Azərbaycan Respublikasının Mülki Məcəlləsi tapıntı məsələsini yalnız mənəvi borc çərçivəsində deyil, dəqiq hüquqi mexanizmlərlə tənzimləyir. Qanunvericilik itirilmiş əşyanı tapıb sahibinə və ya aidiyyəti orqanlara təhvil verən vətəndaşın həm vicdanlı davranışını həvəsləndirir, həm də onun bu müddətdə çəkdiyi zəhmət və xərcləri hüquqi müstəvidə sığortalayır.
Araşdırmamıza əsasən, Mülki Məcəllənin 184-cü maddəsinə əsasən, itirilmiş əşyanı və ya pulu tapıb mülkiyyətçisinə, yaxud müvafiq dövlət orqanlarına (polisə, yerli icra hakimiyyətinə) təhvil verən şəxs əşyanın dəyərinin 20 faizi həcmində mükafat tələb etmək hüququ qazanır. Əgər tapılan şey nağd puldursa, mükafatın məbləği həmin məbləğin 20 faizi kimi birbaşa hesablanır. Əmlak və ya qiymətli əşya olduqda isə onun bazar dəyəri tərəflərin razılığı və ya müstəqil ekspert qiymətləndirməsi əsasında müəyyən edilir və həmin məbləğin beşdə biri tapan şəxsə ödənilir. Mükafat ödənişi bilavasitə əşyanın sahibinin üzərinə düşür.
Bundan əlavə, Məcəllənin 183-cü maddəsi tapan şəxsə yalnız mükafat almaq deyil, həm də əşyanın saxlanılması, mühafizəsi və sahibinin axtarılması ilə bağlı çəkdiyi zəruri xərclərin (məsələn, daşınma və ya saxlama haqqı) əvəzini tələb etmək hüququ verir. Bu xərclər 20 faizlik mükafat məbləğindən ayrı hesablanır və mülkiyyətçi tərəfindən ödənilməlidir. Sezar pizza
Lakin bu hüquqdan yararlanmaq üçün vicdanlılıq prinsipi əsas şərtdir. Əgər əşyanı tapan şəxs tapıntı barədə müvafiq orqanlara dərhal xəbər verməzsə, onu gizlətməyə və ya özününküləşdirməyə cəhd edərsə, avtomatik olaraq həm 20 faizlik mükafat, həm də çəkdiyi xərclərin əvəzini tələb etmək hüququnu itirir.
Prosesin yekunu ilə bağlı maraqlı digər bir məqam isə Məcəllənin 182-ci maddəsində öz əksini tapıb. Əgər tapıntı barədə polisə və ya müvafiq dövlət orqanına məlumat verildikdən sonra 6 ay ərzində əşyanın həqiqi sahibi tapılmazsa və ya mülkiyyət hüququnu iddia etməzsə, tapan şəxs həmin əşyanın və ya pulun tam hüquqlu mülkiyyətçisinə çevrilir. Tapan şəxs əşyanı mülkiyyətinə götürməkdən imtina etdikdə isə mülkiyyət hüququ bələdiyyəyə və ya dövlətə keçir./yenisabah.az