“Kulturologiyada metodoloji axtarışlar”ın tədqiqinə yeni baxış


Vəfa Xanoğlan
Azərbaycan Universitetinin müəllimi,
Sənətşünaslıq elmləri doktoru

Azərbaycan kulturologiyasının ayrı-ayrı problemlərinin tədqiqata cəlb edilməsi çağdaş sənətşünaslığımızın qarşısında duran aktual məsələlərdən biridir. Bu vəzifələrdən biri də kulturologiyada metodoloji axtarışların məzmun və ideyasını açmaq, onun bütünlüklə xarakterik əlamətlərini ortaya çıxarmaqdır. Bu cəhətdən kulturologiya üzrə fəlsəfə doktoru, professor Xaləddin Sofiyevin "Kulturologiyada metodoloji axtarışlar” monoqrafiyası diqqəti cəlb edir. ( Bakı, "Elm və təhsil", 2024, Elmi redaktoru, akademik Nizami Cəfərov, rəyçilər professor Rəna Məmmədova, kulturologiya elmləri doktorları Nigar Əfəndiyeva və Çingiz Abdullayevdir). Dörd fəsildən ibarət olan monoqrafiyada mədəniyyətin semiotikası, strukturalizm, postmodernizm, poststrukturalizm kimi məsələlər ümumiləşdirilmiş və kulturologiyada metodoloji axtarışları aktual edən problemlər tədqiqat predmeti kimi götürülür. Monoqrafiyada kulturologiyanın müstəqil elm kimi inkişafından, mədəniyyət və sivilizasiya ilə ilişgilərindən bəhs edilərək belə bir qənaət təsdiqlənir ki, bu elmin tarixi digər elmlərin yeni nəticələri ilə zənginləşərək, çağdaş mədəniyyətin öyrənilməsinin və təkmilləşdirilməsinin elmi metodunu yaratmışdır. Bu metod tarixilik prinsipini əsas tutmaqla yanaşı, həm də məntiqə və dərketmə nəzəriyyəsinə əsaslanır. Tədqiqatçının elmi səriştə ilə apardığı dərin tədqiqat zamanı ortaya qoyduğu çeşidli faktlar, yürütdüyü elmi mülahizələr demək olar ki yenidir. Tədqiqat əsərinin bütün fəsilləri zəngin məxəzlər, yüksək nəzəri təhlil və ümumiləşdirmələr əsasında işlənmiş, kulturologiyada metodoloji axtarışlar professional bir səviyyədə elmi müstəvidə təqdim edilmişdir.

"Kulturologiyada metodoloji araşdırmaları aktual edən amillər” adlanan birinci fəsildə metodologiyada şüurun özünürefleksiya prinsipləri, metodoloji anlayışların yeni yöndən fəallaşdırılması önə çəkilir.

Tədqiqatçının fikrincə cəmiyyət və mədəniyyət daim qarşılıqlı əlaqədə inkişaf edir, mədəniyyəti idrak üçün obyektə çevirən kulturologiya subyektdən bu obyektə yol salmalıdır. Kulturologiyada metodlara ehtiyac da bundan yaranıb. Kulturoloji metodlarda hər metodun iki suala cavab verməsi müəyyənləşdirilir: Birincisi, "problemi hansı yolla öyrənmək" sualı, ikincisi "araşdırmanın nəticələrini necə söyləmək" sualı. Kulturoloji metodologiyada mədəniyyətlə ilgili bütün məsələlər konseptual şəkildə qoyulur və tarixilik prinsipi əsasında dəyərləndirilir.

