Oljas Süleymenov –Türk dünyasının səsi. Bəşəriyyətin vicdanı


Dr. Barış Cavid MÖVSÜMLÜ
Tarixçi, Şair

Türk dünyasının ulu bilgəsi Oljas Süleymenov haqqında ilk dəfə 2006-cı ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin birinci kursunda təhsil alarkən eşitmişdim. Çox yaxşı xatırlayıram ki, ilk tədris gününün elə ilk dərsində Türk Xalqları Tarixi fənnini tədris edən müəllimimiz, tarix üzrə fəlsəfə doktoru Natiq Məmmədli semestr ərzində oxumağımız üçün iki mühüm kitab tövsiyə etmişdi. Bunlardan biri Murad Adjının “Qıpçaq Düzünün Yovşanı”, digəri isə Oljas Süleymenovun “Az və Ya” əsəri idi.

Mənimlə eyni dövrdə təhsil alan tələbələr yaxşı xatırlayarlar ki, həmin illərdə belə nəşrləri Qız Qalasının arxasında yerləşən məşhur kitab dükanından çox münasib qiymətə əldə etmək mümkün idi. Elə həmin gün dərsdən sonra ora gedərək hər iki kitabı aldım. Beləliklə, mənim kimi bir gəncin milli düşüncəsinə dərin təsir göstərəcək Oljas Süleymenov və onun Türk dünyasına baxışı ilə tanışlığım başladı.

Gənc yaşlarımdan etibarən bu dahi şəxsiyyətin yaradıcılığını daim böyük maraqla izləyir, bir gün onunla görüşəcəyim anı xəyal edirdim. İllər sonra bu arzu gerçəyə çevrildi, tale bizi qarşılaşdırdı və mən həmin bilgə insanın qarşısında ehtiramla baş əymək şərəfinə nail oldum. Həyatımın ən unudulmaz hadisələrindən biri olan bu görüş haqqında yazının sonunda daha ətraflı bəhs edəcəyəm. İndi isə yaddaşlarımızı təzələmək üçün Oljas babamızın həyat və fəaliyyətinə qısa nəzər salmaq istərdim.

Bu il Qazax xalqının görkəmli şairi, yazıçısı, ictimai-siyasi xadimi, türkoloq alimi və nüvə silahlarına qarşı mübarizənin simvollarından biri olan Oljas Süleymenovun 90 illik yubileyi qeyd olunur. 18 may 1936-cı ildə Almatıda dünyaya gələn Oljas Süleymenov artıq yeddi onillikdən çoxdur ki, Qazaxıstanın və bütövlükdə Türk dünyasının mənəvi həyatında mühüm rol oynayan şəxsiyyətlərdən biri kimi tanınır.

Oljas Süleymenov ədəbiyyata XX əsrin 60-cı illərində qədəm qoymuş və qısa müddətdə özünəməxsus poetik üslubu ilə geniş oxucu auditoriyasının rəğbətini qazanmışdır. Onun əsərlərində insanlıq, tarix, milli kimlik, sivilizasiyalararası münasibətlər və mənəvi dəyərlər əsas mövzular kimi ön plana çıxır. Şairin yaradıcılığı ucsuz-bucaqsız Qazax çöllərinin ruhunu, Türk xalqlarının tarixi yaddaşını və ümumbəşəri idealları özündə birləşdirir.

Süleymenovun elmi və ədəbi fəaliyyətində xüsusi yer tutan əsərlərdən biri “Az və Ya” kitabıdır. Bu əsərdə müəllif Türk xalqlarının qədim tarixi və dil irsi ilə bağlı yeni baxışlar irəli sürmüş, elmi dairələrdə geniş müzakirələrə səbəb olmuşdur. Kitab türkoloji araşdırmaların inkişafına mühüm töhfə verməklə yanaşı, milli özünüdərk prosesinin güclənməsində də əhəmiyyətli rol oynamışdır.

Oljas Süleymenov yalnız şair və alim kimi deyil, həm də fəal ictimai xadim kimi dünya tarixində özünəməxsus iz qoymuşdur. Onun təşəbbüsü ilə yaradılan “Nevada–Semey” antinüvə hərəkatı XX əsrin sonlarında nüvə sınaqlarına qarşı ən güclü beynəlxalq ictimai təşəbbüslərdən birinə çevrilmişdir. Bu hərəkatın fəaliyyəti nəticəsində Semipalatinsk nüvə poliqonunun bağlanması istiqamətində mühüm addımlar atılmış, milyonlarla insanın taleyinə təsir edən qlobal problemin həllinə mühüm töhfə verilmişdir.

