Məhəmməd Əhmədov: Dağlar kimi uca


Nəriman Əbdülrəhmanlı

2017-ci il aprelin əvvələrində qələm dostum, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədliylə birgə Almatıya bir həftəlik səfərdə böyük söz ustası Oljas Süleymenov, görkəmli nasir, dramaturq və ictimai xadim Rollan Seysenbayev, məşhur avar şairi Məhəmməd Əhmədov və bəyənmdiyim nasir Anatoli Kimlə tanış olub söhbətləşdim.

Məhəmməd Əhmədovla məni Rollan Seysenbayev tanış elədi. Məlum oldu ki, Moskvada, M.Qorki adınna Dünya Ədəbiyyatı İnstitutunda təxminən eyni vaxtda oxuyublar:

-Dağıstan Yazıçılar İttifaqının sədri, Dağıstanın Xalq şairi dostum Məhəmməd Əhmədovdu, - dedi, sonra məni ona təqdim elədi.

-İmzası tanışdı, - dedim, - Moskvada kitab dükanlarını gəzəndə aldığım “Əsa və təsbeh” toplusundan yaddaşıma həkk olunmuş bir beytini söylədim. Heyrətlənmiş Məhəmməd təntənəsiz-filansız məni qucaqladı:

-Qardaşım, şairə bundan artıq nə lazımdı!..

1. Dağların qoynunda bir uşaq

Məhəmməd Əhməd oğlu Əhmədov 1955-ci il noyabrın 13-də daim böyük Şeyx Şamilin adıyla anılan Qunib rayonunun Qodon aulunda doğulub, doğum şəhadətnaməsini təxminən iki ay sonra, 1956-cı il yanvarın 8-də aldığına görə, pasportuna elə həmin tarix də yazılıb, amma həmişə doğum gününü noyabrda qeyd eləyib...

Uşaqlığı o uzaq dağ aulunda keçib. Valideynləri sadə dağ adamları olsalar da, sözü özlərinə məhrəm sayıblar. Məhəmmədə də sözə sevgi irsən keçib, çoban olan atasından eşitdiyi şeirləri yaddaşına yazıb. O illərdə də artıq şeirlər yazmağa başlamış, Rəsul Həmzətov yaradıcılığının vurğunu olmuşdu. Hətta yuxarı siniflərdə “şairlik oxumaq” fikrinə düşmüş, şeirlərinin sətri tərcüməsini Ədəbiyyat İnstitutunun müsabiqə komissiyasına göndərmişdi. Saf, bir qədər də sadəlövh aul uşağı güc-qüdrətini dağlardan alan POETİK SÖZÜnün eşidiləcəyinə - instituta qəbul ediləcəyinə inanırdı.

O möcüzə isə 1974-cü ildə baş verdi...

2. Ədəbiyyatın qapısından içəri girdi...

Artıq rayon və respublika qəzetlərində və “Dostluq” almanaxında şeirləri çap olunmuş Məhəmməd Əhmədovun müsabiqə komissiyasına göndərdiyi sətri tərcümələr müsbət qiymətləmdirilmiş, qəbul imtahanlarına buraxılmışdı...

Bircə “dörd” yazılmış kamal attestatını alıb Moskvaya yollandı, Tver bulvarındakı 25 saylı binada rektor Vladimir Pimenovun başçılıq elədiyi komissiya qarşısında dayandı və... məlum oldu ki, ikiillik zəruri iş stajı olmadığına görə instituta qəbul oluna bilməz. Amma kurs rəhbəri Aleksandr Mixaylovun təkidindən sonra şərt qoydu ki, imtahanları “əla” qiymətlərlə versə, istəyini nəzərə alacaq.

O da bu şərti yerinə yetirib arzusuna çatdı...

Azadlığın məngənəyə salındığı dövrdə Ədəbiyyat İnstitutu nəhəng ölkənin nisbi “azadlıq adaları”ndan biriydi. Məhəmməd Əhmədovun dağ çeşmələrinin suyu kimi dumduru şeirləri o müzakirələrdən daim üzüağ çıxırdı. Amma özünün də etiraf elədiyinə görə, gənclik istəyinə qapılmış, tez tanınmaq məqsədiylə “estrada şairləri tərzində” yazmağa başlamışdı. Amma elə iknci kursda müzakirə zamanı müəllimi və xeyirxahı Mixaylov bu cəhdinin qarşısını qətiyyətlə aldı.

