Bəzən insanın yaşadığı ağır hadisənin izləri görünmür. Amma həmin izlər düşüncələrdə, hisslərdə, ailə münasibətlərində və gündəlik həyatda özünü uzun müddət göstərə bilir.
QHT.az xəbər verir ki, mina və partlamamış hərbi sursatlardan (PHS) zərərçəkmiş insanların psixoloji dayanıqlığının gücləndirilməsi, sosial həyata daha inamlı şəkildə qoşulması və özlərini cəmiyyətin bir parçası kimi hiss etmələri məqsədilə həyata keçirilən fəaliyyətlərimiz Cəbrayılda da davam etdirilib.
“Şəfa Psixoloji Sosial Yardım” İctimai Birliyinin həyata keçirdiyi “Mina və partlamamış hərbi sursatlardan (PHS) zərərçəkmiş şəxslərin psixososial reabilitasiyası və cəmiyyətə reinteqrasiyasına dəstək” layihəsi çərçivəsində Biləsuvar rayonunda yerləşən Cəbrayıl məcburi köçkün qəsəbələrində müəyyən edilmiş hədəf qrupla iki günlük psixososial dəstək təlimi keçirilib.
Təlim 5–6 avqust 2026-cı il tarixlərində təşkil olunub. İlkin ehtiyac qiymətləndirilməsinin nəticələrinə əsasən 10 nəfərin iştirakı nəzərdə tutulsa da, aparılan iş nəticəsində 12 nəfər hədəf qrup kimi müəyyənləşdirilərək təlimə cəlb olunub.
Təlimin başlanğıcında layihə rəhbəri, “Şəfa Psixoloji Sosial Yardım” İctimai Birliyinin sədri Xəlil Süleymanov iştirakçılara layihənin məqsəd və vəzifələri, donor dəstəyi, qarşıdakı fəaliyyətlər və psixososial dəstək proqramının əsas istiqamətləri barədə məlumat verib.
Təlimçi qismində İlahə xanımın təqdimatı isə iştirakçılar üçün xüsusi məna daşıyıb. Çünki o da mina və partlamamış hərbi sursat hadisəsindən zərərçəkmiş şəxsdir.
Eyni ağrını yaşamış bir insanın öz təcrübəsindən çıxış edərək digər zərərçəkmiş şəxslərlə ünsiyyətdə olması təlimdə etimad, səmimiyyət və həmrəylik mühitinin daha da güclənməsinə şərait yaradıb.
İki gün ərzində iştirakçılar:
➢ travma və onun emosional vəziyyətə təsiri;
➢ stressin idarə olunması;
➢ emosional dayanıqlığın gücləndirilməsi;
➢ sağlam ünsiyyət bacarıqları;
➢ ailədaxili münasibətlərin möhkəmləndirilməsi;
➢ sosial adaptasiya;
➢ qarşılıqlı dəstək və sosial əlaqələrin gücləndirilməsi mövzularında nəzəri və praktiki məşğələlərdə iştirak ediblər.
İnteraktiv təqdimatlar, qrup işləri, psixoloji məşqlər və açıq müzakirələr iştirakçılara öz hiss və düşüncələrini ifadə etmək, yaşadıqları çətinlikləri bölüşmək və onların öhdəsindən gəlməyin daha sağlam yollarını müzakirə etmək imkanı yaradıb.
Bu təlim bizim üçün sadəcə növbəti fəaliyyət deyil. Burada əsas məqsəd insanlara bir daha xatırlatmaqdır ki, yaşadıqları travma onları cəmiyyətdən ayırmamalıdır.
Onların yanında olmaq, dinləmək, dəstək göstərmək və həyata yenidən inamla bağlanmalarına kömək etmək psixososial reabilitasiyanın ən mühüm istiqamətlərindəndir.
Cəbrayıl təlimində yaranan səmimi münasibət və qarşılıqlı dəstək bir daha göstərdi ki,insan yaşadığı ağrı ilə tək qalanda deyil, onu anlayan və yanında olan insanlar olduqda daha güclü olur.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun birgə qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilir.
Mina və PHS-dən zərərçəkmiş şəxslərə psixososial dəstəyin göstərilməsi, onların sosial adaptasiyasının gücləndirilməsi və cəmiyyətə reinteqrasiyasına dəstək istiqamətində fəaliyyətlərimiz növbəti mərhələlərdə də davam etdiriləcək.






