Azərbaycanda bəzi məmurların övladları hədəfdə – Araşdırma başlayır?


Son illər cəmiyyətdə tez-tez müzakirə olunan məsələlərdən biri hazırkı və sabiq yüksək vəzifəli məmurların övladlarının xarici ölkələrdə “uğurlu biznesmen” kimi ortaya çıxmasıdır. Bu fonda son olaraq Salyanın sabiq icra başçısı Tahir Xəlilovun oğlunun Rumıniyada biznes fəaliyyəti ilə bağlı yayılan məlumatlar diqqət çəkib. İctimaiyyət arasında belə nümunələrin tək-tək yox, sistemli xarakter daşıdığı bildirilir. Məsələn, Azərbaycan Mərkəzi Bankının (AMB) sabiq sədri Elman Rüstəmov, Baş nazirin birinci müavini Yaqub Eyyubov, sabiq nəqliyyat naziri Ziya Məmmədov, Baş nazirin sabiq birinci müavini Abbas Abbasov, Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov və digər tanınmış keçmiş məmurların övladları ilə bağlı da oxşar iddialar uzun illərdir gündəmdədir. Bu “uğurlu” biznesmen oğulların vəsaitlərinin, xaricə yatırdıqları milyardlarla investisiyanın mənbəyinin korrupsiyadan əldə edildiyi şübhələri var.

Hazırkı və sabiq məmurların övladlarının xaricdə “uğurlu” biznesmen olmaları aidiyyatı orqanlar tərəfindən araşdırılacaqmı?

Globalinfo.az-a danışan iqtisadçı, hüquqşünas Əkrəm Həsənov deyib ki, bu istiqamətdə araşdırma aparılması üçün yetərli hüquqi və institusional əsaslar mövcud deyil:

“Çünki Azərbaycanda korrupsiyaya qarşı sistemli mübarizə mövcud deyil. Məsələn, hər hansı şəxsin müəyyən yerdə biznesinin, mülkünün və ya digər əmlakının olduğu aşkar edilsə, aidiyyəti orqanlar ondan vəsaitin mənbəyi ilə bağlı effektiv şəkildə hesabat tələb edə bilməz. Şəxs bildirə bilər ki, həmin əmlak ona ailəsindən qalıb və bu iddianın yoxlanılması üçün real mexanizm yoxdur. Bu halda aidiyyəti qurumların ona deyəcəyi ciddi hüquqi arqument qalmır. Çünki Azərbaycanda məmurların gəlir və xərcləri ilə bağlı bəyannamə institutu mövcud deyil. Halbuki bu mexanizm bütün sivil ölkələrdə tətbiq olunur. Bizdə bu barədə qanun 2005-ci ildə qəbul edilsə də, icra edilmir. Belə ki, Nazirlər Kabineti indiyədək bəyannamə formasını təsdiqləməyib. Nəticədə məmurlar bəyannamə təqdim etmir və onların əmlakı ilə gəlirləri arasında uyğunsuzluqla bağlı suallar yaradıla bilmir”.

ekrem hesenov

Əkrəm Həsənov

Hüquqşünas bildirib ki, bu səbəbdən korrupsiya ilə bağlı araşdırmalar aparmaq mümkün olmur:

“Zaman-zaman ayrı-ayrı məmurların saxlanılması halları baş verir, lakin onların korrupsiyaya görə, yoxsa digər səbəblərlə məsuliyyətə cəlb edildiyi cəmiyyət üçün aydın olmur. Hər kəsə məlumdur ki, bir çox məmurların övladlarının biznes, əmlak vəziyyəti ilə bağlı suallar var, lakin qanunun icrası olmadığı üçün bu məsələlərlə bağlı araşdırma aparılmır”.


MANŞET XƏBƏRLƏRİ