Turan Uğur
AYB-nin üzvü
Diləklər cürbəcür olur: ömür diləyi, mal-dövlət diləyi, sağlıq diləyi – bir də var Səddə diləyi.Səddə diləyi dünənlə bugün arasında, Böyük çillə ilə Kiçik çillə qovşağında edilən diləkdir. Onu deyim ki, 40 günlük Çilləyə “xudahafiz” deyibən, Kiçik çilləyə “mərhaba” söyləməyin özü də bir ərdəmdir.Və ərdəmlik odur ki, gedənə sağol, gələnə salam deməyi bacarasan.Çıxasan eyvana, diləyini tutasan, Novruza gedən yollarımızın asanlığını diləyəsən. Ruzi-bərəkətin göydən elə yağar ki, Kiçik çillənin məşəqqətini ləzzət, “qışın oğlan çağı” nın müşkülünü zövqü-səfa bilərsən.
Bunu bildinsə yaşamaq da qolay olur.
Qeyd edim ki, qədim əyyamlardan üzübəri Səddə bayramı Novruz bayramına 50 gün qalmış keçirilərdi.Bu haqda Nizaminin “İsgəndərnamə” sində yazılan bu qutsal misralar həmin fikirlərin əsl təsdiqidir.
Novruz ilə Səddə bayramlarında,
Ayinlər yenidən olurdu bərpa.
Ər üzü görməmiş növrəstə qızlar,
Evindən sevinclə dışarı çıxar.
Əllər al xınalı, üzlər bəzəkli,
Hər yandan gəlirdi coşqun ürəkli...
Beytlərdən də göründüyü kimi Şeyx Nizami dönəmində Səddə günü bayram coşqu ilə keçirilərmiş, eynən Baharda olduğu kimi hamı bəzənər, düzənər, atəşli ürəklər qışın çovğununa meydan oxuyarmış. Ayinlərin bərpa olunması isə odur ki, yurdumuzda ən əski çağlardan Səddə mərasimləri əzəmətli şəkildə keçirilərmiş, zira onun müəyyən epizodlarının bərpası güncəl mahiyyət qazanıbmış. “Novruza 50, biçinə 150 gün qalır” şüarı isə yurdumuzun yalnız müəyyən bir kəsiminin gələcək planlarından soraq verib.
-Bəs Səddə günü nələr yaşanırdı?
-Yurddaşlarımız meydanlara çıxarmışlar, tonqallar çatılar, amma millət ocağın yox, el-elatın coşğusuna, istisinə qızınardı.Bu sıcaqlıq zimistanın düz ortasında ilac kimi gələrdi bizim dədələrə, nənələrə.Şirniyyat bişirənlər kim, süfrə açanlar kim...Hər kəs gücü çatandan bayram süfrəsini bəzəyərmiş.Adından da göründüyü kimi sədd olardı, hüdud olardı iki Çillənin qovşağında.
Səddə bayramı mazimizdə müxtəlif ayinlərlə, rituallarla daha da xoş keçərdi.Ancaq bir məqam var ki, Novruza qədər olan ayinlərin, mərasimlərin heç biri əzəmətinə görə Novruz təmtərağını ötməməli idi. Beləki, Novruzu kiçik anmalarla düzənlənən yığnaqlar müəyyən qədər bayramı imitasiya etmək xarakteri daşıyardı.Bu mənada adəti üzrə Səddə tonqalı da Novruz tonqalından daha artıq şölə saçmazdı.Bu kimi nüanslar yalançı, xəbərçi çəşənbələrimizə də xasdır.
“Qırxı getdi, iyirmisi qaldı” demək Çillənin çoxunun arxada, azının irəlidə olduğuna nişanə idi.
Səddə bayramının məxsusi ayinləri haqda bilgilər günümüzə qopuq-qopuq, pərakəndə şəkildə çatıb.Şübhəsiz, Səddənin Novruzqabağı digər önəmli günlərlə bənzərlikdən savayı fərqli özəllikləri də olub.Fikrimcə, bu faktor daha çox Səddə nəğmələrində, sloqanlarında, mərasimlərində - söz-sovumuzda bir qüvvə kimi düyümlənib.Əsrlər boyu bir-biri ilə iç-içə olan “Səddə” və “mərasim” sözləri bugün təbii şəkildə üzvü bir hala gəlib. Vaxtilə qaş qaralanda yeniyetmələrin kənd, şəhər meydanlarında cəm olunması Səddə gününə törənlərdən idi.Şölənlərdən, təzahüratdan xali olmayan gecədə müxtəlif xalq oyunları oynanılar, uca folklorumuzun çiçəyi çırtlayardı.
