”, “Gizli tarix və ya Şumer yadigarı “Kürsəngi dağı”, “Tarixdə iz qoymuş ünlü türk soyu - Xalaclar”, “Turanın başkəndi Ötükən”, “Rəbiə Qadir: Tanrı tərəfindən seçildiyinə inanan qadın”, “Şəms Təbrizi və Sufiliyin qırx qızıl qaydası”, “Xaqan oğlu Bars bəy”, “Ədəbiyyatda millətin kimliyi boy verməlidir” və digər məqalələri çap olundu. O, milli dəyərləri, tarixi mövzuları əsl ziyalı mövqeyində dayanaraq, yalnız keçmişin yadigarı kimi deyil, bu günün mənəvi dayağı və gələcəyin inkişaf açarı kimi görürdü. Poeziyasının mövzularını vətən sevgisi, türk dünyasının birliyi, tarixi yaddaşın qorunması və insanın mənəvi kamillik axtarışı təşkil edirdi. O, qədim türk soylarının keçmişini, milli simvolların mənasını, mifoloji motivləri, sufi fəlsəfəsinin dərin qatlarını, türk dünyasının tarixi şəxsiyyətlərini araşdıraraq həm bədii, həm də publisistik üslubda qələmə alırdı. Bu baxımdan, onun əsərləri yalnız ədəbi nümunələr deyil, həm də tarixi elmi-publisistik mənbə xarakteri daşıyır. Namiq, adlarını qeyd etdiyim mövzular ətrafında daha geniş araşdırmalar aparmağı, kitab yazmağı düşünürdü... Əfsuslar olsun ki, əcəl buna imkan vermədi.
Ömrünün sonlarına yaxın böyük həvəs və enerji ilə ərsəyə gətirdiyi “Kolanı” internet televiziya kanalı onun milli irsə bağlılığını və tarixi yaddaşın qorunmasına xidmətini göstərən ən mühüm ideyalarından biri idi. Bu kanal qədim türk soyu olan kolanıların zəngin mədəni və mənəvi irsinin geniş təbliğini qarşısına məqsəd qoymuşdu. Qısa müddət ərzində geniş tamaşaçı auditoriyası qazanan “Kolanı TV”də kolanıların tarixini dərindən bilən el ağsaqqalları çəkilişlərə cəlb edilir, onların yaddaşında yaşayan hadisələr, ənənələr və rəvayətlər lentə alınır, Kolanı tarixi ilə bağlı zəngin mənbələr araşdırılır, unudulmaq üzrə olan faktlar üzə çıxarılır və tamaşaçıya çatdırılırdı. Bu kanal təkcə bir media platforması deyil, həm də milli yaddaşın canlı salnaməsinə çevrilmişdi. Təkcə kolanılar deyil, kanalın minlərlə izləyicisi hər yeni verilişi böyük maraq və həvəslə gözləyirdi. Bir-birini tanımayan, bir-birindən uzaq düşən kolanılar bir-birindən xəbər tutmağa, bir-birinə isinişməyə başlamışdı. “Kolanı TV”dəki fəaliyyəti onun başqa bir cəhətini də üzə çıxardı – vizual media sahəsindəki istedadını. Səsinin tembri, danışığındakı ahəng və məzmun, ifadələrindəki səmimiyyət, aktual mövzu seçimi tamaşaçını dərhal cəlb edir, verilişin sonuna qədər ekran qarşısında saxlayırdı. Onun çıxışlarını dinləyən tamaşaçı təkcə məlumat almır, həm də ruhən özünü o mövzunun içində hiss edir, hər yeni sözü, yeni faktı maraqla gözləyirdi.
2003-cü ilin o qış günündə redaksiyanın qapısından içəri daxil olan gənc oğlanın baxışlarındakı işıq və səmimiyyət hələ də gözümün önündədir. O zaman hiss etmişdim ki, bu görüş illərlə davam edəcək bir dostluğun, fikir və əqidə yoldaşlığının başlanğıcıdır. Namiqin ömrü bir şeir kimi idi – bəzən sevincli, bəzən kədərli, bəzən ümidli, amma hər misrası vətən sevgisi, hər sətiri həyat eşqi ilə yoğrulmuşdu. O, sözün gücünə inandı, sözlə tarix yaratdı və özü də tarixə çevrilərək yaddaşımızın, qəlbimizin ən qiymətli səhifəsinə döndü. Hər dəfə onun yazılarını vərəqləyəndə, sanki yenidən görüşürük, söhbətimizi yarımçıq qaldığı yerdən davam etdiririk. Biz bir-birimizə hər zaman yaradıcılıq hesabatı verirdik. İndi o həyatda yoxdur, amma mən bu ənənəni hələ də davam etdirirəm. Namiq dünyasını dəyişəndən sonra “gündəlik” yazmağa başladım. Qələmə aldıqlarım sadəcə xatirə deyil, ömrümdən gəlib keçmiş ən böyük dostuma verdiyim səmimi, ürəkdən gələn bir hesabatdır…Namiq mənəvi zəngin həyat yaşadı. Ağıllı övladlar böyütdü, heç kəsin baş vurmadığı mövzularda fundamental araşdırmalar apardı, kitablar yazdı, kamilliyə, müdrikliyə, dünyanı, Tanrını dərkə çağıran şeirlər qələmə aldı, hər zaman öz şəxsiyyət bütövlüyünü, mənəvi təmizliyini qoruyub saxladı. O, son görüşlərimizin birində qəfildən belə bir söz işlətmişdi: “Bilirsən bizim ən böyük xoşbəxliyimiz nədir? Evimiz kiçik olsa da, dolanışığımız zəif olsa da, bizi olduğumuz kimi qəbul edən, bizimlə yavan çörəyi böyük ürəklə yeməyə həmişə hazır olan ailəmiz var, bu, bizim xoşbəxtliyimizdir”. Bəli, onun üçün ən böyük xoşbəxtlik və zənginlik mənəvi rahatlığı, mənəvi zənginliyi idi.
