İsveçrə F-35A qırıcı təyyarələrinin tədarükü ilə bağlı ABŞ ilə yaşanan çətinliklərdən sonra Amerika istehsalçılarından müdafiə avadanlıqlarını birbaşa almağı planlaşdırır.
Turkustan.az xəbər verir ki, İsveçrənin müdafiə satınalmaları agentliyi Armasuisse-nin rəhbəri Urs Loher bu barədə almandilli “Neue Zürcher Zeitung” (NZZ) qəzetinə açıqlama verib.
Loher bildirib ki, Armasuisse gələcəkdə ABŞ hökumətinin vasitəçiliyinə ehtiyac qalmadan, müdafiə avadanlıqlarını birbaşa istehsalçılardan almaq imkanlarını nəzərdən keçirir.
“Bu, F-35 alışından əldə edilən ən vacib dərslərdən biridir”, – deyə o bildirib.
Armasuisse rəhbəri birbaşa satınalmaların mümkünlüyünün hələ dəqiqləşmədiyini, bunun üçün ABŞ hakimiyyətinin razılığının tələb olunduğunu vurğulayıb.
Loherin sözlərinə görə, illərdir istifadə olunan bəzi müdafiə sistemlərinin komponentlərini birbaşa istehsalçılardan almaq mümkündür. O, Patriot hava hücumundan müdafiə sisteminin bu baxımdan uyğun ola biləcəyini qeyd edib. Lakin F-35 kimi ən müasir qırıcı təyyarələrin birbaşa satın alınmasının mümkün olmadığını bildirib.
Loher İsveçrənin ABŞ-dan F-35 qırıcılarının alınması prosesində ciddi çətinliklərlə üzləşdiyini də vurğulayıb. O, xüsusilə sabit qiymət məsələsi ətrafında yaranan mübahisələrin həlli üçün müvafiq səlahiyyətli qurumun fəaliyyət göstərdiyini qeyd edib.
Aytən Yaşar/Turkustan.az