ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması istiqamətində əhəmiyyətli irəliləyiş əldə edildiyini və yaxın vaxtlarda görüş keçiriləcəyini bildirib.
Turkustan.az xəbər verir ki, o, həmçinin İranla mümkün razılaşma və seçkilərdən sonra Tehrana yeni hücumlar ehtimalı barədə danışıb.
Tramp Texasdakı seçki kampaniyasından qayıdarkən Merilend ştatındakı Endryus Birgə Bazasında jurnalistlərin suallarını cavablandırıb.
ABŞ lideri təyyarədə dövlət katibi Marko Rubio və xüsusi elçi Stiv Vitkoffla Rusiya-Ukrayna münaqişəsini və İran məsələsini müzakirə etdiyini deyib.
“Rusiya-Ukrayna məsələsində əhəmiyyətli irəliləyişlər əldə edirik. Çox tezliklə görüş keçiriləcək”, – deyə Tramp bildirib. O, görüşdə Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenskinin iştirak edəcəyini desə də, danışıqların vaxtı, yeri və formatı barədə məlumat verməyib.
Tramp İranın ABŞ-la razılaşmaq istədiyini, lakin danışıqları noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən sonraya saxlamağa çalışdığını iddia edib.
“Onlar razılaşmaq istəyirdilər, amma işləri uzatmağı sevirlər. Bəlkə də seçkiləri və ya başqa bir şeyi gözləyirlər, amma bu, onlara heç bir fayda verməyəcək”, – deyə ABŞ prezidenti qeyd edib.
Seçkilərdən sonra İrana qarşı yeni hücumların mümkünlüyü barədə suala cavab verən Tramp isə “Hər şey mümkündür, amma sizə heç nə deyə bilmərəm”, – deyə bildirib.
Bundan əlavə, Tramp Braziliyada prezident seçkilərinin ikinci turunda Luiz İnasio Lula da Silvaya məğlub olan senator Flavio Bolsonaronun ABŞ-a səfərini təsdiqləyə biləcəyini deyib.
Aytən Yaşar/Turkustan.az