Bu gün 90 yaşını qeyd edən Oljas Süleymenov təkcə Qazaxıstanın deyil, bütün Türk dünyasının ortaq mənəvi sərvəti hesab olunur. Onun yaradıcılığı xalqlar arasında dialoqu, mədəniyyətlərarası anlaşmanı və sülh ideallarını təbliğ edir. Şairin həyat yolu sübut edir ki, sözün gücü təkcə ədəbiyyatda deyil, cəmiyyətin taleyində də mühüm dəyişikliklər yarada bilir.

Ulu şair və onun yaradıcılığı haqqında fikirlərimi tamamlayarkən yenidən yazımızın əvvəlinə qayıtmaq və həyatımın ən yaddaqalan hadisələrindən birini qeyd etmək istəyirəm. 2025-ci ilin Mart ayında, Oljas babamızın yaradıcılığı ilə tanışlığımdan düz 19 il sonra Almatıya işgüzar səfərim zamanı xahişim əsasında mənə onunla görüşmək imkanı yaradıldı.

Qarşımda ilk dəfə böyük Türk dünyasının ruhani əzəmətini təcəssüm etdirən bir şəxsiyyət dayanmışdı. Məni təqdim etməyi xahiş etdikdə, bu sonsuz müdriklik zirvəsi qarşısında özümü sadəcə “sizin yolunuzla getməyə çalışan Türk gəncliyinin sıradan bir nümayəndəsi” kimi təqdim etdim. Həmin gün ondan xeyir-dua almaq mənim üçün həyatım boyunca qazandığım ən böyük mənəvi mükafatlardan biri oldu.

Bir neçə ay sonra isə 18 May 2025-ci il tarixdə doğumunun 89-cu ildönümü münasibətilə çalışdığım Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş katibi Sultan Raevin adından ona təşkilatımızın “Türksoy Altın Onur Nişanı” medalını şəxsən təqdim etmək şərəfinə nail oldum. Bir zamanlar əsərlərini oxuyaraq onunla görüşməyi arzulayan bir gənc üçün iyirmi il sonra Oljas Süleymenovun sinəsinə öz əlləri ilə medal taxmaq həqiqətən də taleyin bəxş etdiyi ən böyük xoşbəxtliklərdən biri idi.

Sonda böyük ustad Oljas Süleymenovu 90 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona həsr etdiyim şeiri ilk dəfə olaraq “Türküstan” qəzeti vasitəsilə bütün soydaşlarımla bölüşürəm. Oljas Süleymenovun zəngin irsi gələcək nəsillər üçün hər zaman elmə, ədəbiyyata, vətənə və insanlığa xidmət nümunəsi olaraq yaşayacaqdır.

Türk dünyasının bilgəsi Oljas Süleymenova

Barış Cavid

Qarşında baş əyir dünya,

Oljaz, sənin zamanındır!

Ərmağanın olan “Az-Ya”,

Yalanlara divanındır!

Sən bu xalqın bozqurdusan,

Həm elisən, həm yurdusan,

Tək başına bir ordusan,

Meydan sənin meydanındır.

Bilgələrin bilgəsisən,

Türklüyümün simgəsisən,

Bunu belə bilməlisən,

Gənclər sənin karvanındır.

Gah at çaptın, gah da durdun,

Türküstanda otaq qurdun,

Qıpçaq Düzü ana yurdun,

Tanrı Dağı seyranındır.

İskit, Saka, Göytürk, Hunlar,

Kuman, Xəzər, həm Arqunlar,

Şəcərəndir bütün bunlar,

Qazax eli ünvanındır.

Sən bir dağsan, sən bir qala,

Heyran sənə ulu dala,

Ötükəndən İstanbula,

Bütün Türklər heyranındır.

Hər kəs yazar sənə dair,

Qoşma, yazı, küy və sair,

Bunu da bil, ulu şair,

Barış Cavid qurbanındır!

(Ankara, 2026)


MANŞET XƏBƏRLƏRİ