Putin: Çoxqütblü dünya nizamı dönməz bir reallıqdır


Rusiya prezidenti Vladimir Putin çoxqütblü dünya nizamının dönməz reallığa çevrildiyini bildirib və Qərb ölkələrini Afrikanı yenidən borc asılılığına salmağa çalışmaqda ittiham edib.

Turkustan.az xəbər verir ki, Putin bu fikirləri Moskvada keçirilən Rusiya-Afrika İqtisadi və Humanitar Forumunun əsas sessiyasında çıxışı zamanı səsləndirib. O, beynəlxalq sistemdə baş verən dəyişiklikləri və Rusiyanın Afrika ölkələri ilə əməkdaşlığını dəyərləndirib.

Rusiya lideri çoxqütblü dünya nizamının formalaşmasının davam etdiyini vurğulayaraq deyib: “Biz çoxqütblü dünyanın həqiqətən də reallığa çevrildiyinin şahidi oluruq. Bu, obyektiv və dönməz bir tendensiyadır”.

Putin bəzi ölkələrin bu dəyişiklikləri qəbul etməyə hazır olmadığını iddia edib. Onun sözlərinə görə, müstəmləkəçilik düşüncəsindən əl çəkməyən və başqalarının hesabına varlanmağa alışmış dövlətlər tarif müharibələri, qanunsuz sanksiyalar, iqtisadi təzyiqlər, şantaj və digər vasitələrdən istifadə edirlər.

Rusiya prezidenti dünya nizamında baş verən dəyişikliklərin qlobal qərarların qəbuluna da təsir edəcəyini bildirib.

“Bütün qitələrin taleyinin dar bir dövlət qrupu tərəfindən müəyyən edildiyi dövr dönməz şəkildə sona çatır. Onun yerini bütün ölkələrin səsinin eşidildiyi daha ədalətli bir dünya tutur”, – deyə, Putin qeyd edib.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