İranın Naxçıvana raket hücumundan sonra İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı hadisənin araşdırılacağına dair verdiyi vəd iki ölkənin münasibətlərində müsbət dinamika yaratdı.
Maraqlıdır, hadisələrin gələcək dinamikası necə proqnozlaşdırılır?
Turkustan.azxəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Sahil Kərimli deyib ki, İranın Naxçıvana dron hücumu Azərbaycanda haqlı narazılıqla qarşılandı:
“Bundan sonra Məsud Pezeşkian əvvəlcə baş verənlərlə bağlı qonşu dövlətlərdən üzr istədi ki, bu da Azərbaycana verilən mesaj idi. Daha sonra o, İlham Əliyevə zəng etdi. Bu zəngdən sonra ölkələr arasında gərginlik azaldı, münasibətlərdəki ciddi problemlər qismən həll olundu. Burada incə məqamlar var: Azərbaycan həmişə İrana dost və qardaş münasibəti bəsləyib. Tehrandakı bəzi dairələrin düşmənçilik mövqeyinə baxmayaraq, rəsmi Bakı Tehrana qarşı dost əlini uzadıb və qonşuluq siyasətini ləyaqət və humanizm prinsipləri əsasında aparıb”.
S.Əliyev 2005-ci ildə İran-Azərbaycan arasında imzalanmış qarşılıqlı təhlükəsizlik sənədini xatırladıb:
“O dövrdən bir çox xarici ölkələr Azərbaycan üzərindən İrana qarşı müəyyən planlar hazırlamağa çalışıblar. Amma hökumətimiz heç vaxt öz ərazisindən Tehrana qarşı hərbi əməliyyatların keçirilməsinə imkan verməyib. Bu, Azərbaycanın dost və ləyaqətli siyasət yürütməsini bir daha sübut edir. Təəssüf ki, İran zaman-zaman Azərbaycana qarşı düşmənçilik və qərəzli siyasət həyata keçirib. Bu da Azərbaycan dövlətində, xalqında və ictimaiyyətində haqlı olaraq narazılıq və hiddət yaradır. Bu baxımdan İran ABŞ və İsraillə hərbi qarşıdurma fonunda, onunla hansı qüvvələrin və ölkələrin hərbi qarşıdurma apardığını yaxşı anlamalıdır. Dost və qonşu ölkələrə qarşı təxribatlar yürütməməlidir”.
Politoloq Aydın Tağıyev isə qeyd edib ki, Məsud Pezeşkianın İlham Əliyevə zəngi iki ölkə arasında gərginliyi yumşaldaraq yeni diplomatik dialoqun başlanğıcı kimi qiymətləndirilə bilər:
“Qısa müddətdə Bakı-Tehran münasibətlərində sabitləşmə gözlənilir, lakin uzunmüddətli perspektivdə regiondakı müharibə və İranın daxili böhranı hələ də risk faktoru olaraq qalır. İran Prezidentinin İlham Əliyevə zəngi iki ölkə arasında gərginliyi yumşaltmaqla yanaşı, regionda yeni diplomatik ünsiyyətin başlanğıcı kimi də qiymətləndirilə bilər. Azərbaycan balanslı siyasətini qoruyaraq həm Türkiyə, həm Rusiya, həm də Körfəz ölkələri ilə əlaqələrini davam etdirir. İranla isə ehtiyatlı əməkdaşlıq mövcud vəziyyətə görə daha məqsədəuyğundur. Bu zəng gələcəkdə enerji və nəqliyyat layihələrində əməkdaşlıq üçün siyasi zəmin yarada bilər”.