Əkbər QOŞALI
Eynşteyn deyəndə ağlımıza ağlın ləyaqəti gəlir. Zəkanın məsuliyyəti, elmin vicdanı, bəşəriyyətin sabahına inamın bir adı Albert Eynşteyn (Albert Einstein (14.03.1879, Almaniya – 18.04.1955, ABŞ) sayıla bilər. Eynşteyn dühası atomu parçalayanda belə, insanlığı parçalamağı yox, onu cəhalətdən, geriçilikdən qurtarmağı düşünürdü. Zəka – mənəviyyatla əl-ələydi.
İndi isə dönəm Epşteyn adını “simvol”a çevirib: sərvətin qaranlıq tərəfi, gücün çirkli mexanizmləri, susdurulan həqiqətlər və s... Cefri Epşteyn (Jeffrey Edward Epstein; 20.01.1953, ABŞ – 10.08.2019, ABŞ) adında zəka yox, hiylə var; azadlıq yox, manipulyasiya; dəyər yox, bazar var. Bu ad çəkilincə insanın alətə çevrildiyini düşünmə haqqımız yaranır.
Bu iki ad iki şəxsi ifadə etməkdən daha çox, iki istiqaməti bildirir:
biri – düşüncənin işığı, digəri – gücün kölgəsi;
biri – sual verən ağıl, digəri – sualları satın alan sistem...
Dünya harada yanlış döndü?
Elm niyə etikadan ayrıldı?
Zəka niyə məsuliyyətdən qaçdı? – Suallar çox, suallar dərin…
Bəlkə də problem adlarda yox, prioritetlərdədir. Eynşteyn dönəmində ağıl insanı yüksəldirdi; Epşteyn dönəmində isə güc insanı alçaldır. Birincidə ideya mərkəzdə idi, ikincidə maraq... Birincidə insanlıq ölçü idi, ikincidə reytinq...
Dünyanın halı budurmu?.. Düha susdurulubmu və o üzdənmi hiylə meydan sulayıb?..
Bəs çıxış yolu haradadır? – Bəlkə, yenidən Eynşteynə qayıtmaq – yəni elmə vicdanı, gücə məsuliyyəti, zənginliyə mənanı qaytarmaq!?.
Gələcək hələ də seçim etməkdir. – Elə deyilmi?..