Onun həyat yolunu qələmə aldıqca, yaradıcılıq aləminin də dərinliklərinə enməmək mümkün deyil. Namiq Hacıheydərli haqqında yazarkən yalnız dostluğumuzun tarixini yada salmaq kifayət etməzdi, çünki onun mənəvi portreti şeirlərində daha aydın görünür. O şeirlər ki, insanın ruhuna toxunur, yaddaşına hopur, düşüncələrini ilahi eşqə, milli yaddaşa, mənəvi saflığa doğru yönəldir. 2014-cü ildə “Ey Türk doğulan” kitabının çapı münasibətilə qələmə aldığım yazımı yenidən bölüşməyim böyük ürək dostumun da ruhunu şad edər:
…Onun şeirləri daxili yaşantılarının, ruhi-mənəvi dünyasının sonsuzluğundan soraq verir. Onlar nə qədər sonsuzdurlarsa, şeirlərdə duyduğum məna rəngləri də elə sonsuzdur.
…Onun şeirləri böyük bir qövmün ruhunu ehtiva edir. Göy Tanrının cismimizə üfürdüyü ruhu.
…Onun şeirləri Tanrının nəfəsi ilə isinən göy tarla misallıdır. Eşq istisi ilə cücərən tarla.
…Onun şeirləri yerlə göy arasında İnsan adlı bir sirrin göylərə ucalan sədasıdır, səsidir.
…Onun şeirləri İnsan adlı bir sirrin Dünya adlı bir sirrin içində oduğunu deyil, DÜNYA adlı bir sirrin İnsan adlı bir sirrin içində olduğunu bəyan edir.
…Onun şeirlərindəki Eşq Tanrıya tapınıb özünü ruhda tapan Eşqdir. … Onun misralarında inanırsan ki, içində tapdığın İlahi Eşq “Yeri titrədər, işığı şeytanın şərini dağıdar “.
Bu Eşq bütün var-dövləti, ləl-cəvahiratı yandırıb kül etmək qüdrətindədir.
O, dünyanın fövqündə dayanan İlahi Eşqin aşiqidir. Bu Eşqə varmaq üçün o, yanmaq arzusundadır. Təki Cahan Nurlansın.
…Onun misralarından insan düşüncələrindən göylərə açılan bir yol görünür. Atəşlərdən, alovlardan keçən bu yolun pərvəriş tapdığı son məkan da İnsanın tapındığı İlahi Eşq məkanı olan qəlbdir.
…Onun üçün ən ülvi sığınacaq təmiz qəlbdir. “Hər gün sözdə bitmək” arzusu da elə həmin saf qəlbdə cücərib sözdə təzahür etmək istəyindən yaranır.
…Onun şeirlərindən Böyük Türk dünyasının sasılmaz mənəvi keçmişi boylanır. Bu mənəvi keçmişdən ruhumuza, qəlbimizə, varlığımıza bir qəhrəmanlıq nərəsi hayqırır. Bu nərə bəzən bir nəğmə kimi səslənir: “Yurd nəgməsi” kimi…Bu nəğmə onun şeirlərində keçmişin mənəvi mirasını yaşadan bir səda təsiri bağışlayır.
…Onun şeirlərində bu gün yaranan qəhrəmanlıq dastanlarının tarixi keçmişimiz üzərində boy verib cücərdiyi bəyan olunur.
…Onun şeirləri nəzərlərimizdə Vətən anlamını bütövləşdirir. Mənəvi birlik bütün sərhədləri aşaraq bir canda təzahür edir:
Bir ömür yaşadıq biz iki canda
Sən mənim, mən sənin canınam daha.
… Onun şeirlərində əcdadlarımızın “Türkəm”! - hayqırtısını dinlədim…
… Onun şeirlərində Тürkün ulu məkanının həqiqi sərhədlərini gördüm.
… Onun şeirlərində Türkün Türkə məhəbbətinin şahidi oldum. Bu məhəbbətə çağırış səsini eşitdim.
…Onun şeirlərini şeirimizin İrfan xəzinəsini zənginləşdirən bir mənəvi varlıq kimi andım.
…Onun şeirlərində bir oxucu kimi axtardığım mənəvi həqiqəti tapdım. Misra-misra qəlbimə köçən bu həqiqətlər hər bir insanın sorağında olduğu həqiqətlərdir, sandım. Bəzən ruhumun coşduğunu, bəzən kədərə, qəmə qərq olduğunu duydum. Ruhuma mənəvi güc verən bu misraları dönə-dönə oxudum. Hər dəfə ona qayıdanda bir məna, bir hikmət sezdim... Yeni sözün, dərin hikmətin, təmiz qəlbdən axan, mənəvi saflığa çağıran şeirlərin, düşüncələrin mübarək olsun, əziz qardaşım, Namiq Hacıheydərli!