Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq


“Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinə əsasən, BMT Təhlükəsizlik Şurasının İŞİD və “Əl-Qaidə” Sanksiya Komitəsinin 16 yanvar 2023-cü il tarixli qərarına uyğun olaraq beynəlxalq sanksiya siyahısı yenilənib.

Turkustan.az xəbər verir ki, bu barədə Maliyyə Monitorinqi Xidmətinin yaydığı məlumata görə, sanksiya tətbiq edilməli şəxslər Azərbaycan məhkəmələrinin qərarları əsasında ölkədaxili siyahıya, BMT Təhlükəsizlik Şurasının müvafiq sanksiya komitələrinin qərarları əsasında isə beynəlxalq siyahıya daxil edilən fiziki şəxslər və qurumlardır.

Ölkədaxili və beynəlxalq sanksiya siyahılarının yenilənmiş versiyaları www.hms.gov.az rəsmi internet səhifəsində yerləşdirilib.

Qanunvericiliyə əsasən, öhdəlik daşıyan şəxslər sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların aktivlərini dərhal dondurmalıdırlar. Bu tələb həmin şəxslərin birbaşa və ya dolayı yolla, təkbaşına və ya başqaları ilə birlikdə sahib olduqları və ya nəzarət etdikləri aktivlərə, eləcə də həmin aktivlər vasitəsilə əldə edilmiş digər vəsaitlərə şamil olunur.

Bundan başqa, sanksiya tətbiq edilməli şəxslərin adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki şəxslərin və qurumların, eləcə də onların birbaşa və ya dolayı mülkiyyətində və ya nəzarətində olan qurumların aktivləri də dondurulmalıdır.

Aktivlərin dondurulması əvvəlcədən xəbərdarlıq edilmədən və gecikdirilmədən həyata keçirilməli, bu barədə dərhal Dövlət Təhlükəsizliyi Xidmətinə və Maliyyə Monitorinqi Xidmətinə məlumat verilməlidir.


MANŞET XƏBƏRLƏRİ