İran və ABŞ danışıqlarının başqa bir vaxtda davam etdirilməsi barədə razılığa gəlib. Bu da göstərir ki, tərəflər arasında Omandakı danışlar konstruktiv keçib. Görünən odur ki, həm Tehran, həm də Vaşinqton dialoqa meyillidir. Bu, təəccüblü deyil. Əvvəl də dediyimiz kimi tərəflər müharibə istəmirlər.
Əgər tərəflər danışıqların davam etdirilməsi barədə razılığa gəliblərsə, deməli, avtomatik olaraq müharibə ehtimalı aşağı düşür. Hərçənd belə bir risk daim var. Eskalasiya riskinin minimuma enməsi üçün Tehran və Vaşinqton nüvə dosyesi ilə bağlı konsensus əldə etməlidirlər.
Politoloq Kənan Novruzov məsələ ilə bağlı Musavat.com-a dedi ki, cənub qonşumuz müharibəyə hazır deyil:
"İran müharibə istəmir. Bu ölkənin rəsmiləri hər nə qədər bu ssenariyə hazır olduqlarını deyib ABŞ-ni hədələsələr də, reallıqda rəsmi Tehranın işi heç də asan deyil. İran faktiki olaraq böhran içindədir. Belə bir vəziyyətdə mümkün müharibə İran rejiminin süqutunu daha da yaxınlaşdıra və bütünlükdə cənub qonşumuz üçün katostrafik durum yarada bilər. Düşünürəm ki, qarşıdakı dövrdə tərəflərin mövqeləri daha da yaxınlaşa bilər. Hərçənd bu prosesdən narahat olan İsrail mümkün qədər çalışacaq ki, "suları bulandırsın"".