Monoqrafiyanın "Kulturologiyada paradiqmalar və metadil" adlanan ikinci fəslində mədəniyyətşünaslıqda paradiqmaların yaranması və inkişafı, kulturologiyada tətbiq olunan metadillər və Tomas Kunun elmdə inqilab nəzəriyyəsi şərh edilir. Qeyd edilir ki, paradiqmalardan həm mədəniyyət dövrləri, tipləri ilə bağlı, həm də kulturoloji nəzəriyyələrlə bağlı məlumat verilir. Şellinqin, Hegelin kültür tiplərini müqayisəli şəkildə təhlil edən tədqiqatçı belə qənaətə gəlir ki, "kulturologiyada həm taksonomik bölgüləndirmələr, həm tipoloji axtarışlar, həm də tarixi- müqayisəli tədqiqatlar müasir dövrdə öz nüfuzunu və lazımlığını itirməyib"(s.113). X. Sofiyev problemləri araşdırarkən, bir tərəfdən filosofların kulturoloji fikirlərinə, digər tərəfdən konkret faktlara dayaqlanır. Nümunə üçün Mişel Fukonun kulturoloji düşüncələrini XVI- XVII yüzilliklərin mədəniyyəti haqqında seçkin açıqlamalarını həm də paradiqmaların kulturoloji nəzəriyyələrdə necə işlənməsini bir örnək sayır. Alimin fikrincə yunan sözü olan "paradiqma"nı elmin fəlsəfəsinə Tomas Kun gətirib. Ondan əvvəl isə bu söz "örnək", "nümunə" mənalarında linqvistikada işlədilib. Paradiqma isə dil sistemində qruplara toplanmış sözləri anladır. Dekartın, Bekonun kulturoloji fikirlərini əsas tutaraq Tomas Kunun "paradiqma" termini ilə Fukonun "epistema" terminini müqayisə edən müəllif "epistema"nın "paradiqma"dan populyar olmadığı qənaətinə gəlir. Tipoloji axtarışlarda Frezerin "Əhdi-ətiq və folklor" əsərinə istinad edən müəllif xalq yazıçısı Kamal Abdullanın əsərində də tipoloji yaxınlaşma apararaq yazır: "Kamal Abdullanın "Gizli Dədə Qorqud" araşdırması Oğuz dastanları ilə yunan mifologiyası arasında külli miqdarda tipoloji yaxınlıqlar tapır" (S. 123). Sivilizasiyalar üzrə tipoloji axtarışları kulturologiyanın ən əhəmiyyətli istiqamətlərindən sayan müəllif istedadlı alim Rahid Uluselin sivilizasiya mövzusunda harmoniya axtarışlarını və tədqiqatçı Ərəstu Həbibbəylinin sivilizasiya nəzəriyyələrinin tarixinə aid elmi mülahizələrini nümunə göstərir.

Kulturoloji fikir tarixində Y. Lotmanın maarifçilik kültür kodunda əsas olan "təbii- təbii olmayan" qarşıdurmasını səciyyələndirən müəllif belə nəticəyə gəlir ki, maarifçiliyin üstünlük verdiyi şeylər, müsbət saydığı dəyərlər təbiiliklə eyniləşdirilirdi. Bu fəsildə kulturologiyada tətbiq olunan metodillərə xüsusi yer ayıran müəllif onu mədəniyyət hadisələrini, proseslərini interpretasiya, tərcümə etmək vasitəsi kimi səciyyələndirir. "Metodil" dil - obyekti təsvir etməyə imkan verən ikinci dildir. Ona görə də danışıq dilini təsvir edən qrammatikaya metodil demək olar. Bu mənada kulturoloji nəzəriyyələri qurmağa imkan verən dilə kulturoloji metodil demək olar"(S.190). Tədqiqatçıya görə bu dil terminləri, konseptləri və onları birləşdirmək, ayırmaq qaydaları ilə tədqiqatçılara mədəniyyət haqqında necə danışmaq, necə fikir söyləmək, yəni necə təhkiyə qurmaq kodunu, istiqamətlərini verir. Kulturoloji metodildə həm də ayrı-ayrı mədəniyyət nəzəriyyəçilərinin qurduqları konseptlərin nəticələri izlənir. Heyzinqanın "oyun", Qumilyovun "passionarlıq" termin- anlayışlarının timsalında metadilin nələr qazandığı, necə işlədiyi göstərilir, A. Losevin, D. Lixaçovun, M. Kaqanın, M. Lotmanın tədqiqatlarının özəllikləri şərh edilir.

"Semiotikada strukturalizmdən poststruktralizmə və post - modernizməcən" adlanan üçüncü fəsildə mədəniyyətin semiotikası və strukturalizm, post- strukturalist və post- modernist ideyaların kulturoloji konteksti kimi problemlər araşdırılır. Qeyd edilir ki, semiotika işarələr haqqında elmi-nəzəri sistem kimi qədim fəlsəfi fikrin dərinliklərində formalaşıb. İşarələr və onların növləri haqqında stoiklər, Platon, Aristotel maraqlı fikirlər irəli sürmüşlər. Müəllifə görə kürrəsəllik nəticəsində müasir dünyada sinkretik dəyərlərin, mədəniyyət hadisələrinin sayı xeyli artır. Xüsusilə XX yüzildə kulturologiyada iki ideya formalaşaraq aktuallığını indi də saxlayır. Bunlardan biri hadisələrə sistem yanaşması, digəri isə hadisələrin çoxqatlı təhlilidir. Bütün bu məsələləri o, yeni elmi duyum və baxışlarla, özüllü dəlillərlə aşkarlayır. Tədqiqatçının bu fəsildə daha ilginc bir məsələyə münasibəti də maraq doğurur. Belə ki, o, semiotikanı mədəniyyətdə bir çox prosesləri, hadisələri, kod və tekst qatlarını bölgüləri əsasında strukturlaşdırır. Və öz fikirlərini akademik Kamal Abdullanın "Səhvlərimizin qrammatikası" başlığı altında yazdığı məqalələrlə isbatlayır.

