Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunan "Türkün sarsılmaz ruhu” adlı şeir müsabiqəsi elan edilib. Müsabiqə "Söz körpüsü” layihəsi çərçivəsində, Bakı Yunus Emre İnstitutu və "Mücrü” nəşriyyatının təşkilati dəstəyi ilə keçirilir.
Müsabiqənin əsas məqsədi tələbələr arasında türkçülük ideyalarını, milli ruhu və vətənpərvərlik duyğularını ədəbiyyat vasitəsilə təşviq etmək, həmçinin xalq şairi Sabir Rüstəmxanlının zəngin yaradıcılıq irsini gənc nəslə tanıtmaqdır.
Müsabiqədə yalnız ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri iştirak edə bilərlər. Hər iştirakçı müsabiqəyə yalnız bir şeir təqdim edə bilər.
Şeirlər türkçülük və Azərbaycançılıq, həmçinin vətən və Turan idealları mövzularını əhatə etməlidir.
Təqdim olunan şeirlər orijinal olmalı və əvvəllər heç bir yerdə, o cümlədən sosial şəbəkələrdə dərc edilməməlidir. Əsərlər Azərbaycan dilində təqdim olunmalı, mətnlə birlikdə müəllifin adı, soyadı və təhsil aldığı müəssisə göstərilməlidir. Plagiat halları qəti qadağandır və belə hallar aşkarlandığı təqdirdə iştirakçı müsabiqədən kənarlaşdırılacaq.
Şeirlər [email protected] elektron poçt ünvanına göndərilməlidir. Məktubun mövzu hissəsində "Türkün sarsılmaz ruhu” qeyd olunmalıdır.
Müsabiqəyə müraciət üçün son tarix 10 aprel 2026-cı ildir.
Müsabiqənin qalibləri arasında I, II və III yerlər üzrə diplom və hədiyyələr təqdim ediləcək. Seçilmiş ən yaxşı şeirlərin Sabir Rüstəmxanlının yubiley tədbirində səsləndiriləcəyi və xüsusi nəşrdə dərc ediləcəyi bildirilib.
Müsabiqənin təşkilatçısı "Söz körpüsü” layihəsi, təşkilati dəstəkçiləri isə Bakı Yunus Emre İnstitutu və "Mücrü” nəşriyyatıdır.
