İsveçdən miqrantlara qəribə təklif: Ölkədən çıx, pulunu al


İsveç hökuməti miqrantların könüllü şəkildə ölkələrinə qayıtmasını təşviq etmək məqsədilə yeni maliyyə dəstəyi proqramına başlayıb.

Turkustan.az xəbər verir ki, proqram çərçivəsində Avropa İttifaqından kənar ölkələrin vətəndaşlarına İsveçi könüllü tərk etmələri müqabilində adambaşına təxminən 37 min dollar (350 min İsveç kronu) ödənilir.

Sağçı koalisiya hökuməti bu addımı immiqrasiyanın azaldılması siyasətinin bir hissəsi kimi həyata keçirir. Buna baxmayaraq, 10,6 milyon əhalisi və təxminən 2 milyon xarici əsilli sakini olan İsveçdə indiyədək yalnız 171 nəfərin proqramdan yararlanmağa razı olduğu bildirilir.

Hökumət geri qayıdan miqrantlar üçün maliyyə təşviqləri ilə yanaşı, daimi yaşayış icazəsi sistemində də dəyişiklik edib. Yeni qaydalara əsasən, yaşayış icazələrinin hər üç ildən bir yenilənməsi tələb olunur.

Bundan başqa, avqust ayında İsveçdə ilk dəfə məcburi vətəndaşlıq testi tətbiq edilib. İmmiqrasiya naziri Johan Forssell vətəndaşlığın həm hüquqlar, həm də məsuliyyətlər yaratdığını bildirərək, ölkə haqqında əsas biliklərə malik olmadan vətəndaşlıq əldə edilməsinin qəbuledilməz olduğunu deyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