Nepalda ölənlərin sayı 1367 nəfərə çatdı


Nepalın Çinlə sərhədə yaxın Rasuva bölgəsində və ətraf ərazilərdə baş verən daşqınlar nəticəsində ölənlərin sayı 1367-yə çatıb.

Turkustan.az xəbər verir ki, Nepal Milli Fəlakət Risklərinin Azaldılması və İdarəetmə Təşkilatının məlumatına görə, daşqınlar nəticəsində 5132 nəfər itkin düşüb. Onların tapılması üçün axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Axtarış-xilasetmə, yardım paylanması, cəsədlərin çıxarılması və digər təcili tədbirlərin həyata keçirilməsi üçün fəlakət bölgələrinə 21 185 təhlükəsizlik əməkdaşı cəlb olunub.

Avqustun 26-da Rasuva bölgəsində baş verən daşqınlar onlarla körpünün dağılmasına və yolların zədələnməsinə səbəb olub. Axtarış-xilasetmə işlərinə helikopterlər də cəlb edilib.

ABŞ Geoloji Xidməti əvvəlcə bölgədə zəlzələ baş verdiyini açıqlasa da, sonradan məlumatlarını yeniləyərək 5,2 bal gücündə seysmik aktivliyin buzlaq çökməsi ilə əlaqəli olduğunu bildirib.

Katmanduda yerləşən Beynəlxalq Dağ İnkişafı Mərkəzinin mütəxəssisləri isə daşqının dağlıq ərazidən qopan buzlaq parçalarının yaratdığı qar uçqunu nəticəsində baş verdiyini bildiriblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