Monoqrafiyanın sonuncu bölümü "Qloballaşma və multikulturalizm müasir kulturologiyanın aktual mövzuları kimi" adlanır. Bu fəsildə də müəllifin tədqiqat zamanı ortaya qoyduğu elmi faktlar, irəli sürdüyü mülahizə və ideyalar orijinaldır. Kulturologiyanın qloballaşmaqla bağlı hədəfə aldığı problemlər, multikulturalizmin təklif etdiyi yeni paradiqmalar elmi-nəzəri fikir işığında təhlil olunur. Müəllifə görə qloballaşma mədəniyyətlər arasında elə münasibətlər yaradır ki, biri o birisini geri qalmamağa vadar edir. Nəticədə mədəniyyətlərin arasında uğur, nailiyyətlər baxımından qeyri- bərabərlik qalsa da öncəki dövrlərə nisbətdə onların hamısı xeyli yüksək pillələrə qalxırlar. X. Sofiyev haqlı olaraq vurğulayır ki, cəmiyyətdəki etnik və dini müxtəliflik multikulturalizm paradiqmalarının kontekstində təbliğ edilir. Ölkəmizdə qloballaşma dövründə milli- etnik plüralizm və tolerantlıq münasibətlərini yüksək pilləyə multikulturalizm ideyaları qaldırmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: "Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayədənləri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olmuşdur. Multikulturalizm sözü mövcud olmadığı bir zamanda belə həmin ideyalar daimi yaşayıb". Müəllif bu məsələyə aydınlıq gətirərək elmi əsaslarla sübuta yetirir ki, əsl, demokratik multikulturalizm bir cəmiyyət daxilində müxtəlif kültür identikliklərinin olmasını nəzərdə tutur.

X. Sofiyev elmi axtarışlar nəticəsində hasilə gətirdiyi bu əsəri çağdaş milli-nəzəri fikir işığında, yeni mənbələr, təzə faktlar və zəngin qaynaqlar hesabına cilalamışdır. Tədqiqat əsərinin elmi əhəmiyyətini təmin edən əsas məziyyətlərdən biri tarixi- müqayisəli təhlillər vasitəsilə çağdaş dünya kulturologiyasının nailiyyətlərinin və problemlərinin ümumi mənzərəsini verməkdir. Yüksək elmi-nəzəri hazırlıq və təfəkkür orijinallığı X. Sofiyevin təhlil üslubu üçün çox səciyyəvidir. Monoqrafiyanın önəmli cəhətlərindən biri də odur ki, mənbə seçimində müəllif nüfuzlu alimlərə, obyektiv qələm sahiblərinə müraciət edir. Alimin yaradıcılığını səciyyələndirən ən əsas cəhətlərdən biri də odur ki, o, kulturologiyada metodoloji axtarışlar problemini dünya elmi fikrinin kontekstində araşdırır. Yüksək mənəvi zənginlik, dərin yaddaş, miqyaslı düşüncə tərzi və nəzəri hazırlıq onun elmi fəaliyyətində böyük rol oynayır. O, elmi fəaliyyəti ilə yanaşı uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərib. 2003- cü ildə "XX əsrin əvvəlləri Azərbaycan mədəniyyətində ənənə, yenilik və Əhməd bəy Ağaoğlunun yaradıcılığı" mövzusunda dissertasiya müdafiə edərək respublikada ilk dəfə olaraq kulturologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2013- cü ildə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Professor X. Sofiyevin elmi məqalələri həm respublikada, həm də Avstriya, Çexiya, Amerika, Ukrayna, Rusiya, Türkiyə, Hindistan, Slovakiya, Qazaxıstan və s. ölkələrin elmi jurnallarında çap olunmuşdur. "Kulturologiyada metodoloji axtarışlar" monoqrafiyası alimin uzunmüddətli elmi axtarışlarının nəticəsidir. Tədqiqat əsəri çoxsaylı qaynaqlar əsasında yazılmışdır. Monoqrafiyanın əsas elmi cəhətlərindən biri də sonda Azərbaycan, türk, rus və ingilis dillərində verilən geniş ədəbiyyat siyahısıdır. Bu əsəri çağdaş kulturologiyamızın uğurlarından biri hesab etmək olar. Ümidvarıq ki, bu əsər tədqiqatçılar, magistrlər, doktorant və disertantlar üçün fundamental elmi mənbə olacaq...


MANŞET XƏBƏRLƏRİ