İsrail hücumları xristian şəhərlərinə də yayılıb - Patriarx III Teofilos


Yerusəlim Yunan Pravoslav Kilsəsinin Patriarxı III Teofilos bildirib ki, Fələstin torpaqlarını işğal edən israillilərin son hücumları xristianların çoxluq təşkil etdiyi yaşayış məntəqələrinə də yayılıb.

Turkustan.az xəbər verir ki, Patriarx III Teofilos İsrailin işğal altındakı Qərb Şəriyəsində hücumlarını intensivləşdirdiyini və bu hücumların artıq xristian icmalarının yaşadığı əraziləri də əhatə etdiyini qeyd edib.

Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, Patriarx III Teofilos Qüdsdə xarici diplomatlarla görüş keçirib. Görüş zamanı Qəzza zolağı və Qərb Şəriyəsində baş verən son hadisələr ətrafında müzakirələr aparılıb.

Patriarx Qəzza zolağına etdiyi səfərə toxunaraq, İsrail hücumları nəticəsində yaranmış böyük dağıntıların aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin yenidənqurma prosesinə fəal şəkildə cəlb olunmasının vacibliyini vurğulayıb.

III Teofilos həmçinin İsrailin işğal altındakı Şərqi Qüdsdə tətbiq etdiyi hərəkət və ibadət azadlığı məhdudiyyətlərinə diqqət çəkərək, bu tədbirlərin xristianların dini fəaliyyətlərinə ciddi mənfi təsir göstərdiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