Rusiya: Yaxın Şərqlə bağlı vasitəçilik təkliflərimiz masadadır


Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Yaxın Şərq regionu ilə bağlı təkliflərinin hələ də masada olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, o qeyd edib ki, “Rusiya bu məsələdə əlindən gələni etməyə hazırdır, lakin çoxşaxəli bir anlaşmaya ehtiyac var”.

Peskov Moskvada jurnalistlərə açıqlamasında gündəmdə olan məsələlərə toxunub.

O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp dünən baş tutan telefon danışığı zamanı İranla bağlı vəziyyəti müzakirə ediblər. Peskov xatırladıb ki, Putin daha əvvəl Yaxın Şərqdəki gərginliyin azaldılması üçün vasitəçilik variantları təklif edib.

“Bu təkliflərin çoxu hələ də masadadır. Putin dünənki telefon danışığı zamanı da bunlardan bəhs edib. Rusiya bu məsələdə əlindən gələni etməyə hazırdır, lakin bunun üçün çoxşaxəli bir anlaşmaya ehtiyac var”, – deyə Peskov bildirib.

Peskov sözügedən təkliflərin detalları barədə məlumat vermək istəmədiklərini qeyd edib. O, həmçinin Rusiyanın İrana kəşfiyyat məlumatları verdiyi ilə bağlı iddialara münasibət bildirməkdən imtina edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