Amma o illərdə çox çap olunmağa can atmamağı da öyrənmişdi: şeirləri yalnız “ağır sınaqlardan” keçəndən sonra “Gənc səslər” almanaxında, bir neçə ədəbi jurnalda işıq üzü görmüşdü...

3. Rəsul Həmzətov məktəbinin şgirdi

1979-cu ildə Mahaçqalaya qayıdan gənc şair bir müddət Dağıstan kitab nəşriyyatında redaktor işləyib, hələ orta məktəbdən tanıdığı Məhəmməd Sulimanov, Ömər-Hacı Şahtamanov (o, on dörd yaşı olanda Məhəmmədi Rəsul Həmzətova təqdim eləmişdi) kimi nüfuzlu söz sahiblərinin plana salınmış kitablarının redaktoru olub...

Elə həmin vaxt da avar dilində “Gecə məktubları” adlı ilk poetik toplusunu oxuculara təqdim eləyib. Həmin vaxt da ustadı saydığı Rəsul Həmzətov gənc, istedadlı və bacarıqlı həmkarının ədəbi karyerasında müsbət rol oynayıb: Məhəmməd Əhmədov 1983-cü ildən Yazıçılar İttifaqının təşklilati məsələlər üzrə katibi, ədəbi jurnalların məsul katibi, Avar yazıçıları bölməsinin rəhbəri, “Doğru fikir” regiolal qəzetinin baş redaktoru olub.

Rəsul Həmzərovla çiyin-çiyinə çalışdığı illərdə Məhəmməd Əhmədov həm şəxsiyyət, həm də şair kimi yetkinləşdi, Mahaçqlada avar dilində “Zamanın balladaları” (1982), “Şeirlər” (1983), “Günlər” (1985), “Şəhər şeirləri” (1989), “İllər” (1993), “Şair” (2001), Moskvada isə “Misralar” (1983), “Sevgi peyğəmbəri” (1995) poetik toplularını nəşr etdirdi, iki dəfə (1985, 2004) “Literaturnaya qazeta” həftəliyinin mükafatına layiq görüldü.

Rus dilində nəşr olunan kitabına ön sözü sevimli müəllimi Aleksandr Mixaylov yazıb, onu məhz öz aləmini poeziyaya gətirən şair kimi təqdim eləyib...

4. Qəlbi həmişə dağlarda idi...

Məhəmməd Əhmədov böyük rus şairi Sergey Yeseninin “Mənim bioqrafiyam – şeirlərimdədi” deyimini təkrarlamağı çox sevirdi, çünki onun bioqrafiyasını da şeirlərindən oxumaq olurdu....

O şeirlər dağların havasını, çeşmələrin gümültüsünü, qartalların qıyını, qar uçqunlarını andırırdı. Doğulub boya-başa çatdığı Qonod aulu əzəmətli Yəhərdağın ətəyində, sıldırımların, meşələrin, çəmənlərin əhatəsində yerləşdiyindən təbiətə sevgisi Məhəmmədin misralarına hopub. O ətrafda ən çox sevdiyi yer isə sakitlikdə mütaliəyə daldığı ağcaqayın meşəsiydi.

Bir də dağların, zirvələrin, dərələrin, çeşmələrin, çayların filosofu, aulların sadə peyğəmbərləri, xalqın və göylərin müdrik ağsaqqalları saydığı aul qocalarını sevir, onlardan xeyirxahlıq, insanlıq, sevgi, şəfqət öyrənirdi. Tez-tez deyirdi, məndən dağları niyə bu qədər çox sevdiyimi soruşsalar, bircə cavab verə bilərəm: orda bənzərsiz qocalar yaşadığına görə. Buna görə də qodekanda – aulun mərkəzində - yığışıb dünya məsələlərini çözən qocaların obrazı daim onun şeirlərindən boy verir:

Doğma yurdu qarış-qarış,

Guşə-guşə dolaşmışam.

