ABŞ prezidenti Donald Tramp İsraildə keçirilən seçkiləri şərh edərək, Baş nazir Benyamin Netanyahunun hazırda “yaxşı vəziyyətdə” olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, o, Netanyahunun rəhbərliyi altında milli birlik hökumətinin qurulması səylərinə qoşulub-qoşulmayacağını hələ müəyyənləşdirmədiyini deyib.
Tramp Amerika xəbər platforması Axios-a açıqlamasında İsraildəki seçki vəziyyətini dəyərləndirib.
ABŞ prezidenti Netanyahunu dəstəkləməsinin seçkilərdə ona ciddi fayda verdiyinə inandığını bildirib. “Eşitdiyimə görə, mənim dəstəyim Bibi üçün böyük fərq yaradıb”, – deyə, Tramp qeyd edib.
O, Netanyahunun seçkilərdəki şansları ilə bağlı ilkin məlumatları “qorxulu” adlandırsa da, əlavə edib ki, baş nazir hazırda kifayət qədər yaxşı nəticə göstərir.
Netanyahunun rəhbərliyi altında milli birlik hökumətinin qurulması prosesində iştirak edib-etməyəcəyi barədə suala cavab verən Tramp bu barədə hələ düşünmədiyini, lakin məsələni nəzərdən keçirəcəyini bildirib.
Tramp bir gün əvvəl sosial media hesabında İsrail seçkiləri ilə bağlı paylaşım edərək, Netanyahunu dəstəkləməsinin seçkilərin gedişatını onun xeyrinə dəyişdirdiyini iddia edib.
İsrailin “Yedioth Ahronoth” qəzeti isə ABŞ prezidentinə yaxın mənbələrə istinadən yazıb ki, Vaşinqton İsraildə müxalifətin də daxil olduğu milli birlik hökumətinin qurulması üçün Netanyahuna təzyiq göstərəcək.
Aytən Yaşar/ Turkustan.az