Ukrayna bu il ayda orta hesabla cəmi 12 Patriot hava hücumundan müdafiə raketi əldə edib.
Turkustan.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski bunu jurnalistlərlə söhbəti zamanı bildirib. Məlumatı “Ukrinform” yayıb.
Zelenskinin sözlərinə görə, ABŞ-dan Ukraynaya F-16 qırıcıları, HIMARS sistemləri, Patriot kompleksləri və AIM raketləri üçün sursatlar da daxil olmaqla, müxtəlif hərbi təchizatlar göndərilir. O, Avropa ölkələrinin maliyyələşdirdiyi tədarüklərin əksəriyyətinin çatdırıldığını, lakin Patriot raketlərinin əldə edilməsinin ciddi problem olaraq qaldığını vurğulayıb.
Ukrayna prezidenti bildirib ki, tutucu raketlərin tapılması onun gündəlik məşğul olduğu məsələlərdən biridir. Onun sözlərinə görə, bəzi ölkələr Ukraynaya 2, 5, 10 və ya 20 raket təqdim edir və Kiyev bu dəstəyə görə minnətdardır.
Zelenski əlavə edib ki, Ukrayna əhalisini Rusiya ballistik raketlərindən qorumaq üçün hər həftə yeni hərbi yardım paketlərinə və əlavə raketlərə ehtiyac duyur. O, bu məsələdə ABŞ-ın təsdiqinin vacib olduğunu qeyd edib.
Aytən Yaşar/ Turkustan.az