Atam dağlardan da gözəl

Çətin ki, bir nəğmə qoşam...

Bu səbəbdən Məhəmməd Əhmədovun poeziyasında onların obrazları dağlar, qayalar, dərələr qədər əzəmətlidi...

5. Dağıstanın “İkinci Rəsul Həmzətovu”

Dağıstan ədəbiyyatının son klassiki Rəsul Həmzətov 2003-cü ilin noyabrında Haqqa qovuşanda onun əvəzedicisini axtarmaq kimsənin ağlına gəlmədi...

Bir şeçə ay sonra Məhəmməd Əhmədov Yazıçılar İttifaqı İdarə Heyətinin sədri vəzifəsində müəllimini əvəz elədi, son nəfəsinədək də onun ənənələrini davam etdirmək üçün əlindən gələni əsirgəmədi. Xüsusilə hər ilin sentyabrında keçirilən “Bəyaz durnalar” ədəbi festivalının Rəsul Həmzətovun xatirəsinə həsr edilməsi, regionlararası ədəbiyyat bayramına çevrilməsi, ədəbi nəşrlərin daha səmərəli fəaliyyəti məhz onun xidmətidi.

Məhəmməd Əhmədov üçün bu dövr yaradıcılıq sarıdan da uğurlu keçirdi. Mahaçqalada “Klassik ulduzlar” (2008), “Yüzillərin hüqovuşuğunda” (2015), Moskvada “Mübhəm vaxt” (2005), “Ağ saçlar” (2007), “Dua və nəğmə” (2008), “Əsa və təsbeh” (2015), Volqoqradda “Ürəyimə qar yağır” (2013), Yaroslavlda “Yolsuzluq dövrü” (2017) kitabları işıq üzü gördü, 50 illik yubileyində “Dağıstanın Xalq şairi” fəxri adına layiq görüldü, Rusiyanın Böyük Ədəbi Mükafatını (2006) və A.Delviq mükafatını (2012) qazandı.

Amma qismətinə düşən sanballı şöhrət belə, Məhəməd Əhmədovu öz köklərindən uzaqlaşdırmadı, əksinə, milli və tarixi yaddaşına daha möhkəm bağladı. O, “avarların Puşkini”“Qafqazın Bloku” adlandırılan Kaxab-Rosolu Mahmudun, avar nəğməkarları Batırayın, İrçi Kazakın, Koçxurlu Səidin, Yetim Eminin, Anxil Marinin talelərini ədəbi aləmə çıxarmağı özünün milli və vətəndaşlıq borcu saydı.

“Şair öz şeirlərində yaşayır, çox vaxt daha yaxşı və daha ali həyatın mövcud olduğu naməlum aləmə dizli qapı açır”, - deyən şairin poetik düşüncəsi daim məhz faniliyə deyil, ədəbiyyətə köklənmişdi...

6. “Bəyaz durnalar”ın işığı

...Almatıdakı bir həstəlik ünsiyyətimiz bizi, sözün əsl mənasında, dostlaşdırdı...

Məhəmməd Əhmədovun hüdudsuz sadəliyi və səmimiyyəti qəlbimi fəth elədi. Hava limanında vidalaşanda məni qardaş kimi bağrına basdı.

-Qardaşım, - dedi, - səni “Bəyaz durnalar” ədəbi festivalının ilk, həm də daimi qonağı elan eləyirəm, - dedi, - sentyabrda Mahaçqalada gözləyəcəyəm.

Bakıya dönəndə Almatıda bağışladığı poetik toplularını oxudum, Məhəmməd Əhmədovun poetik aləminə bir daha səyahət elədim. Xahişimlə qələm dostum Nurafiz kitabdan seçmələri ustalıqla dilimizə çevirdi, kiçik önsöz yazdım, qəzeti də ünvanına göndərdim. O vaxtdan da Tez-tez də zəngləşir, qayğılarımızı bölüşürdük.