Məbədlərə gedib, soyuq rüzgarı atəşə atıb, sıcaq Günəşin könlünü almaq da Səddə mərasimlərindən öndə gələni idi.Odun, alovun hənirtisini əyinlərdə kürk bilən türk insanı çovğuna bu sayaq dərs verərdi.Xeyirlə şər qovğasında hansı səfdə dayanmalı olduğunu – haqqı, ya nahaqqı seçməyi boynunun borcu idi.Sudan duru, aydan arı Çərşənbələrin pişvazına çıxmaq, onu sevə-sevə qarşılamaq türkün nə qədər alicənab, necə kübar bir davranış sərgiləməsindən xəbər vermirmi?!
Yalançı çərşənbələrin bir addımlığında yurddaşlarımızın sevincək olması, bayram bəşarətçilərini birgə qarşılamaq məmləkətin bir olmağını, diri olmağını, iri olmağını icab etdirmirmi?!
Deyirlər, niyyət niyyətə, dua duaya calananda nəinki yer, göy də bayram edərmiş.Hamı payını alarmış bu Səddə sovqatından.Alaq bu mübarək gündən biz də öz payımızı.Çünki bugün öləzimiş adətlərimiz fonunda Səddəni sərəfraz görməməyimizin təbii səbəbləri var.İnsanların gündəlik dərd-sərləri, həyat problemləri, keçim qayğıları demək ki, folklorumuzdan da yan keçməyib.Bu məqama “heyhat!” deyibən, içimizdən silkinib, özümüzdə güc yığıb bayramlarımza sığınmağın çoxdan vaxtı yetişib.Özümüz olmağın tək formulu, yeganə düsturu yalnız bu kimi bayramların bətnində doğal şəkildə çözülür.Biz də doğa kimi özümüzü çözək.Yolumuzdan sapmayaq, cığırımızdan saqınmayaq! Səddədən Novruza bu dayanacaqlardan keçməklə marşrutumuz belədir:
-İlaxır çərşənbələrimizin ilki –Su çərşənbəsi fevralın 24-ü, Od çərşənbəsi martın 3-ü, Yel çərşənbəsi martın 10-u, Torpaq çərşənbəsi isə martın 17-isidir.Yaz fəsli yurdumuza martın 20-isi, saat 18:46-da təşrif buyuracaq.
Diləklər cürbəcür olur: ömür diləyi, mal-dövlət diləyi, sağlıq diləyi – bir də var Səddə diləyi.Diləyiniz mübarək!
Həmin gün ruzilər Səddədən gələr,
İnsana hər zülm bəndədən gələr.
Novruza əlli gün qalıbsa nə var,
Meydana yüyürsün çolma-çocuqlar.
Südlü çörəklərin ətri qovzanır,
Şirniyyat süfrədə, ocaqlar yanır.
Qırx günlük Çilləyə “sağol” deyibən,
Çıxmışam Səddənin pişvazına mən.
Gələn müsafirdən hey mədəd umub,
Bir munis yar kimi üstünüə cumub.
Qucaram mən onu, mehmanım olar,
Bu Kiçik çilləni sevməzmi insan?!
Səddədir Çərşənbə bəşarətçisi,
Səddədir Xıdırın tək müjdəçisi.
İndi unudubdur səni çoxları,
İndi insan dərdi, insan “ah” ları,
Çox şeyi kölgədə qoyub, deyəsən,
Başını çən-duman alıb, deyəsən.
O çən də, duman da gedər haçansa,
Kimlər ki Novruzun hikmətin dansa:
Zəlildən zəlildir, şikəstdən şikəst,
Onlara aşina olmağa dəyməz!
Novruzu səsləyən Çillə əzizdir,
Çün dışarıdakı qardan təmizdir.
Səddənin xeyiri, faydası, bumu?
Turan Uğurun könül albomu:
Açılır yarpaqtək Baharı öyür,
Qəlbimdə ürək yox, Günəş döyünür.