2017-ci ilin sentyabrında “Bəyaz durnalar” festivalına Nurafizlə getməli olduq. Məhəmməd Əhmədov bizi təbiətinə xas səmimiyyətlə qarşıladı, festival müddətində diqqətini əsirgəmədi. Onun sayəsində çağdaş ədəbiyyatın Supiyanat Mamayeva. Suvaynat Kürəbəyova, Vladimir Soroçkin, Muxtar Tabaksoyev. Aleksandr Ananiçev kimi istedadlı nümayəndələriylə tanış olduq, yaradıcılıq ünsiyyəti qurduq.

Festival proqramında qədim və təkrarsız Dərbəndə səfər də nəzərdə tutulmuşdu. Məhəmməd Əhmədov Dərbəndi görmək istədiyimizi biləndə fikrimizi dəyişdirmək istəmədi:

-Nə olar, - dedi, - gələn dəfə sizi Qunibə apararam.

Ədəbi ovqatımızı Dərbənd təəssüratlarıyla tamamlamaq da taleyin rast gətirdiyi bir fürsət idi...

7. Bilmirdim ki, ayrılıq var...

Proqram üzrə Rəsul Həmzətovun məzarını, ev-muzeyini ziyarət eləyəndən, poeziya gecəsində, görüşərdə iştirak eləyəndən sonra Məhəməd Əhmədov vədini yerinə yetirdi, mənim də daxil olduğum bir dəstəni Qunib rayonuna apardı.

Festival başa çatanda Məhəmməd Əhmədovla bir də görüşmək ümidiylə ayrıldıq. Üstəlik, müəyyən yaradıcılıq planımız da vardı: onun və Məmməd Xəlilovun kitablarını dilimizə çevirib nəşr etdirmək, Dağıstan və Azərbaycan ədəbiyyatından nümunələri antologiya şəklində üzə çıxarmaq barədə ilkin razılıq əldə eləmişdik.

Amma araya düşən pandemiya səddi bu ideyalarımızı tam gerçəkləşdirməyimizə imkan vermədi. Yalnız 2020-ci ildə Nurafizin tərcüməsində festival iştirakçılarının şeirlətindən ibarət “Bəyaz durnalar” poetik toplusunu üzə çıxara bildik. Məhəmməd Əhmədov bu faktı ədəbiyyatlarımız arasındakı əlaqələrin sanballı faktı kimi qıbul elədi.

Yollar bağlı olduğundan 2021-ci il festivalı bizsiz keçdi. Amma Məhəmməd Əhmədovla tez-tez zəngləşirdik, Həştərxanda “Könül quşum” (2019), Moskvada “Tənha ada” (2020), Mahaçqalada “Məktublar” (2022) poetik toplularının nəşrindən xəbərim vardı. 2022-ci ildə Dağıstanın Xalq şairi Fazu Əliyevanın anadan olmasının 90 illik yubileyinə də pandemiya səbəbindən gedə bilmədik.

Onda səhhətində problemlər yarandığından, müalicə olunduğundan xəbərim vardı. Amma nikbin idi, 2023-cü ildə Rəsul Həmzətovun anadan olmasının 100 iliyinə həsr olunmuş tədbirlərdə mütləq görüşəcəyizi deyirdi.

Mən də buna inanırdım, çünki heç vaxt vədinə xilaf çıxmamışdı...

“Mənim nəğmələrim qalır duyana...”

2023-cü il fevralın 21-də Nurafizlə Rusiyadan gəlmiş qələm dostumuz Knyaz Qoçaqla görüşəndə heç ağlımıza da gəlməzdi ki, az sonra gözlənilməz nəhs xəbər alacağıq.

O məqamda beynimdən Məhəmməd Əhmədovun misraları keçdi:

Qeyb olur, əzizim, hər şey qeyb olur,

Mənim nəğmələrim qalır duyana...

Bir də “Dağlar oğlunun etirafı” xatirə-essesindən yaddaşıma həkk olunmuş sözlərini xatırladım: “Şairin yaşı yoxdu. Onun zamanı var. Bir də zamanın çaitləri olur. Şair – təkcə poetik anlayış deyil. Hər bir şair səpinçidi...”

Unudulmaz söz ustası Məhəmməd Əhmədov da xeyirxahlıq toxumu səpən təkrarsız şəxsiyyətlərdən biriydi...


MANŞET XƏBƏRLƏRİ